Yoluxucu xəstəliyə tutulan şəxslərin nikaha girməsinə qadağa varmı? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-12-2015, 10:12 | Şərh sayı: (0) | Baxılıb: 264
Yoluxucu xəstəliyə tutulan şəxslərin nikaha girməsinə qadağa varmı?
Müzəffər Baxış: “Buna görə 2 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur”; Adil Qeybulla: “Bu tip xəstəliyə düçar olanların cəmiyyətdən təcridi düzgün deyil”
Bu ilin iyun ayından nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçirlər. Səhiyyə Nazirliyinin məlumatına görə, iyun ayının 1-dən artıq 82 minə yaxın insanın qan nümunəsi müayinə olunub. Onların arasında 5500 nəfər talassemiya daşıyıcısı, 53 nəfərdə QİCS, 320 nəfərdə sifilis xəstəliyi aşkar edilib.
Müayinə olunanların arasında 40 talassemiyalı cütlük aşkar edilib. Onlara lazımi tibbi-genetik məsləhətlər və sonrakı müayinələr haqqında ətraflı məlumat verilib. Talassemiya daşıyıcısı olan evlənmiş cütlüklərdən birində, hamilə qadından Azərbaycanda ilk dəfə bətn daxili diaqnostika məqsədilə punktat götürülüb müayinəyə göndərilib.
Maraqlıdır, bu cür xəstəliyə tutulan cütlüklərin ailə qurmasında hüquqi baxımdan bir əngəl varmı?
Hüquqşünas Müzəffər Baxış QİÇS xəstəliyinə yoluxmuş şəxsin nikaha girməsinin qanunən qadağan olduğunu dedi: “Ailə Məcəlləsinin 12-ci maddəsinə görə QİÇS xəstəliyinə yoluxmuş insanın nikaha girməsi qadağandır. Nazirlər Kabinetinin qərarında da QİÇS xəstəliyi göstərilib ki, həmin xəstəlikdən əziyyət çəkən şəxslər nikaha girə bilməzlər. Qanunvericilik belə xəstəliklərlə bağlı nikaha girməyi qadağa edir. Çünki tərəflərdən birində QİÇS varsa, o digər şəxslə nikah münasibətinə girsə, həmin şəxsin də bu xəstəliyə yoluxmasına səbəb olacaq. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, bulaşıcı xəstəliyə düçar olan şəxsin həmin xəstəliyi başqasına keçirməsi cinayət məsuliyyətinə səbəb olur. Buna görə 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Hətta digər ağırlaşdırıcı hallarda var ki, əgər bu xəstəlik başqa şəxsə keçsə, bu isə həmin şəxsin ölümünə səbəb olsa, bu daha sərt şəkildə cəzalandırılır”.
Bəs bu cür cütlüklərin müalicəsi necə həyata keçirilə bilər? Tibb elmləri doktoru, professor Adil Qeybulla yoluxucu xəstəliyə tutulmuş şəxslərin cəmiyyətdən təcrid edilməsinin düzgün olmadığını dedi: “Bu xəstəliyin aşkar olunması şəxsiyyət göstəricisi deyil. Çünki nikah müqaviləsinə onun təsir etməsi hər iki tərəfin qərarından asılıdır. İkinci tərəfdən isə əslində insan QİÇS xəstəliyinə cinsi yolla və təsadüfən də tutula bilər. Yəni onun mənbələri müxtəlif olduğundan bu tip xəstəliyə düçar olan adamın cəmiyyətdən təcrid olunması qətiyyən düzgün deyil. Düşünürəm ki, buna təbii baxılmalıdır. Bu xəstəlik tam aradan qalxmasa da, müalicəsi var. Xəstəliyin inkişafının dayandırılması, ömrünün uzadılması mümkün olduğu üçün bu xəstəliyə tutulan şəxs dövlət hesabına müayinədən və müalicədən istifadə etməlidir”.
Xatırladaq ki, bu günlərdə Azərbaycanda qeyri-infeksion xəstəliklərlə (QİX) bağlı vəziyyət açıqlanıb. “Report” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün strategiya” sənədində bildirilir. Sənəddə qeyd olunub ki, son 10 ildə ölkədə qan dövranı sistemi xəstəlikləri 5%, tənəffüs sisteminin xəstəlikləri 11%, endokrin sistemi xəstəlikləri 2,5 dəfə, o cümlədən şəkərli diabet 3,7 dəfə, sinir sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 30% artıb. Bundan başqa, son 10 ildə dünya üzrə QİX ilə xəstələnmə halları təxminən 14% artıb.
Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da qeyri-infeksion xəstəliklər ölüm hallarının əsas səbəbləridir. Xəstələnmənin strukturunda 50%-dən artıq QİX, o cümlədən qan dövranı sistemi xəstəlikləri 17,6%, tənəffüs sistemi xəstəlikləri 15%, endokrin sistemi xəstəlikləri 15%, bədxassəli yenitörəmələr 2,7% təşkil edir. Avropa regionu üzrə isə bu xəstəliklər xəstəlik yükünün 77%-nə barabərdir. Azərbaycanda ölüm halları əsasən yuxarıda qeyd olunan 4 xəstəliyin payına düşür. Birinci yerdə qan 4 dövranı sisteminin xəstəlikləri (59,8%), 2-ci yerdə bədxassəli yenitörəmələr (12,5%), 3-cü yerdə isə tənəffüs orqanlarının xəstəlikləri (2%) durur.
Səhiyyə Nazirliyinin QİX ilə bağlı apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycanda QİX-in böyük əksəriyyətinin baş verməsi tütündən istifadə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk amilləri ilə bağlıdır. Tədqiqatlar göstərir ki, ölkədə kişilərin təxminən 50%-i tütündən istifadə edir, onların əksəriyyətində (93%-də) belə istifadə gündəlik xarakter daşıyır, böyüklərin 14,3%-i spirtli içkilərdən mütəmadi istifadə edir. Azərbaycanda yaşı 18-dən yuxarı olan şəxslər arasında hipertoniyanın (bütün mərhələləri daxil olmaqla) yayılması 39,4% təşkil edib. Avropa regionunda bu göstərici orta hesabla 40%-dir. Ölkədə hazırda əhalinin hər 100 min nəfərinə şəkərli diabetdən əziyyət çəkən 2 053 nəfər düşdüyü halda, Avropa regionunda bu göstərici 3 560 nəfər təşkil edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər