Şagirdləri döyən müəllimləri hansı cəzalar gözləyir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-01-2016, 14:31 | Şərh sayı: (0) | Baxılıb: 206
Şagirdləri döyən müəllimləri hansı cəzalar gözləyir?
Son bir ayda iki orta məktəbdə müəllimlərin şagirdi döyməsi faktı qeydə alınıb. Hər iki hadisə ilə bağlı araşdırmalar aparılıb, müəllimlərdən biri işdən azad olunub, digəri töhmət alıb.
"Report" şagirdlərə qarşı zor tətbiq edən müəllimlərə qanunvericiliklə hansı cəza verilə biləcəyini araşdırıb.
Vəkil Kamandar Nəsibov bildirib ki, döyülmə hadisəsi ilə bağlı həmin şəxslər həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində nəzərdə tutulan müvafiq maddələrlə məsuliyyətə cəlb edilməlidir: "Əgər döyülmə faktında ekspertiza rəyinə əsasən şagirdə heç bir xəsarət yetirilməyibsə, İnzibati Xətalar Məcəlləsinin 38-1-ci (döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Maddəyə əsasən, həmin şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Lakin ekspertizada göstərlidiyi kimi xəsarət varsa, xəsarətin dərəcəsi müəyyən olunubsa, həmin vaxt Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma), 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə cinayət işi açılmalıdır. Cinayət Məcəlləsinin həmin maddələrinə əsasən, təqsirləndirilən şəxslər (126-cı maddə) üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə, (127-ci maddə) iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə və (128-ci maddə) üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər".
Qeyd edək ki, son bir ayda iki məktəbdə - Sumqayıt şəhəri 22 saylı məktəbdə və Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə müəllimlərin şagirdi döyməsi faktı ilə bağlı sosial şəbəkələrdə videolar yayılıb. Təhsil Nazirliyi hadisəni araşdırdıqdan sonra "Təhsil haqqında" qanunun və "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq edən, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verdiyinə görə Sumqayıt şəhəri 22 saylı məktəbin tarix müəllimi İdris Hüseynovun işdən çıxarılması barədə qərar qəbul etmişdi.
Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbdə baş verən hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsində məktəbin direktoru Həcər İbrahimova və ibtidai sinif müəllimi Sevda Rüstəmovanın iştirakı ilə araşdırılıb. Direktora xəbərdarlıq edilib, müəllimə isə töhmət verilib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər