Ermənilər Qurgeni yenə məzardan çıxarır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-02-2016, 12:38 | Şərh sayı: (0) | Baxılıb: 267
Ermənilər Qurgeni yenə məzardan çıxarır
Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərov işi ilə bağlı qərarı necə olacaq?
Avropa İnsan Haqları Məhkəməsində Ramil Səfərovun Azərbaycana ekstradisiyası və ölkə başçısı tərəfindən əfv edilməsi məsələsinə baxılacaq. Belə ki, Avropa İnsan Haqları Məhkəməsi həm Azərbaycanı, həm də Macarıstanı azərbaycanlı zabit Ramil Səfərovun qətlə yetirdiyi Ermənistan hərbçisi Qurgen Marqaryanın işi üzrə cavabdeh kimi tanıyıb.
Marqaryanın qohumlarının hüquqlarını Avropa İnsan Haqları Vəkil Mərkəzi, Ermənistanın «Legal Guide» ictimai təşkilatı və vəkil Nazeli Vardanyan təmsil edir. Margaryanın qohumları həmçinin hərbçinin qətlini “milli nifrət zəminində törədilmiş cinayət” adlandırıblar.
“Yeni Müsavat”ın suallarını cavablandıran hüquqşünas Müzəffər Baxış Ramil Səfərovun Azərbaycana ekstradisiyasının tam qanuni olduğunu və bunun əleyhinə qərar çıxarılmayacağını bildirib: “Ramil Səfərov Macarıstanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və cəzasını da orada çəkib. Avropa Komissiyasının məhkum edilmiş şəxslərin ekstradisiyası haqqında konvensiyası var və həmin konvensiyaya əsasən Azərbaycan dövləti Macarıstan dövlətinə müraciət edib. Təbii ki, burada Azərbaycan özünün həm hüquqi imkanlarından, həm də dünyada yaranan siyasi vəziyyətdən, dövlətlərlə münasibətlərindən də istifadə etdi. Tam qanunauyğun şəkildə Ramil Səfərovun cəzasını çəkmək üçün Azərbaycana ekstradisiya olunması barədə Macarıstanda qərar qəbul edildi. Bundan sonra məhz Ramil Səfərov Azərbaycana daxil olduqdan sonra Azərbaycan Respublikasının Prezidenti tam qanunauyğun şəkildə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə, o cümlədən Cinayət Məcəlləsinin 82 -ci maddəsinə uyğun olaraq prezident səlahiyyətlərindən istifadə edərək Ramil Səfərovun əfv edilməsi barədə qərar qəbul etdi. Mən düşünürəm ki, bu qərar həm Konstitusiyanın, həm də Cinayət Məcəlləsinin tələblərinə tam uyğun bir qərar idi”.
M. Baxışovun sözlərinə görə, bəzi hüquqşünaslar Ramil Səfərovun əfv edilməsini qanunsuz adlandırsalar da, onların hüquqi əsasları yanlışdır: “Özlərini hüquqşünas adlandıran bəzi şəxslər o zaman belə şərh edirdilər ki, guya Ramil Səfərovun əfv edilməsi qanunsuz olub. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 82.3-cü maddəsinə istinad edirdilər və həmin maddədə göstərilir ki, ömürlük azadlıqdan məhrumetmə cəzası, əfv edildikdə 25 ildən çox olmayaraq, azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Onlar buna istinad edirdilər və belə şərh edirdilər ki, Ramil Səfərovu prezident əfv edə bilməz. Halbuki bu maddənin məzmunu başqa nüansı izah edir. Bu maddə belə bir qaydanı izah edir ki, əgər ömürlük azadlıqdan məhrumetmə cəzası müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz ediləcəksə, o, 25 ildən çox olmayan müddətə əvəz edilə bilməz. Lakin Cinayət Məcəlləsində ömürlük azadlıqdan məhrumetmə cəzasının əfv edilməsini qadağan edən hər hansı norma yoxdur. Azərbaycan Respublikasının Prezidenti Konstitusiyasının 109-cu maddəsini, o cümlədən Cinayət Məcəlləsinin 82 -ci maddəsini rəhbər tutaraq Ramil Səfərovu azad etdi”.
Ermənilərin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətinə gəlincə, ekspert bildirdi ki, bu müraciəti rəhbər tutaraq beynəlxalq məhkəmə prezidentin əfvinə qarşı heç bir qərar qəbul edə bilməz: “Mən bilmirəm ki, Avropa İnsan Hüquqları Məhkəməsi bu müraciəti öz icraatına götürər, ya yox. Amma qəbul etsə də, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan prezidentinin Ramil Səfərovu əfv etməsi il bağlı heç bir qərar qəbul edə, bu qərarın ləğvi ilə bağlı heç bir göstəriş verə bilməz”.
Xatırladaq ki, 2004-cü ilin fevralında Budapeştdə NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində ingilis dili kursları təşkil edilib. Kursa Azərbaycan və Ermənistan zabitləri də qatılıblar. Ramil Səfərov erməni zabitini elə həmin kursda oxuyarkən qətlə yetirib. O, belə addıma əl atmasını Margaryanın Azərbaycan bayrağını təhqir etməsi ilə əsaslandırıb. 2006-cı ilin aprelində Budapeşt məhkəməsinin qərarı ilə Ramil Səfərova 30 il əfv edilməmək şərti ilə, ömürlük həbs cəzası verilib.
2012-ci il avqustun 31-də o, Azərbaycana təhvil verilib və İlham Əliyev Ramil Səfərovun dərhal əfv edilməsinə dair sərəncam imzalayıb. Bundan sonra Ermənistan Macarıstanla diplomatik əlaqələri kəsib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər