SOCAR-ın 20 milyonluq villalarla bağlı araşdırması bitdi |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 10:28 | Şərh sayı: (0) | Baxılıb: 297
SOCAR-ın 20 milyonluq villalarla bağlı araşdırması bitdi
“Bu kimi halların ictimaiyyət arasında bilərəkdən çaşqınlıq yaratmaq məqsədi daşıdığını, onun işgüzar nüfuzuna məqsədli şəkildə zərər vurmaq niyyəti ilə edildiyini bildiririk”
Dövlət Neft Şirkəti (SOCAR) Qiymət Mehdiyev barədə KİV-də yayılan məlumatların araşdırılmasına dair bəyanat yayıb.
SOCAR-dan musavat.com-a daxil olan bəyanatda deyilir ki, KİV-də SOCAR-ın Baş ofisinin Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyevin həyat yoldaşı K.Mehdiyevanın Türkiyənin Bodrum şəhərinin Gökçebel məhəlləsində dəyəri 20 milyon ABŞ dolları təşkil edən 16 ədəd villanın mülkiyyətçisi kimi təqdim edilməsi barədə yayılan məlumatlar SOCAR-ın Risklərin İdarəedilməsi Komitəsi (Komitə) tərəfindən araşdırılıb və “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Korrupsiya ilə mübarizə və şəffaflığın artırılması” üzrə standartlarının tələblərinə uyğun qaydada müvafiq qərar qəbul edilib: “Komitənin qərarına əsasən, SOCAR-ın Biznes Etika Məcəlləsinin şirkətin əməkdaşları üçün müəyyən etdiyi hər hansı normasının pozulması halları aşkar edilməyib. Komitə KİV-də yayılmış bu cür məlumatların SOCAR-ın fəaliyyəti ilə heç bir əlaqəsi olmadığını, bu məsələ ilə əlaqədar bəzi KİV-in hüquq qaydalarını və jurnalistika prinsiplərini gözləmədən, yoxlanılmadan mütəmadi olaraq əsassız məlumatlar yayımlamasını qeyd edib və bu halları SOCAR-ın fəaliyyəti ilə bağlamaq cəhdlərini şirkətin işgüzar nüfuzuna, yerli və beynəlxalq layihələrin reallaşdırılmasına mənfi təsir göstərə biləcək risk kimi qiymətləndirib. Komitə eyni zamanda belə hallarda SOCAR tərəfindən müvafiq hüquqi addımlar atılmasının zəruriliyini qeyd edib.
Risklərin İdarəedilməsi Komitəsinin qərarını nəzərə alaraq SOCAR, bəzi KİV-də öz işgüzar nüfuzuna qarşı yönəlmiş bu məlumatların müəlliflərini, eləcə də KİV-i bu sahədə mövcud qanunvericiliyin tələblərini və jurnalistika etikasını pozmamağa, əsassız və yoxlanılmamış məlumatları yaymamağa, xüsusilə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş anlayışları səhv tövsif etməklə ictimaiyyətdə yanlış təsəvvürün yaradılmasına gətirib çıxaran hərəkətlərə yol verməməyə çağırır. Belə ki, Qiymət Mehdiyevin “dövlət məmuru” anlayışının altına salınması, onun dövlət orqanında çalışması haqqında yanlış təsəvvür yaradılması, aldığı əmlakın dəyərinin bilərəkdən 300 dəfə artırılaraq ictimaiyyətə çatdırılması, əldə etdiyi gəlirlərin isə qeyri-sağlam təhlili bu şəxsin özünü və ailəsini qanuni mənafeləri nəzərə alınmadan ictimaiyyətin gözündən salmağa yönəldilmiş cəhdlərdir.
SOCAR beynəlxalq neft şirkəti olmaqla Azərbaycanın maraqlarını ölkə hüdudlarından kənarda təmsil edir, bunun üçün partnyor şirkətlərlə zəruri əməkdaşlıqlar qurur. Yuxarıda qeyd edilən yanlış məlumatın eyni zamanda SOCAR ilə əlaqələndirilərək ictimaiyyətə təqdim edilməsi təəssüf doğuran haldır və bu hal SOCAR-ın işgüzar nüfuzuna xələl gətirir. Belə hallar SOCAR-ı işgüzar nüfuzunun müdafiəsi üçün əsassız, yoxlanılmamış və böhtan xarakterli məlumatlar yayan xarici və yerli KİV-ə qarşı zəruri hüquqi tədbirlər görmək hüququndan istifadə etməyə məcbur edir. SOCAR bu kimi halların ictimaiyyət arasında bilərəkdən çaşqınlıq yaratmaq məqsədi daşıdığını, onun işgüzar nüfuzuna məqsədli şəkildə zərər vurmaq niyyəti ilə edildiyini və belə məsələlərdə ictimaiyyətdə ədalətli mövqe formalaşdırılması üçün istənilən mətbuat orqanı ilə əməkdaşlığa hazır olduğunu bildirir".
Məlumatı ilk yayan virtualaz.org saytının rəhbəri Eynulla Fətullayev isə daha öncə bizə açıqlamasında bildirmişdi ki, araşdırmanın nəticəsi açıqlanandan sonra bu mövzu ilə bağlı bundan sonra atacaqları addımları müəyyənləşdirəcəklər: “Qiymət Mehdiyev müsahibəsində qeyd etdi ki, həmin sənədləri təqdim edən ailə dostlarıdır. Aydın məsələdir ki, biz necə əldə edə bilərdik? Üstəlik, ailə dostlarıdırsa, onun həyat yoldaşını da tanıyırlar və yanlışlığa yol verməzlər... Biz yazıda da qeyd etmişdik ki, həmin sənədlərin üzə çıxarılması bir qisas əməliyyatının nəticəsidir. Türklər bildiriblər ki, Azərbaycan tərəfi öhdəliyi pozub. Bizə bunu bildirdilər. Jurnalistin işi öz işini vicdanla görməkdir”.
E.Fətullayev bu araşdırma çərçivəsində qarşı tərəfin mövqeyini niyə öyrənmədiklərini də açıqlamışdı. Onun bildirdiyinə görə, qarşı tərəfin fikrini öyrənməyə cəhd etsələr, şantajda ittiham olunacaqlarını bilirlər: “Bilirəm ki, müəyyən mənada jurnalistika prinsiplərini pozmuşam. Ona görə də qərara gəldim ki, sadəcə sənədləri yayım. Bu insan etiraf edir ki, bu evin birini alıb. Hətta deyir ki, normal ailə ala bilər. Mən şəxsən özümü normal ailənin üzvü hesab edirəm. Amma bizim Bodrumda villamız yoxdur. Biz hələlik rəsmi mövqe gözləyirik.
SOCAR bəyan etmişdi ki, araşdıracaqlar. Mən düşünürəm ki, biz bunun nəticəsini gözləməliyik. Əlbəttə ki, burdan Bodruma səfər edib, yerində araşdırmaq böyük zəhmət tələb etmir. Amma öncə SOCAR öz mövqeyini bildirsin. Hüquq-mühafizə orqanları sözünü deyəcək. Ondan sonra yenidən bu mövzuya qayıtmaq olar. Qiymət Mehdiyev özünü təkzib edir. Bir tərəfdən deyir ki, bu ev onun həyat yoldaşı tərəfindən alınıb. Digər tərəfdən deyir ki, fotodakı xanım həyat yoldaşı deyil. Məntiqi ardıcıllığın pozulduğunu oxucu da görür”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər