Dövlət qurumları avtomobillərini “NAZ Lifan” ilə dəyişəcəklər? - Sorğu |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 30-01-2016, 09:34 | Şərh sayı: (0) | Baxılıb: 321
Dövlət qurumları avtomobillərini “NAZ Lifan” ilə dəyişəcəklər? - Sorğu
Bu günlərdə keçirilən hökumətin müşavirəsində, prezident İlham Əliyev məmurlara, Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "NAZ Lifan" avtomobillərini almağı tövsiyə edib. Ölkə başçısı bildirib ki, bu avtomobillər heç də xarici maşınlardan bir o qədər də fərqlənmir.
Prezidentin bu tövsiyəsinə dövlət qurumları necə əməl edirlər?
İlk olaraq qeyd edək ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Əhəd Abıyev bildirib ki, o, hələ prezidentin çıxışından iki ay öncə Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “NAZ Lifan” avtomobili alıb.
Məsələ ilə bağlı musavat.com-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev deyib: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin bütün tapşırıq və tövsiyələrinin icrasının tam təmin olunması üçün zəruri tədbirlər həyata keçirilir.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatında xidməti avtomobillərin sayı çox deyil və nazirliyin rəhbər şəxslərinə aid cəmi 6 ədəd xidməti avtomobil vardır.
Diqqətinizə çatdırırıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan Avtomobil Zavodu tərəfindən istehsal olunan “Naz-LİFAN” markalı minik avtomobillərinin son 2 il ərzində kütləvi şəkildə istifadəyə yayılması sahəsində mühüm rol oynayan bir qurum olmuşdur və bu proses davam etdiriləcəkdir.
Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, müharibə əlillərinin dövlət büdcəsi hesabına minik avtobilləri ilə təminatı üçün məhz Naxçıvan Avtomobil Zavodundan “Naz-LİFAN” markalı minik avtomobilləri alınmışdır.
Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli Sərəncamlarına əsasən, son iki il ərzində Naxçıvan Avtomobil Zavodundan 1933 ədəd “Naz-LİFAN” markalı minik avtomobili alınaraq növbədə dayanan müharibə əlillərinin istifadəsinə verilib. Digər mal növləri üzrə alışlar üçün satınalmalar keçirilərkən də yerli mallara üstünlük veriləcəkdir. Qarşıdakı dövrdə bu istiqamətdə tədbirlər davam etdiriləcəkdir".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirib ki, cənab prezidentin vurğuladığı hər bir məqam önəm kəsb edir:
“Bizim işimizin xüsusiyyətinə görə nazirliyin idarələri meşə, hidrometeorologiya, geologiya və digər avtomobil təhkim olunan qurumlarımıza indiyə kimi UAZ və “Niva” markalı avtomobillər alınıb. Ona görə ki, onların işi dağlıq ərazilərdə, meşələrdə və digər keçilməz yerlərdədir. Nazirə isə maşın hökumət tərəfindən verilir.
Bundan sonra zərurət yaranacağı halda yerli istehsal olan avtomobillərdən istifadə olunacaq. Cənab prezidentin sözü bizim üçün qanundur”.
Təhsil Nazirliyinin mətbuat xidmətindən isə məsələ ilə bağlı bildirilib:
“Dövlət qurumlarına xidməti avtomobillərin verilməsi mərkəzləşdirilmiş qaydada və müvafiq bölgü əsasında həyata keçirilir”.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirib ki, prezidentin müşavirədə verdiyi tövsiyə onlar üçün də önəm daşıyır:
“Şuranın istifadəsində cəmi bir xidməti maşın var. Bu "Nissan" markalı avtomobildir. Şura katibliyinin onsuz da xidməti maşına ehtiyacı var. Ona görə yeni avtomobil alacağımız halda, şübhəsiz ki, bu yerli istehsalımız olan “NAZ Lifan” avtomobili olacaq. Əməkdaşlarımız artıq bu avtomobillin modelləri ilə maraqlanıb və bu məsələ ilə bağlı müvafiq qərarın qəbul olunacağı gözləniləndir”.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev isə bildirib ki, Bakı Metropolitendə xidməti avtomobillər tez-tez dəyişdirilmir:
“Bizdə vəziyyət başqa qurumlardan bir az fərqlidir. Belə ki, Bakı Metropolitendə xidməti avtomobillər tez-tez dəyişdirilmir. Məhdud sayda xidməti avtomobillər var. Əslində elə çox ehtiyacımız da yaranmır. Metropoliten işçilərinin böyük əksəriyyəti əsasən metrodan istifadə edir. Buna baxmayaraq, cənab prezidentin tövsiyəsinə uyğun olaraq gələcəkdə yarana biləcək avtomobil ehtiyacı zamanı yerli məhsula üstünlük veriləcək. Onu da qeyd edim ki, biz əsasən yerli məhsullara üstünlük veririk. Metroda istifadə olunan avadanlıqların ehtiyat hissələri, işçilərin geyimləri və sair məhsulların burada istehsalı varsa ondan istifadə edirik. Hətta biz, əvvəllər qatarlarımızı əsaslı təmir üçün Tbilisiyə göndərirdiksə, artıq özümüzdə yaratdığımız təmir sexində bu işi həyata keçiririk”.
Mövzu ilə bağlı "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri
Anar Nəcəfli isə aşağıdakıları bildirib:
“Ölkəmizdə yol texnikası istehsal olunmadığı üçün biz onu xaricdən alırıq. Yaxın günlərdə Gəncə avtomobil zavodu ilə danışıqlar aparacağıq. Yol üçün nəzərdə tutulmuş xüsusi təyinatlı texnikalar istehsal olunursa və ya oluna bilinərsə, onlarla bu istiqamətdə müqavilə imzalanacaq. Bundan başqa, xidməti minik avtomobillərinin alınması üçün də Naxçıvan Avtomobil Zavodu ilə danışıqlar aparılacaq”.
İctimaiyyətdə Dövlət Yol Polisi inspektorlarının da “Lifan" avtomobili sürməli olduqları ilə bağlı müxtəlif çağırışlar edildi. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov musavat.com-a bildirdi ki, bu barədə hələ ki, müzakirə aparılmır. Yayılan məlumatlar isə sadəcə olaraq ekspertlərin fikirləridir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər