Sahibkar Mingəçevirin icra başçısını 33 min manat cərimələtdirib... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 09:37 | Şərh sayı: (0) | Baxılıb: 215
Sahibkar Mingəçevirin icra başçısını 33 min manat cərimələtdirib...
Niyazi Bayramov kompensasiyanı ödəməkdən yayınır; şəhid qardaşı ölkə başçısına müraciət etdi; YAP-ın təşkilat sədrinin satdığı torpağı icra başçısı nə üçün geri alıb?
Azad Abdulov: “İcra başcısı dedi ki, büdcədə pul yoxdur, olanda verərik...”
İcra başçısının müavini: “Məhkəmə düzgün qərar çıxarmayıb”
Mingəçevir şəhər sakini, ehtiyatda olan zabit, Qarabağ qazisi, şəhid qardaşı Abdulov Azad Əhəd oğlu “Yeni Müsavat”dan kömək istəyib. Sahibkar bildirib ki, Mingəçevirin icra başçısı Niyazi Bayramov ona məxsus ticarət obyektini sökdürüb və məhkəmənin təyin etdiyi 33 min manat kompensasiyanı ödəmir.
Qarabağ qazisi başına gələnləri belə nəql etdi: “2012-ci ilin fevral ayında Mingəçevir şəhər bələdiyyəsinin sədri, hazırda Yeni Azərbaycan Partiyasının Mingəçevir təşkilatının sədri olan Cavanşir Yusubovdan icra başçısının 20 illik müqaviləsi ilə, şəhərin “Sahil parkı”nda 15000 ABŞ dollarına 72 kvadrat metr torpaq sahəsi aldım. Həmin ərazidə ticarət obyekti tikməyə başladım. Lakin 2012-ci ilin aprel ayında Mingəçevirin icra başçısı dəyişdirildikdən sonra, yeni icra başçısı Niyazi Bayramov qanunsuz olaraq obyektimi sökdürdü. Bununla bağlı məhkəməyə müraciət etdim. Şəki İnzibati İqtisad və Şəki Apellyasiya Məhkəmələri 2013 -ildə tikintiyə çəkilən xərcə görə mənə 33 min manat kompensasiya verilməsi barədə qərar çıxardılar. Qərarı icra başçısı üç ildir yerinə yetirmir. Müraciət etmədiyim qurum qalmayıb”.
Şikayətçi qəzetimiz vasitəsilə ölkə başçısına müraciət etdi: “Sizdən xahiş edirəm ki, müraciətimi qəzetiniz və saytınızda dərc edəsiniz. Son ümidim yalnız sizsiniz. Bəlkə köməyiniz nəticəsində Mingəçevirin icra başçısı Niyazi Bayramovun qanunsuzluğunun qarşısı alınar. Onun özbaşınalığı ilə bağlı cənab prezidentə müraciət edirəm. Ticarət obyektim icra başçısı Niyazi Bayramov tərəfindən qeyri-qanuni yolla sökülüb. Cənab prezident, üç ildir Niyazi Bayramov tərəfindən haqsızlığa məruz qalıram. Bütün aidiyyatı qurumlara məktub yazdım. Amma yazdıqlarıma yalnız icra başcısı cavab verdi ki, büdcədə pul yoxdur, olanda verərik”.
Şəhid qardaşı ədliyyə nazirinin qəbulunda olduğunu da qeyd etdi: “2015-ci ilin sentyabr ayında Mingəçevir şəhərində ədliyyə nazirinin qəbulunda oldum. Onun yanında icra başçısının müraciətini oxudular. Müraciətdə göstərilirdi ki, 2015 –ci ilin noyabr, dekabr ayında kompensasiya tam şəkildə ödəniləcək. Lakin əfsuslar olsun ki, naziri aldatdılar”.
Səslənən iddialarla bağlı Mingəçevir Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrəndik. İcra başçısının müavini Əli Qəniyev Qarabağ qazisinin obyektinin söküldüyünü təsdiqlədi: “O, Qarabağ qazisi deyil. Özünü qazi kimi təqdim etməsinin səbəbini bilmirəm. Orta məktəbdə idman müəllimidir. Onun obyekti həqiqətən də sökülüb. Çünki qanunsuz idi. Bələdiyyəyə məxsus ərazi idi. İcra hakimiyyəti qərarı ləğv edib. Məhkəmənin sökülən obyektə görə elə qərar çıxarması da doğrudur. Bizə bu barədə məlumat daxil olub. Hüquqşünasımız buna aydınlıq gətirib. Həmin yeri bələdiyyə sədrindən alıb. Bələdiyyə sədri göz yumub ki, icra hakimiyyəti tikintiyə icazə versin. Çox dolaşıq məsələdir. Məhkəməyə cavab vermişik. Əslinə qalsa, məhkəmə düzgün qərar çıxarmayıb. Çünki bələdiyyə torpağı barədə icra hakimiyyəti sərəncam verə bilməz. Burada faktiki olaraq, əvvəlki icra başçısı Mübariz Ağayev bələdiyyəyə həmin ərazini satmağa icazə verib. O da buna uyğun olaraq, həmin ərazini satıb. Sonrakı icra başçısı qərarın qanunsuz olduğunu görüb və ləğv edib. Bələdiyyə sədrinin YAP-ın sədri olması faktı da doğrudur. Cavanşir Yusubovun bələdiyyə sədri olduğu vaxtda verilən torpaqdır”.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər