"Yerindən qopmaz" sayılan iki böyük vəzifəli şəxs kabinetinə vida deyəcək... - PROQNOZ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 24-12-2015, 23:18 | Şərh sayı: (0) | Baxılıb: 675
"Yerindən qopmaz" sayılan iki böyük vəzifəli şəxs kabinetinə vida deyəcək... - PROQNOZ
Yeni ilə sayılı günlər qalıb. 2015-ci ilin sonunu ağır yaşasaq da, çoxumuz ümidimizi qarşıdan gələn 2016-ya bağlamışıq. Ümidimiz astroloqlara qalıb. Meymun ili bizə, dünyaya, ölkəmizə nə vəd edir? Nələr olacaq, nələr gözlənilir?
Astroloq Səbuhi Rəhimli müsahibəsində gələn illə bağlı proqnozlarını açıqlayıb.
Milli.Az xəbəral.az-a istinadən həmin müsahibəni təqdim edir:
- Səbuhi bəy, klassik sualla başlayaq. Nə zamandan başlanır Meymun ili? Konkret gün, saat?
- Od ünsürlü Qırmızı Meymun ili fevralın 8-də Bakı vaxtilə saat 18:40-da start götürəcək. O vaxta qədər Keçi ilinin tərsliyinə, yolunda getməyən işlərinə dözməli olacağıq. İlin ən gərgin ərəfəsi də məhz həmin 40 günlük vaxta düşəcək. Planetar quruluşun neqativ təsirləri hər bir fərdə və fərdlərdən ibarət olan kütləyə sirayət edəcək. Ötən il başlayan xaos, münaqişələr və müxtəlif ölkələrin idarəetməsində iştirak edənlərin cəzalandırılması prosesi marta qədər daha kəskin xarakter alacaq.
- Keçi ili ilə Meymun ilini müqayisə edək mümkünsə. Adətən Keçi ilində baş verən hadisələrin hansı Meymun ilində özünü göstərmir və ya əksinə?
- Yola saldığımız Keçi ili kimi yeni Meymun ili də oyunu, oyunbazlığı sevir. Düzdür, Keçinin ümumi hədəfi sağlam olsa da, ora aparan yolu ədalətsiz, gərgin, hiyləgərliklərlə dolu olur, güclü olan qalib gəlir - nə yolla olursa-olsun. Üstəlik, Keçi yaradıcılığı sevir, sevənlərə kömək edir, qorxaq və tərəddüd içində olan, riskdən qorxan adamları cəzalandırır. Meymunda isə hədəflər məlum deyil, hətta məlum olsa da, gizli saxlanılır. Onun oyun qaydaları üzdən mülayim, sadə görünsə də, əslində təhlükəli və amansızdır. Meymun xəyanətə meyllidir, münaqişə yaratmaq, yalanlarla idarə etmək, gözləmədiyin yerdən vurmaq onun peşəsidir. Təcrübə göstərir ki, bu illərdə Şər Xeyri üstələyir, maddi resurslar mənəvi dəyərləri arxa plana keçirir, günahsız insanlar əziyyət çəkir, hətta ölür.
- Meymun təbiəti etibarilə oynamağı, əyləndirməyi sevir... Bu, 2016-da özünü necə göstərəcək?
- Hazırkı durumda olan vəziyyət fırtınaqabağı sakitlikdən də qorxuludur. Çünki dünyanın az qala bütün qitələrində ümumi vəziyyətin gərginliyi yüksələn xətt üzrə inkişaf edir. İlk öncə bildirim ki, qarşılamaqda olduğumuz Meymun ilində Böyük Yalan az qala bütün sahələrdə hakimlik etməyə çalışacaq. Belə məqamlarda isə insanların sadəlövhlük göstərməsi hansısa kələyin, amansızlığın, neqativ halların qarşısını alan deyil. Meymun bizlərin əvəzinə hansısa işi görməyəcək. O yalnız risk edənlərə kömək edəcək. Bu il passiv, dünyagörüşü dar olan, mübarizə əzmi olmayan, məddah və yaltaq adamlar üçün cəhənnəm əzabına bərabər olacaq. Problemlərinin həlli naminə gecə-gündüz çalışanlarsa yanılacaqlar. Ona görə ki, mövcud çətinliklər heç də fəaliyyəti aktivləşdirmək hesabına aradan qalxmayacaq. Bunun üçün hər kəs zamanla ayaqlaşmalı, şəraitə uyğun taktiki gedişlər etməli, yuxarıda dediyim kimi risk etməli və düşüncəsində dönüş yaratmalıdır. Yeni ildə situasiyalara baxışlar da dəyişəcək.
Məsələn, kiminsə bol-bol vədinə heç kəs inanmayacaq, əvəzində "Soğan olsun, nağd olsun" prinsipinə əməl olunacaq. Bir amili də unutmamalıyıq ki, çaxnaşma və üsyanlar, qarşıdurma və müharibələr olmasa, Meymun özünü rahat hiss etmir. Dini kitablardan da bildiyiniz kimi, bu istəkdə yalnız İblis olur. Deməli, 2016-cı ildə İblis ötən illərlə müqayisədə daha da aktivləşəcək. Bu isə daha çox insanların günahları çoxluğundan irəli gələcək. Çünki milli-mənəvi dəyərlər, əxlaq prinsipləri, dini meyarlar tapdananda həmişə İblisə meydan açılır. Nəinki Azərbaycanda, ümumiyyətlə, astrologiya elmi ilə ciddi məşğul olan bütün ölkələrdə hətta adlı-sanlı astroloqlar da Meymun ili ilə bağlı proqnoz verməkdə çətinlik çəkirlər.
Bununsa bir neçə səbəbi var. Əvvəla, ona görə ki, gələcəyin mənzərəsini yaratmaq üçün yeni ilin əlamətlərini, çağdaş dünyamızda cərəyan edən prosesləri və ötən illərdən yarımçıq qalmış bəşəri problemləri mütləq nəzərə almaq lazımdır. Bu isə öz-özlüyündə ciddi ziddiyyətlərdən xəbər verir ki, bundan da baş açmaq böyük məharət tələb edir. Digər tərəfdənsə elə bir zaman kəsiyi olmayıb ki, Meymun ilində hadisələr hamının gözlədiyi axarla getsin. Bu səbəbdən də təhlil və proqnozları vermək üçün fitri qabiliyyət, hərtərəfli bilik tələb olunur. Əks təqdirdə, deyilənlər özünü doğrultmayacaq. Dünyanın yenidən bölüşdürülməsi, yeni quruluşların yaradılması və böyük müharibələrin gedişatındakı dəyişikliklərin böyük əksəriyyəti Meymun ilinə təsadüf edir.
- Dünya miqyasında və Azərbaycanda hansı hadisələr baş verəcək?
- Hazırda Suriya və İraqda gedən qanlı müharibə, hər bir ölkəni təhdid edən terror, antidemokratik idarəetmə, maliyyə böhranı insanları ümidsizləşdirməkdə, qorxutmaqdadır. Hətta 3-cü dünya müharibəsi haqqında düşüncələr də var. Lakin araşdırmalarımız gələn ilin deyilənlər qədər də təhlükəli olacağını göstərmir. Dünya müharibəsi və ya münaqişələrin artması kimi hallar olmayacaq. Mart-avqust aralığında dünyamız hazırkı sınaqdan minimal itki ilə çıxmağı bacaracaq. Konkret olaraq Azərbaycana gəlincə, ürəkaçan olaylar az olacaq. Bu, ən azından Qarabağın yenə də qaytarıla bilməməsindən doğacaq. Başı varidat toplamağa qarışan səlahiyyətlilər təhdidlərdən çəkinəcək, riskdən qorxacaqlar. İli atəşkəssiz başa vursaq da, daha ağır döyüşlər getsə də, hansısa ərazinin qaytarılmasına nail olunmayacaq.
İnsanlarımızı Türkiyə-Rusiya münasibətlərinin hazırkı durumu da narahat edir. Astroloji göstəricilər 2016-cı ildə bu iki ölkə arasındakı gərginliyin davam edəcəyini bildirsə də, hər hansı müharibə ehtimalı yoxdur. Meymun ili ən dəhşətli terror və sensasiyalı sui-qəsdlərlə yadda qalacaq, az qala hər ölkədə terror olacaq. Azərbaycan da dünyanın bir parçası olduğu üçün tədbirli olmalıyıq, xüsusən də yaz aylarında məsuliyyətlilərimiz daha diqqətli olmalı, gücləndirilmiş iş rejiminə keçməlidir. Çünki Meymun zərbəni gözlənilmədən və tam yaxınlığa gəlib vurur. 2016-cı ildə dünyanın yenidən bölünməsinin konturları daha qabarıq görünəcək. Afrikada, Orta Asiyada siyasi gərginlik baş qaldıracaq. Çoxsaylı hakimiyyət dəyişikliyi də istisna deyil. Yeni ili texnoloji tərəqqinin pik mərhələsi də adlandırmaq olar. Meymun oyunla, məzhəkə ilə bağlı olduğundan məlum dövrdə nümayiş etdirilən sənət növlərində inkişaf olacaq. Yeraltı faciələr, okean sularında fəlakətlər, böyük subasmalar, elektrik stansiyalarında sıradançıxma halları arta bilər.
- Bu ilin sonunda da olsa milli təhlükəsizlik naziri başda olmaqla, həmin nazirlikdəki bir çox məmurların zərərsizləşdirilməsi... ölkəyə öz damğasını vurdu. Bənzər hadisələr 2016-da da ola bilərmi, davamı gələcəkmi?
- Əslində təxmin edilən formada olmasa da, bu il hökumətdə ciddi dəyişikliklər özünü göstərəcək. Dünyada baş verən qeyri-sabitlik, iqtisadi böhran və ölkəmizə qarşı yönələn sanksiya və təzyiqlər iqtidar yetkililərini vadar edəcək ki, yumşaq tərzdə olsa da, islahatlara getsin. Deməli, proqnozlaşdırmadan da söyləmək olar ki, çoxları işdən çıxarılacaq, hətta həbsə gedəcək. Daha iri məmurlara gəlincə, bildirim ki, 2016-cı ildə "yerindənqopmaz" sayılan iki böyük vəzifəli şəxs kabinetinə vida söyləyəcək. Bu il prezident İlham Əliyevdən də sensasion gedişlər görəcəyik. El dili ilə desək, sanki həmişə susan dövlət başçısı bu dəfə dillənəcək. Onun atdığı addımlar əhali üçün daha çox xeyirli olacaq. Bütün bunlara baxmayaraq, aprelin əvvəlinə qədər hökuməti böyük sınaqlar gözləyir. "Balanslaşdırılmış siyasət" iflasa uğrayacaq.
- Bəs yerli media?
- Yazın gəlişi ilə hökumətyönümlü informasiya vasitələri zəifləyəcək, bir-biri ilə savaşa girəcək. Hətta ola bilsin ki, onlardan bir çoxu fəaliyyətlərini dayandırsın. Ümumiyyətlə, bu il media ağır dövrlərindən birini yaşayacaq.
- Böyük dövlətlər, onların taleyində hansı dəyişikliklər gözlənilir?
- Öncə onu deyim ki, neftlə bağlı narahatçılıqların aradan qalxma ehtimalı da aşağıdır. Olsa-olsa ilin ikinci yarısında qiymətlərin enib-qalxma prosesi sabitləşəcək. Dünya mətbuatı, siyasi analitiklər, hətta öncəgörənlər 2016-cı ildə Bəşər Əsədin devriləcəyini, Vladimir Putinin hakimiyyətdən gedəcəyini söyləməkdədir. Lakin uzunmüddətli hesablamalarımız il ərzində bunun olmayacağını göstərir. Müsəlman ölkələrində qətliam törədən İŞİD terror təşkilatı mart ayından başlayaraq silsilə məğlubiyyətlərə tuş gələcək. Buna baxmayaraq, onlar öz fəaliyyətlərini səyyar şəkildə davam etdirəcəklər. Bu il Şərqin alovu sürətlə Qərbə keçəcək, Avropa ölkələrində ciddi problemlər yaranacaq. İl ərzində hərbi bazalarda partlayışlar da istisna olunmur. Şimali Koreya prezidentinə qarşı iki dəfə sui-qəsd olacaq. 2016-cı il daha çox "terror ili" kimi tarixə düşəcək. Az qala hər ölkədə bu, baş verəcək. Meymun ili öz xarakterinə görə aravurandır. Xüsusən də sevənlərə qarşı öz amansızlığı ilə yadda qalır. Bu səbəbdən də bir-birini sevənlər kənar müdaxilələrə qarşı çıxmalı, şübhəyə düşməməli, içindəkiləri açıq şəkildə söyləməlidir. Sevgidə doğruluq, ədalət və açıq söz hər kəsin xilasına, firavanlığına səbəb olacaq.
- Dünya müharibəsi, Qarabağ müharibəsinin taleyində dönüşlər... bunların hansı baş verəcək?
- Dünya müharibəsi olmayacaq, Qarabağda 2015-lə müqayisədə daha böyük və uzunmüddətli döyüşlər gedəcək. Lakin hansısa ərazinin azad olunacağı gözlənilmir. Qida zəhərlənmələrinin sayı artacaq. Türkiyə-Rusiya münasibətlərində gərginlik davam etsə də, hər hansı müharibə ehtimalı yoxdur.
- İlin uğurlu-uğursuz ayı, günü, rəqəmi, aparıcı bürcləri... Bu detalları da oxuculara çatdıraq.
- İlin müddəti 08.02.2016-27.01.2017. İlin planeti Ay, ilin uğurlu ayları may, iyul, uğursuz ayları yanvar, noyabr, ilin düşərli günü bazar ertəsi, cümə, ilin ağır günü çərşənbə axşamı, şənbə, ilin düşərli təqvimləri 2, 4, 5, 8, 16, ilin numeroloji rəqəmi 9, ilin uğurlu saatları 00:00-02:00 08:00-10:00 16:00-18:00, ilin uğursuz saatları 04:00-06:00 12:00-14:00 20:00-22:00, ilin aparıcı bürcləri Xərçəng, Buğa, ilin aparıcı işarələri Meymun, Siçovul, Əjdaha. İlin rəngi qırmızı, ağ, açıq-mavi, İlin daş-qaşı zümrüd, rubin, Ay daşı, ilin metalı gümüş, ilin çiçəyi jasmin, bütün ağ çiçəklər, ilin talismanı ürək, yapalaq, ilin aktiv əraziləri Avstraliya, Türkiyə, Azərbaycan, Şotlandiya, Hollandiya, Almaniya, İrlandiya, Polşa, İsveçrə, Suriya, Sakit okean adaları, İraq, İran, Əfqanıstan...
- Bəs ilin astronomik tutulmaları... nə zaman baş verəcək?
- Qarşımızda duran ildə astronomik tutulmaların sayı 4 olacaq. Onlardan ən təhlükəlisi martın 9-da gözlənilən tam Günəş tutulmasıdır. İnşallah, ümid edək ki, dünyamız bu kimi fəsadlardan qurtulacaq. Məlum kosmik olayın sıralanması isə aşağıdakı kimidir: 1. Tam Günəş tutulması (9 mart, Bakı vaxtilə saat 06:57-də Balıqlar bürcündə) 2. Yarımçıq Ay tutulması (23 mart, Bakı vaxtilə saat 17:47-də Tərəzi bürcündə) 3. Adi Günəş tutulması (1 sentyabr, Bakı vaxtilə saat 13:07-də Qız bürcündə) 4. Adi Ay tutulması (16 sentyabr, Bakı vaxtilə saat 23:54-də Balıqlar bürcündə).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər