Putin Əsədi neçəyə satacaq? - qiymət Qarabağa da təsir edəcək |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-01-2016, 10:08 | Şərh sayı: (0) | Baxılıb: 241
Putin Əsədi neçəyə satacaq? - qiymət Qarabağa da təsir edəcək
Barak Obamanın Rusiya prezidentinə qəfil zənginin pərdəarxası; Kreml başçısının iflas mesajları arxasında daha nələr durur? Bu il kartlar açıla bilər, Azərbaycan da hazır olmalıdır...
2016-cı il Rusiya üçün əvvəlkindən ağır başlayıb. Rusiya iqtisadiyyatında tənəzzül prosesləri dərinləşməkdə, rubl aybaay daha çox dəyər itirib yeni antirekordlar müəyyən etməkdədir. Rusiyalı və əcnəbi müstəqil ekspertlərin təzə illə bağlı verdiyi bəd proqnozlar beləcə, yüzdə yüz özünü doğrultmaqdadır.
Deyəsən, Rusiya rəhbərliyi də situasiyanın fərqindədir. Əks halda, baş nazir Dmitri Medvedyev srağagün xalqa çağırış edərək ən pis variantlara hazır olmağın vacibliyini bəyan eləməz, həmin gündəcə prezident Vladimir Putin ilk dəfə olaraq rusiyalılara iqtisadi böhran xəbərdarlığı etməzdi. Bu, özlüyündə çox şeyi deyir və ölkədəki durumun həqiqətən “rusca” olmasından xəbər verir.
Məlumatlara görə, Nazirlər Komitəsinin üzvləri ilə təcili görüşdə Rusiya lideri hökuməti iqtisadiyyatdakı vəziyyəti izləməyə və hadisələrin istənilən inkişaf variantına hazır olmağa çağırıb. “Biz situasiyanın istənilən inkişaf variantına hazır olmalıyıq”, - deyə o qeyd edib.
***
Bu açıqlamalar Putinin Almaniyanın “Bild” nəşrinə verdiyi və rezonans doğuran son müsahibəsi kontekstində bir qədər də aktuallıq qazanıb. Xüsusilə də onun Suriya diktatoru Bəşər Əsədlə bağlı söylədiyi fikirlərin arxasında ciddi siyasi mesajlar gizləndiyini düşünən təhlilçilər var. Məsələn, politoloq Qabil Hüseynli bu qənaətdədir.
Yada salaq ki, Putin Rusiyanın Əsədə sığınacaq verməyə hazır olduğunu bildirib və bu işin Moskva üçün ABŞ-ın keçmiş kəşfiyyatçısı Eduard Snoudenə siyasi sığınacaq verilməsindən də asan olacağını söyləyib. Eyni zamanda Rusiya dövlət başçısı Əsədin Suriya məsələsində böyük səhvlərə yol verdiyini də ilk dəfə olaraq açıq şəkildə bildirib.
“Görünür, Moskva Suriyadakı prosesləri istədiyi səmtə yönəldə bilməyəcəyinin fərqinə varıb”. Qabil Hüseynli bu qənaətdədir (axar.az). Sabiq dövlət müşaviri sözügedən müsahibəni həmçinin Kremlin bəzi siyasi qərarlarının anonsu kimi qiymətləndirir: “Bəşər Əsədi Suriyadakı müxalifətlə bir araya gətirmək, bu yolda anlaşmaya nail olmaq və ən son variantda prezident seçkiləri keçirməyi öz siyasi təcrübə sınağından keçirən Putinin böyük planı iflasa uğrayır. Rusiya indi İŞİD-ə qarşı elə də ciddi mübarizə aparmır, əsas güclər türkmanlara və Azad Suriya Ordusuna qarşı yönəldilib. Putin burda da öz məqsədinə nail ola bilməyib. Çünki böyük oyunun reallaşması milyonlardan asılı idi. Bundan əlavə, 2016-cı il Rusiya üçün uğurlu başlamayıb. İnflyasiya sürətlənir, rubl çökməkdə davam edir, iqtisadi göstəricilər həddindən artıq pisdir. Belə olan halda Rusiya Əsədin arxasında sona qədər dayana bilməz. Buna görə də Kreml kartları dəyişir və Əsədə sığınacaq verilməsini gündəmə gətirir. Ancaq bu, Rusiyaya baha başa gələ bilər”.
Ekspert hesab edir ki, əməllərinə görə Əsədin hüquqi məsuliyyətə cəlbi vaxtilə onu müdafiə edən Moskvaya Serbiyanın taleyini yaşada bilər: “Əsədin taleyi çox dumanlıdır. O, nəinki prezident seçkilərində iştirak edəcək, Haaqa məhkəməsi qarşısında cavab verməli olacaq. Elə bir zaman yetişəcək ki, heç Kreml də onu qoruya bilməyəcək. Əsədin hüquqi məsuliyyətə cəlbi vaxtilə onu müdafiə edən Moskvaya Serbiyanın taleyini yaşada bilər. Bunun üçün Serbiyanın qaniçən prezidenti Miloşeviç və onun əlaltılarının başına gələnləri xatırlamaq kifayətdir. Hətta iş o yerə çata bilər ki, məhkəmə qiyabi qərar çıxara və Rusiyadan bunun icrasını tələb edə bilər”.
Politoloqun qənaətincə, Səudiyyənin son addımlarından dolayı da Moskva təlaş içindədir: “Amerika özünün anti-İŞİD koalisiyasını Səudiyyənin islam ittifaqı ilə koordinasiya etdikdən sonra Moskvanın Suriyada fəal hərəkəti məhdudlaşacaq. Əsədin və eləcə də rusların Suriyadakı işi ağırlaşacaq. Bir sözlə, Putin dünyaya Suriya siyasəti və Əsədlə bağlı çox önəmli mesajlar verib. Bu, Moskvanın Əsəddən imtina etməsi kimi də qiymətləndirilə bilər”.
***
Maraqlıdır ki, müsahibədən az sonra ABŞ prezidenti Barak Obama 6 aylıq fasilədən sonra daim məsafə saxladığı Rusiya prezidentinə zəng edib. Telefon danışığı zamanı ölkə başçıları Ukrayna münaqişəsi, Suriya böhran və Koreya yarımadasındakı situasiyanı müzakirə ediblər. Putin rəsmi Kiyevin Minsk razılaşmalarına əməl etməsini, Suriya ilə bağlı yanvarın 25-də Cenevrədə keçiriləcək beynəlxalq konfransa qədər terror təşkilatlarının yekun siyahısının hazırlanmasını təklif edib. İki dövlət başçısı həmçinin İran və Səudiyyə Ərəbistanı arasında yaranmış gərginliyin tezliklə aradan qaldırılması barədə fikir mübadiləsi aparıb.
Ancaq sübhə yoxdur ki, danışıqlarda Suriya, Bəşər Əsəd mövzusu mərkəzdə olub. Obamanın zənginin də bu xüsusda Amerika üçün uğurla, Rusiya üçünsə Putinin son böhran açıqlamalarından da göründüyü kimi, əlverişsiz vəziyyətə təsadüf etdiyini əminliklə söyləmək olar.
Əslində Bəşər Əsədlə bağlı Putinin söylədikləri həm də Amerika və Qərblə siyasi bazarlığın mümkünlüyü haqda bir mesajdır. Rusiya tarix boyu dəfələrlə sübut edib ki, onun üçün müqəddəs heç bir şəxs, dəyər yoxdur. Bu üzdən Qərblə Əsəd bazarlığı Kremlin Suriyadan rüsvayçı şəkildə çıxmasını önləməyə hesablanmış ssenari də ola bilər.
Belə mümkün bazarlıqlar haqda öncələr yazmışıq. Qeyd eləmişik ki, Rusiya Suriyada Bəşər Əsəd vasitəsilə güclü kart-blanş əldə edərsə, bundan başqa münaqişəli zonalarda, o cümlədən Ukraynada, Güney Qafqazda, Dağlıq Qarabağ konflikti zonasında istifadə eləməyə çalışacaq. Əks halda, Əsədi satıb yenə qarşılığında sözügedən bölgələrdə dominant status əldə eləməyə səy göstərəcək.
Putinin “Əsədin Suriya məsələsində böyük səhvlərə yol verdiyini” söyləməsi gələcək bazarlığın ilk təzahürü sayıla bilər. Demək, Qarabağ məsələsinə də Əsədin neçəyə satılacağı bu və ya başqa şəkildə təsirsiz ötüşməyəcək. Hər necə olmasa, Moskvanın Suriya məsələsində ciddi güzəşti başqa münaqişəli bölgələrdə (Donbas, Dağlıq Qarabağ, Gürcüstan) dominant status əldə olunması, hətta sanksiya rejiminin yumşaldılması naminə etməyə çalışacağı şübhə doğurmur. Bu il kartlar açıla bilər. Odur ki, Azərbaycan da hazır olmalıdır.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər