Azərbaycan pensiyaçıları yol süpürür, xaricilər isə dünya turuna çıxır... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 14:53 | Şərh sayı: (0) | Baxılıb: 252
Azərbaycan pensiyaçıları yol süpürür, xaricilər isə dünya turuna çıxır...
İqtisadçı ekspert bu təzadın köklü səbəblərindən danışır
Soyuq havada yol süpürən, zibil daşıyan, araba sürən yaşlı insanlara tez-tez rast gəlirik. Çoxlarımız soyuqdan üşüyərək, bəlkə də utanaraq üz-gözünü örpəklərinin altında gizlədən bu yaşlı insanların yanından dəfələrlə etinasız keçmişik. Ahıl yaşlarında onları bu cür çətin əməyə məcbur edən isə təbii ki, dolanışıqdır.
Acı gerçək belədir ki, Azərbaycanda pensiyalar əksərən kommunal xərcləri belə ödəmək iqtidarında olmur. Buna görə də pensiyaçı yaşlı insanlar qeyri-leqal əmək sahələrində çalışmağa məcbur olurlar. O üzdən Azərbaycanda qocalar qocalıqlarını istirahət içində deyil, min bir əziyyətlə çalışaraq, pul qazanmaqla keçirirlər.
Bizdən fərqli olaraq xarici ölkələrdə insanlar pensiyaya çıxacaqları günü səbirsizliklə gözləyirlər. 2150 dollar pensiya alan norveçli də, 1900 dollar alan fin də, 1200 dollar alan amerikalı da, 1290 dollar pensiya alan alman da pensiyaya çıxdıqdan sonra çox yüksək səviyyədə yaşayır. Onları hansısa maddi problem düşündürmür. Çünki dövlətin təyin etdiyi pensiya qocalıqlarını rahat şəkildə keçirməsini təmin edir. Onlar turist kimi dünyanı səyahətə də məhz pensiya pulları sayəsində çıxa bilirlər.
Bəs nə etməli ki, Azərbaycan pensiyaçıları da əcnəbi pensiyaçılar kimi qocalıqlarını heç bir maddi sıxıntı çəkmədən rahat yaşasınlar? İqtisadçı ekspert Rəşad Həsənov bunun ən ciddi sosial problemlərdən biri olduğunu dedi: “O baxımdan ki, vətəndaşlar pensiyaya çıxdığı dövrdə, sadəcə, yaşa görə pensiya almaqla yaşayışını təmin edə bilmir. Çünki onun həcmi az olur. Belə olan təqdirdə isə məcburdurlar ki, alternativ yollara əl atsınlar, iş axtarsınlar. Burada köklü problemlər var. Birincisi, qeyri-leqal əmək bazarı çox geniş yayılıb. İkincisi, bir çox hallarda əmək fəaliyyəti olan insanlar belə, onların əmək müqavilələrində əmək haqları normal göstərilmədiyi və ya azaldığı üçün onlara pensiya az düşür. Ən böyük problem isə Azərbaycanda pensiya təminatının zəifliyidir. Vətəndaşların baza pensiyası 100 manat, əməyə görə əlavələr gəlməklə isə orta hesabla 150-200 manatdır. Bu məbləğ də kommunal xərcləri belə ödəmək iqtidarında deyil. Bu baxımdan təminatsızlıq sosial problemin yaranmasının əsas səbəblərindən biridir. Bundan başqa, insanlar işlədiyi dövrdə yüksək həyat tərzi, gələcəkləri üçün bir həyat formalaşdıra bilmirlər. Bu səbəbdən də yaşlandıqları dövrdə, sadəcə, pensiyalarla öz həyat tərzlərini davam etdirə bilmirlər. Digər səbəb odur ki, bizdə əmək qabiliyyəti yerində olan insanların öz gələcəyi üçün daha sağlam təminat formalaşdırmaq imkanları məhduddur. Pensiya fondları olmadığı üçün insanlar öz gələcəkləri üçün hansısa yatırım edə bilmirlər. Pensiya sisteminə inam zəifdir. Bu inamsızlığa görə də insanlar əmək qabiliyyəti yerində olduğu, işlədiyi zaman öz gələcəkləri üçün ayırmaların edilməsində tələbkar olmur. Yaxud əmək bazarında o qədər ciddi rəqabət olur ki, vətəndaş iş verən qarşısında ”mənim mütləq əmək müqaviləm olmalıdır, əmək müqaviləmdə gəlirlərim tam göstərilməlidir" kimi rəsmi tələblər ortaya qoya bilmir. Son nəticədə də problem yaranır. Ümumiyyətlə götürəndə həyat tərzinin aşağı səviyyədə olması, eyni zamanda pensiya təminatının zəifliyindən, yoxsulluqdan irəli gələn amillərdir. Gənc nəsil də çox çətinliklərlə ayaqda qalıb yaşadığı üçün yaşlanmış valideynlərinə hansısa formada maliyyə dəstəyi göstərə bilmir. Buna görə də ortaya bu cür mənzərələr çıxır".
Ekspert bu istiqamətdə kompleks addımların atılmalı olduğunu, eyni zamanda sosial xərclərin artırılmasının vacibliyini vurğuladı: “Bu istiqamətdə kompleks addımlar atılmalıdır. Təbii ki, bütövlükdə yükü hökumətin üzərinə qoymaq doğru deyil. Amma hökumət də minimum əməkhaqqı, pensiyanın baza haqqı, istehlak səbəti hesablanarkən real davranmalıdır. Yəni bugünkü göstəricilərə diqqət edərkən bir çox suallar ortaya çıxır ki, bu göstəricini, bu rəqəmləri ortaya çıxardan insanlara bu rəqəmlərin 2-3 dəfə artığını versək, bir ay ərzində dolana bilərmi? Bu sahədə hökumət sosial yükü artırmalıdır. Dövlət büdcəsi 15,17, 20 milyard, sosial xərclər isə 4-5 milyard olur. Yəni 20-25 faizdən yuxarı olmur. Sosial xərclərin artımı vətəndaşların həyat tərzinə, rifahına, pensiya təminatına yönəlməlidir. Absurd rəqəmlərlə hesablamalar aparıb göstəricilər ortaya qoymaq olmaz. Şəffaflıq təmin edilməlidir. Vətəndaşın həyat tərzinə real yanaşmaq lazımdır. Əmək bazarı ilə bağlı da ciddi addımlar atılmalıdır. Qeyri-leqal əmək bazarının özü dövlət büdcəsini çox ciddi gəlirlərdən, vergilərdən məhrum edir. Digər tərəfdən isə vətəndaşların təminatsızlığına gətirib çıxarır. Ümumi götürəndə hökumət əsas diqqəti xüsusi sosial qrupların rifahının gücləndirilməsinə yönəltməlidir”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər