Əvvəl burda oynayırdılar, indi ağlayırlar... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 23:01 | Şərh sayı: (0) | Baxılıb: 240
Əvvəl burda oynayırdılar, indi ağlayırlar...
Şadlıq sarayından mərasim evinə çevrilən məkanlarda nələr baş verir?
Bakıda sayı gün-gündən artan şadlıq saraylarının son devalvasiyadan sonra düşdüyü durum medianın gündəmindədir. Toyların azalması, gənclərin “çadır toyu”, “bağ partisi” kimi ideyaları yaxın illərdə toyxana şəbəkəsinə ciddi zərbə dəyəcəyi proqnozlarını artırır.
“Yeni Müsavat” isə bu fonda son illərdə sayı artan xeyir-şər evlərinin biznesini araşdırıb. Məlum olub ki, toyxana sektorunda ciddi rəqabət bəzi şadlıq saraylarının öz təyinatını dəyişib, xeyir-şər evi kimi fəaliyyət göstərmələrinə səbəb olub.
Dəbdəbəli “Tural” şadlıq sarayı - haradan haraya....
Bunların ən parlaq nümunəsi “Tural” şadlıq sarayıdır. Təxminən 5-6 ay öncəyə qədər şadlıq sarayı kimi fəaliyyət göstərən bu məkanın təyinatı artıq xeyir-şər evidir. Binanın üzərindəki “Tural” şadlıq sarayı sözləri də “Mərasim zalı” sözləri ilə əvəzlənib. “Yeni Müsavat” xatırladır ki, Bakı Zooparkı yaxınlığında yerləşən bu şadlıq sarayı 2000-ci illərin əvvəlində Bakının ən məşhur, bahalı, eləcə də prestijli şadlıq saraylarından sayılıb. Hətta şəhərin “ilk 3 restoranı” siyahısında ilklərdən olub.
Aradan 15 il keçəndən sonra onun öz fəaliyyət sferasını dəyişməsinin sirri bizimçün də maraqlı oldu. “Yeni Müsavat” sözügedən mərasim zalında olub, durumla maraqlandı. Məlum oldu ki, “Tural” 2015-ci ilin yay aylarından “Mərasim zalı”na çevrilib. Özünü sözügedən məkanın administratoru kimi təqdim edən Orxan adlı şəxs müxbirimizə bildirdi ki, restoranın öz təyinatını dəyişməsi şadlıq sarayı sektorundakı ciddi rəqabətlə bağlı olub. Şəhərdə 800 şadlıq sarayı olmasına diqqət çəkən müsahibimiz mərasim zalı kateqoriyasında rəqabətin daha asan olduğunu bildirdi. Amma bununla belə, indi də bura axının güclü olmadığına diqqət çəkdi.
Menyu iki qiymətədir- 13 azn və 16 azn...
Menyu ilə maraqlandıqda isə öyrəndik ki, eks “Tural”da yas menyusunun qiyməti 13 AZN-dən başlanır. Yəni bu, minimal menyudur. Bura çay, halva, qənd, xurma, aş və qarası daxildir.
Digər menyu isə 16 AZN məbləğindədir. Bura isə 13 AZN-lik menyudan əlavə olaraq bozartma və soyutma ət daxildir. Burada da bir neçə zal fəaliyyət göstərir, mərasimlər isə səhər saat 10-dan 19.00-a qədər davam edir. Müsahibimiz hesab edir ki, müəssisə üçün toy keçirməklə yas təşkil etmə arasında xüsusi fərq yoxdur. Bütün hallarda yeməklər hazırlanır, ofisiantlar çalışır və qonaqlara qulluq göstərilir.
Öz təyinatını dəyişən digər məkan isə “Laləndə” xeyir-şər evidir. Bu məkan uzun illər şadlıq sarayı kimi fəaliyyət göstərəndən sonra mərasim zalına çevrilib. Hazırkı sahibi bu məkanı 1994-cü ildə satın alıb. 2009-cu ilə qədər də “Laləndə” restoran kimi fəaliyyət göstərib. Ondan sonra isə ancaq yas mərasimləri təşkil olunub. Burada isə konkret menyu yoxdur. Yas sahibləri ərzaqlarını özləri alır, süfrəyə qoyulacaq ehsanın siyahısını verir. Bu da klassik olur: çay, xurma, halva, aş, aş qarası... Ümumilikdə zalın icarəsi isə 600-700 AZN civarındadır.
“Laləndə”dən bildirdilər ki, həftədə bir-iki yas mərasimi təşkil edirlər. Bir çox hallarda menyuda əlavələr, klassik olmayan yeməklər əlavə etmək istəyənlər çıxanda rəhbərlik buna icazə vermir. “Barı son mənzilə gedəndə bir-birimizdən fərqlənməyək” məntiqi ilə ehsan süfrəsində qeyri-adiliklər yer almır. Çox nadir hallarda, kimsə ehsan süfrəsinə yad yeməklər üçün israr edəndə də rəhbərlik buna göz yumur.
Bu arada “Laləndə” yaxın zamanda mərasim zalı kimi öz fəaliyyətini dayandıracaq. Rəhbərlik orada idman zalı açmağı planlaşdırır.
Müğənni Ağadadaş Ağayevə məxsus olduğu bilinən, İ.Dadadoş küçəsində yerləşən (Ayna Sultanova heykəlinə yaxın) “Büsat” da vaxtilə şadlıq sarayı kimi fəaliyyət göstərdiyi halda, sonradan mərasim zalı kimi təyinatını dəyişib.
Şəhərdəki bəzi mərasim evləri arasında apardığımız ümumi gəzişmə zamanı məlum oldu ki, 300-400 nəfər üçün xeyir-şər evlərində ehsan süfrəsi açmaq ölü yiyəsinə 4 min manata başa gəlir.
“Yeni Müsavat” müqayisə üçün xatırladır ki, şəhərdə mərasim evi kimi fəaliyyət göstərən alternativ məkanların siyahısına “Təzəpir” məscidindəki mərasim zalları başçııq edir. Ümumən burada burada 6 mərasim zalı var. Zalların hər biri təxminən 230-250 nəfərə xidmət üçün yetərlidir. 100 nəfərə kimi qiymət bahadı, 100-dən çox qonaq gələndə bir yerin qiyməti 12-13 manat arasında dəyişir. Məclisdə çay süfrəsində - çay, limon, marmelad, limon, şokolad, halva, çərəzlər, qoğal və digər nemətlər verilir.
Yemək menyusuna gəlincə, bura üstü qaralı plov, göyərti, pomidor, xiyar, mineral sular, pendir, təndir çörəyi daxildir. Yəni mərasim keçirən şəxsin istəyindən asılı olaraq başqa isti yeməklərdə verilə bilər.
Mərasim evlərinin baha başa gəldiyini düşünənlər isə çadır kirayələyir. Çadırların qiyməti adam sayına, böyüklüyünə və şəraitinə görə dəyişir. VİP çadırın qiyməti 1500 manatdır, amma “tanışlıqla” bu qiyməti 1200 manata da endirmək olar. VİP çadırın içərsində döşəmə, kondisioner, soba, xalça və mərasim üçün zəruri olan digər bütün şəraiti olur. Maddi imkanı daha çox olanlar ofisiant, qabyuyan, aşpaz və s. də cəlb edə bilər. Bütün bu xidmətlərin qiyməti çadırın ödənişindən ayrı hesablanır.
VİP çadırın qiymətini baha hesab edənlər “ağ dəri” çadır kirayələyir. 200 nəfərlik çadırın qiyməti günlük 300 manata, 100 nəfərlik çadırınkı isə 200 manata başa gəlir. Adi böyük çadırın qiyməti günlük 600 manatdır. Bu qiymətlər çadırın kirayəsi üçün günlük hesablanır. Yas mərasiminin birinci günündə adambaşına qiymət 5 manatdır və yalnız çay dəsgahı verilir. İkinci gündə yemək verildiyi üçün qiymət adambaşına 10 manatdan hesablanır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər