Abbas Hüseynov şahidə tüpürdü, zaldan çıxarıldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-09-2016, 19:53 | Şərh sayı: (0) | Baxılıb: 348
Abbas Hüseynov şahidə tüpürdü, zaldan çıxarıldı
Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin məhkəmə prosesi davam etdirilib.
“Daş parçası əlimə dəydi”
Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda Sabunçu rayon Polis İdarəsinin Post-Patrul Xidmət Bölüyünün əməkdaşı Xəyyam Camalov şahid və zərərçəkmiş şəxs qismində ifadə verib. Onun sözlərinə görə, 2015-ci ilin 5 noyabrında onlara efir və telefon vasitəsi ilə xəbər verilib ki, bir qrup şəxs Sabunçu rayon Polis İdarəsinin qarşısında yığışaraq şüarlar səsləndirir: “Biz də oraya getdik. Onlar səs-küy salaraq asayişi pozub, “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımovun azadlığa buraxılmasını tələb edirdilər. Aksiya iştirakçıları daş və dəmir parçalarından istifadə edərək, polis əməkdaşlarına xəsarət yetiriblər. Hadisə vaxtı bir polis əməkdaşı alnından xəsarət alıb. Daş parçasının biri də mənim əlimə dəydi. Aksiya iştirakçıları 150 nəfərə qədər olardı” .
Vəkil Yalçın İmanov isə ondan 26 noyabrda Nardaranda baş vermiş hadisələrlə əlaqəsinin olub-olmamasını soruşub. Şahid həmin məsələdən xəbərinin olmadığını deyib. O, ifadə verən zaman prokuror İlkin Qafarov şahidə istiqamət verərək kömək edib. Bu da təqsirləndirilən şəxslərin narazılığına səbəb olub. Fuad Qəhrəmanlı hakimə iradını bildirərək deyib ki, yalnız təqsirləndirilən şəxslərə irad bildirirlər, lakin prokurorun şahidə kömək etməsinə göz yumurlar: “Əks halda prokurorunun dəyişdirilməsini tələb edəcəyik”. Hakim prokurora xəbərdarlıq edib.
Yalçın İmanov onun zərərçəkmiş şəxs kimi statusuna xitam verilməsi barədə vəsatət verib. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Şahid suala cavab verə bilmədi
Vəkil Yalçın İmanov vəsatət verərək 5 noyabr hadisələri ilə bağlı məhkəmə hökmünün alınmasını istəyib. Bildirib ki, əgər bu adamlar orada da zərərçəkmiş kimi tanınıbsa, adları hökmdə olacaq. Hakim bildirib ki, vəkillər özləri də sorğu verib məhkəmədən hökmü ala bilərlər.
Taleh Bağırzadə isə efir deyəndə nəyi nəzərdə tutduğunu şahiddən soruşub. Şahid suala cavab verə bilməyib. Taleh Bağırzadə bildirib ki, Elçin Qasımovla bağlı da telekanallarda təbliğat aparılıb və terrorçu olduğu bildirilib: “Lakin şahid ifadəsində deyir ki, oraya yığışanları başa salıb göndəriblər. Dünyanın heç yerində terrorçunu başa salıb göndərmirlər. Ora yığışanlarda silah da olmayıb və onlar terrorçu deyillər”.
Abbas Hüseynov ondan oraya yığışanların hansı şüarları səsləndirdiklərini soruşub. Şahid suala cavab verə bilməyib. A. Hüseynov şahidə töhmət verilməsini istəyib. Hakim belə səlahiyyətinin olmadığını deyib.
Daha sonra iclasda Sabunçu rayon Polis kiçik inspektoru Elnur Şərifov ifadə verib. O da oxşar ifadə verib. Fuad Qəhrəmanlı isə deyib ki, “Aminsty İnternational” təşkilatı onları siyasi məhbus kimi tanıyıb: “Bu, hökumətə mesajdır ki, insanları şərləməsinlər”.
Abbas Hüseynov şahidin üzünə tüpürüb
Təqsirləndirilən Zakir Mustafayev deyib ki, onu bir gün Sabunçu rayon Polis idarəsində saxlayıb işgəncə veriblər. Həmin vaxt Elnur Şərifov da orada olub: “O, məni təhqir edərək dedi: “Nardaranda nə gəzirdin? Başın bağlayıb min hoqqadan çıxan qadınlara görə getmişdin? Mənim üzərimə İranın bayrağını atıb deyirdilər, mən İrana işləyirəm”.
Bu da təqsirləndirilən şəxslər və onların yaxınları tərəfindən narazılıqla qarşılanıb.
Təqsirləndirilən şəxslərdən Abbas Hüseynov onun üzünə tüpürüb.
Prosesdə fasilə elan edilib. Fasilədən sonra hakim bildirib ki, A.Hüseynova dəfələrlə xəbərdarlıq edilsə də, o, şahidi təhqir edib. Hakim buna görə də onun iclasdan çıxarılmasına qərar verildiyini söyləyib. A.Hüseynov isə qaydaları qarşı tərəfin pozduğunu deyib: “Siz şahidə yol göstərirsiniz. Prokuror vəzifəsindən sui-istifadə edib şahidə kömək edir. Bunu siz də görürsünz və heç nə etmirsiniz. Mən tüpürmüşəm. Bir insanın qeyrətinə söz deyilirsə, o adam susmamalıdır. Bütün hicablı qadınlar mənim anam-bacımdır. O, belə alçaq hərəkətə layiqdir”.
Taleh Bağırzadə də prokurorun şahidlərə kömək etdiyini deyib: “Biz boş yerə yox, zülmə qarşı çıxdığımızdan burdayıq. Qeyrət bizim üçün ölüm bahasınadır. Ölərik, onu vermərik. Nə edək, biz də onun anasını, bacısını söyək? Abbas tüpürüb, elə bilin, hamımız tüpürmüşük. Adamlar qeyrətə görə qətl törədir. Əgər Abbası çıxartsanız, hamımız gedəcəyik. Vəkillərdən imtina edəcəyik. Əgər bizə aşağıda bir çırtma vurulsa, məsuliyyəti sizindir”.
Hakim isə məhkəmədə heç kimə işgəncə verilmədiyini deyib.
Dözüb gözləyiriksə, bu, bizim güzəştimizdir
Fuad Qəhrəmanlı isə işin siyasi məhkəmə olduğunu deyib: “Bu adamlar siyasi məsələyə görə buradadırlar. Hüquqla bu adamlar burada olmamalıdır. Təklif edirəm, atı daşlığa sürməyək. Əksi bizə daha çox sərf edir. Hakimiyyət də istəyir ki, bu tamaşa uğurla başa çatsın. Biz də bilirik ki, bu, məhkəmə deyil. Dözüb gözləyiriksə, bu, bizim güzəştimizdir”.
Hakim isə bunun F. Qəhrəmanlın şəxsi fikirləri olduğunu bildirib və A. Hüseynov zaldan çıxarılıb.
Fuad Qəhrəmanlı buna görə iclasda iştirakdan və vəkillərdən imtina etdiklərini deyib. Hakim isə məhkəmə qarşısında şərt qoymağa icazə verilmədiyini diqqətə çatdırıb: “Hər şey qanunla olmalıdır”.
Vəkilər isə iclasın təxirə salınmasını istəyiblər. Bildirblər ki, şahidlərin əksəriyyəti Abbas hüseynovla bağlı ifadə verdikləri üçün o, da iclasda iştirak etməlidir. Hakim iclasın sentyabrın 23-nə təxirə salındığını, həmin gün onun iştirakı məsələsinin müzakirə ediləcəyini deyib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər