Azərbaycanda bəzi xəstəliklərin miqyası genişlənir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-01-2016, 19:49 | Şərh sayı: (0) | Baxılıb: 290
Azərbaycanda bəzi xəstəliklərin miqyası genişlənir
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının angioqrafiya laboratoriyasının müdiri, invaziv kardioloq Qalib İmanovla müsahibə.
- Son illər bütün dünyada ürək-damar xəstəlikləri sürətlə inkişaf etməkdədir. Bəs Azərbaycanda vəziyyət necədir? Bu xəstəliklərdən əziyyət çəkənlərin sayında artım varmı?
- Ürək-damar xəstəlikləri təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində artır. Ürək xəstələrinin dünyada qəbul olunmuş statistikası var. Bu statistikaya uyğun olaraq, Azərbaycanda da onkoloji xəstəliklərlə bərabər, ürək xəstəlikləri də çox yayılıb. Ürək xəstəliklərindən ölənlərin sayı şiş xəstəliklərindən dünyasını dəyişənlərlə müqayisədə iki-üç dəfə çoxdur. Ürək-damar xəstəlikləri hələ də dünyada ən çox ölümə və əlilliyə səbəb olan xəstəlikdir. Ürək-damar xəstəlikləri ilə bağlı bizə müraciətlər çox olur: həm böyüklər, həm də uşaqlar arasında bu xəstəliyə rast gəlinir.
Böyüklər, əsasən, arterial hipertoniya, ürəyin işemik xəstəliyi ilə bağlı müraciət edirlər. Uşaqlara isə daha çox anadangəlmə ürək qüsurları diaqnozu qoyulur. Məsələn, Avropa ölkələrində ürəyin işemik xəstəliyi geniş yayılıb. Müalicəsində müəyyən irəliləyişlər olsa da, statistikaya görə, hələ ki, bu xəstəlikdən əziyyət çəkənlərin sayı həddindən artıq çoxdur. Anadangəlmə ürək qüsurları xəstəliyi inkişaf etməmiş ölkələrdə daha çox yayılıb. Avropada, Amerika kimi ölkələrdə isə demək olar ki, bu xəstəliyə rast gəlinmir.
- Anadangəlmə ürək qüsuru hamiləliyin hansı həftəsində aşkar edilir?
- Bu xəstəlik artıq prenatal dövrdə, yəni ana bətnində erkən həftələrdə aşkar olunur. Körpə dünyaya gələn kimi əməliyyatla aradan qaldırılır. Əgər ağır qüsurdursa, hamiləlik yarımçıq dayandırılır. Beləliklə, anadangəlmə ürək xəstəliyi ilə doğulmuş uşaqların sayı azalmış olur. Xarici ölkələrdə anadangəlmə ürək xəstəliklərini əməliyyat edən mərkəzlər var. Bura daha çox şərq ölkələrindən, inkişaf etməmiş ölkələrdən xəstələr gəlirlər. Azərbaycanda, xüsusən cənub bölgələrində anadangəlmə ürək xəstəlikləri ilə doğulan uşaqların sayı daha çoxdur. Bu da həmin bölgələrdə qohum evliliyinin daha çox olmasından irəli gəlir. Bizdə prenatal, yəni ana bətnində müayinələr artıq 5 ildir aparılır. Düzdür, bu haqda insanların maarifləndirilməsi vacibdir. Çünki çox adamın bu barədə məlumatı yoxdur. Bir çox ginekoloqlarımız artıq bunu bilir və hansı xəstələrin transfetal exokardioqrafiya göstərişi varsa, yönləndirirlər kardioloqa. Biz də xəstəni müayinə edirik, onda bu qüsur varsa və yüngül hesab ediriksə, bu haqda onun ailəsinə bildiririk. Əməliyyat vasitəsi ilə hər şey öz yoluna düşür. Yox, əgər ağır qüsurdursa, ailə ilə məsləhətləşib, valideynlərin razılığı ilə hamiləliyi sonlandırırıq. Lakin elə qüsurlar da aşkar olunur ki, heç bir əməliyyata ehtiyac olmadan problem həll olunur. Hazırda invaziv kardiologiyada da bir çox əməliyyatlar qapalı yolla həyata keçirilir.
- Məsələn, hansı xəstəliklər?
- Qulaqcıqlar arası çəpər defektinin bağlanması, qapaqlarda olan daralmaların aradan qaldırılması. Bunlar əvvəllər açıq, ağır əməliyyatla aradan qaldırılırdı, indi isə qapalı yolla bir damardan iynə ilə girməklə, bütün bu problemi həll edirsən. Əməliyyatdan sonra xəstədə heç bir çapıq, iz qalmır. Bu əməliyyatlarla artıq 9 ilə yaxındır ki, Azərbaycanda məşğuluq. İstifadə olunan aparatlar bahalı olduğu üçün əməliyyat sayımız çox deyil. Çünki qapalı əməliyyat açıq əməliyyatdan daha baha başa gəlir. Düşünürük ki, yəqin sığorta sistemi qurulandan sonra bu cür xəstələrdə qapalı yolla müalicə riskinin, əməliyyat ağırlaşmalarının qarşısını alacağıq.
- Bəs hazırda Azərbaycanda ürək xəstələrində ən aktual problem hansıdır?
- Ürəkdə ən aktual problem arterial hipertoniyadır. Təzyiq, şəkər xəstələri əvvəlki illərlə müqayisədə artır və xəstəlik cavanlaşır. Ürək xəstəliklərinə əsasən, düzgün qidalanmamaq, oturaq həyat səbəb olur. Əlbəttə ki, zərərli vərdişlər də, məsələn, siqaret həddindən çox çəkilirsə, spirtli içkilər çox qəbul olunursa, bu xəstəliklərin də yaranma riski çoxalır.
Pünhan Mirzə
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər