Ölkə böyük borclanmaya gedir - 4 milyard dollar... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-01-2016, 20:19 | Şərh sayı: (0) | Baxılıb: 279
Ölkə böyük borclanmaya gedir - 4 milyard dollar...
Bakıda Beynəlxalq Valyuta Fondu və Dünya Bankının nümayəndələri ilə danışıqlar başlayıb; ekspertlər bildirirlər ki, borcun artması gələcəyimiz üçün təhlükədir
Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) ilə 4 milyard dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır. Bu məsələnin müzakirəsi üçün BVF nümayəndələri artıq Bakıdadır. “Reuters” agentliyi isə öz mənbələrinə istinadən xəbər verir ki, Azərbaycan hökuməti BVF-dən 3 mlrd. dollar, DB-dən 1 mlrd. dollar cəlb etmək niyyətindədir.
Ekspert Qubad İbadoglu məsələ ilə bağlı bildirib ki, Azərbaycan böyük borclanmaya gedir: “Nüfuzlu ”Financial Times" qəzeti Azərbaycanla bağlı “Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı neftlə əlaqəli defoltu qabaqlayan hərəkətə keçir” adlı yazı dərc edib. Yazıdan belə məlum olur ki, BVF-nin nümayəndələri bu məqsədlə fevralın 4-dək Bakıda səfərdə olacaq. Eyni zamanda bugünlərdə digər beynəlxalq maliyyə kredit institutlarının, o sıradan da Asiya İnkişaf Bankının (AİB) və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri də Bakıya gəlir. Qəzetin yazdığına görə, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında olan danışıqlarda 4 milyard dollarlıq kredit götürmək əsas müzakirə mövzularından biridir.
Xatırladım ki, bugünlərdə Azərbaycan hökuməti ilə AİB arasında da 1,1 milyard dollarlıq kredit sazişi imzalanıb. Göründüyü kimi, danışıqlar uğurla başa çatarsa, bu il ərzində ölkə iqtisadiyyatına son 20 illik borcdan çox kredit cəlb oluna bilər. ÜDM-in dollar ifadəsində getdikcə kiçildiyini də nəzərə alanda bu minvalla xarici borcların yekunda payı 1 il ərzində 2 dəfəyədək arta bilər".
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, hökumət vəziyyətdən çıxmaq üçün təhlükəli yol seçib: “Ölkənin gəlirləri ciddi azalır, azalmaqda da davam edir, hökumət isə heç bir ciddi islahat aparmır, apara bilmir, vəziyyətdən çıxmaq üçün ən primitiv və təhlükəli yol- borclanma yolunu tutub. Azərbaycanın konsalidə olunmuş borcu 21 milyard dollardan çoxdur. 7,5 milyard dövlət borcu, 8,5 milyard dövlət zəmanəti ilə şirkətlərin borcu, 5,7 milyard bank sektorunun borcudur. Bu isə bu günə olan ÜDM-in 60 faizindən çoxdur. Borcun artması gələcəyimiz üçün təhdiddir, indiki qeyri-effektiv sistemdə borclar da böyük neft pulları kimi qeyri-şəffaf xərclənəcək, iqtisadiyyata ciddi dəstək olmayacaq. Bu günə qədər xərclənən 130 milyard neft pulu hansı fundamental problemimizi həll etdi? Qarabağımı qaytardıq? Təhsilmi düzəldi? Səhiyyədəmi keyfiyyət dəyişikliyi oldu? Bəlkə dayanıqlı, ixracata köklənmiş iqtisadi model qura bildik? 22 ildir hakimiyyətdədirlər, nazirləri indi çıxıb deyir ki, Azərbaycanda yeni inkişaf modelinə keçilməlidir. Bir sözlə, indiki sistem daxilində borclanmağa getmək uşaqlarımızın, ölkəmizin gələcəyini də yeyib-bitirmək demək olacaq”.
Ekspertin sözlərinə görə, borc təklif edən BVF və Dünya Bankı ciddi şərtlər qoymalı, əvvəlki kimi bizim ölkəyə 3-cü “sort” ölkə kimi baxmamalıdırlar: “Şərtlər şəffaf idarəçilik, kiçik və çevik dövlət, azad məhkəmə, vətəndaş nəzarətinin güclənməsi, azad media, ÜTT-yə üzvlük- bu şərtlər olmadan borc versələr, deməli, həmin o təşkilatlar da korrupsiyaya bulaşmış beynəlxalq ”monstrlardır"".
Ekspert Fikrət Yusifov isə deyib ki, Azərbaycan kredit götürsə də, öz şərtlərini diktə edəcək: “Azərbaycan hökumətinin Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan məhz 4 milyard dollar həcmində kredit almaq istəyi barədə mətbuatda yayılmış informasiyalarıın səhihliyi bir qədər şübhə doğurur. İnandırıcı deyil ki, Azərbaycan hökuməti və Beynəlxalq Maliyyə İnstitutları hər hansı razılaşma sənədi imzalamadan müzakirələrin predmeti barədə ictimaiyyətə açıqlama versinlər. Yayılmış informasiyada dəqiq mənbə göstərilmədiyindən bir qəzetin yaydığı xəbəri real fakt kimi təqdim etmək və dəqiq rəqəm söyləmək doğru deyil. Əlbəttə, Azərbaycan hökuməti beynəlxalq maliyyə qurumları-Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, İslam İnkişaf Bankı və sair bu kimi qurumlarla müzakirələr aparır. Ola bilsin ki, Azərbaycana hansısa maliyyə institutu tərəfindən kreditlər ayrılsın. Prezident də son müşavirədə Azərbaycanın xarici borclanmaya gedə biləcəyinə dair fikirlər səsləndirmişdi. Bizdə olan məlumata görə, hazırda bu istiqamətdə müəyyən fikir mübadiləsi aparılır. Lakin bu danışıqlar özünün hazırlıq mərhələsindədir və hər hansı dəqiq məbləğ ətrafında söhbət aparılmır. İndiki müzakirələr kreditə ehtiyacın nə qədər olduğunu müəyyənləşdirmək ətrafında qurulub. Yəni hələ ki kreditin şərtləri müzakirə predmeti deyil. Ümumiyyətlə, hesab etmirəm ki, Azərbaycan hökuməti beynəlxalq maliyyə qurumlarının təklif edəcəyi kreditlər üzrə bütün şərtləri qəbul edəcək qədər çıxılmaz durumdadır. Azərbaycan kredit götürsə, bunu yalnız onu qane edəcək şərtlər daxilində edə bilər”.
Sabiq maliyyə naziri Saleh Məmmədov isə həmişə böyük borclanma tərəfdarı kimi çıxış edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər