Dünyanı silkələyən 1 milyon barrel: Neft 20 dollara da düşə bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 15-12-2015, 16:42 | Şərh sayı: (0) | Baxılıb: 304
Dünyanı silkələyən 1 milyon barrel: Neft 20 dollara da düşə bilər
2015-ci ilin başa çatmasına sanılı günlər qalır. Sözsüz, dünya çox ağır bir il yaşadı. Olduqca mürəkkəb geosiyasi və geoiqtisadi proseslər müşahidə olundu, dünya güclərinin nüfuz savaşı kifayət qədər sərt şəkil aldı... Mənzərə tam çılpaqlığı ilə göz önündə olduğundan ilin yekunları barədə danışmaq, müəyyən dəyərləndirmələr aparmaq o qədər də çətin deyil. Lakin bununla belə, müşahidə etdiyimiz proseslərin haradan və nədən qaynaqlandığını oxuculara daha aydın şəkildə izah etmək zərurətindən çıxış edərək 2015-ci ilin "üzərində" müəyyən gəzişmələr aparıb hadisələrin mahiyyətini bir qədər qabarıq şəkildə ortaya qoymaq niyyətindəyik.
***
Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşmasının iqtisadiyyatla heç bir bağlılığı olmadığını və bunun mahiyyət etibarı ilə siyasi çalarlara söykəndiyini ötən yazılarımızda dəfələrlə qeyd etmişik. Lakin görünən budur ki, bəzi iqtisadçılar hələ də məsələnin kökünü dərindən araşdırmadan hadisələrə birtərəfli yanaşır, primitiv mülahizələrə üstünlük verir və bəzi hallarda bir qədər də irəli gedərək, neftin qiymətində baş verən dəyişikliklərdən dolayı gəlirlərimizin azalmasını Azərbaycan hökumətinin məsuliyyəti kimi təqdim etməyə çalışırlar. Belə gülünc iddialar, şübhəsiz ki, siyasi maraqlardan və qərəzli münasibətdən irəli gəlir və bu cür düşüncə tərzinin daşıyıcılarından obyektiv təhlil və qiymətləndirmə gözləmək yersizdir...
***
Dünyanı yenidən bölüşdürmək uğrunda 2011-ci ildən başlayan və getdikcə daha da şiddətlənən savaş hazırda özünün kulminasiya nöqtəsinə yaxınlaşıb və bu da təkcə hansısa region üçün deyil, bütövlükdə bəşəriyyət üçün böyük bir fəlakət vəd edir. Dünyanın hansı ağır mərhələyə qədəm qoyduğunu görmək üçün bu gün ABŞ-ın dirijorluğu ilə idarə olunan oyunların gedişatını sadəcə kənardan izləmək də kifayətdir. Əslində bu oyunların təməli çoxdan - Sovetlər Birliyinin çökdürülməsi əməliyyatları ilə qoyulub. Dünyada iki nəhəng gücdən birinə çevrilmiş Sovetlər Birliyinin gec-tez çökdürülməsi ABŞ xarici siyasətinin ana xəttini təşkil edirdi. İllərlə bu məsələnin həllinin "səmərəli" yolları axtarıldı və nəticədə neft amilindən istifadə etmək variantına üstünlük verildi. Sovetlər Birliyinin iqtisadiyyatını və maliyyə sistemini çökdürmək üçün dövləti ilk növbədə möhkəm valyuta gəlirlərindən məhrum etmək lazım idi. Bu məqsədlə ABŞ əvvəlcə Avropa ölkələrinin SSRİ-dən aldığı qazın həcminə onların tələbatının 30%-ni keçməyən kvotanın qoyulmasına, bunun ardınca Səudiyyə Ərəbistanı vasitəsilə neftin hasilatını artırmaq yolu ilə onun qiymətlərini kəskin şəkildə aşağı salınmasına nail oldu. ABŞ-ın xüsusi xidmət orqanları bankları və başqa özəl qurumları Sovetlər Birliyi ilə əməkdaşlığa son qoymağa, bu ölkədə hər hansı sahəyə subsidiyaların və kreditlərin verilməsini dayandırmağa səslədi. Maliyyə qurumları arasında belə təbliğat aparılırdı ki, SSRİ-i kreditləri geri qaytarmaq imkanlarını itirir və bu dövlətin valyuta gəlirləri kritik azalır. Həmin dövrdə SSRİ-nin valyuta gəlirlərinin 80%-i neft və qaz, silah və qızıl satışından əldə olunurdu. Təkcə neft və qaz satışından daxil olan valyuta ümumi valyuta gəlirlərinin 66%-ni təşkil edirdi. O dövrdə neftin qiymətlərinin bir dollar aşağı düşməsi Sovetlər Birliyinin 1 milyard dollara qədər gəlirdən məhrum edilməsi demək idi. Bundan başqa, Amerika SSRİ-ni mənasız bir müharibəyə də sürükləyə bildi. "Beynəlmiləlçilik borcu" adı altına Əfqanıstana girən Sovet İttifaqı bu müharibədə milyardlarla dollar itirdi. Bu reallıqları dəqiq hesablayan Vaşinqton SSRİ-yə qarşı hazırladığı planı reallaşdırmağa müvəffəq oldu, nəticədə nəhəng siyasi və iqtisadi sistem darmadağın edildi. Bu, əslində planın birinci mərhələsi idi.
***
ABŞ dünyaya ağalıq etmək və tək hökmranlığı təmin etmək kimi bəşəriyyət üçün təhlükəli bir planın icrası istiqamətində addımlarını davam etdirir və indi bütün dünya bu planın ikinci mərhələsinin ağır məziyyətlərini hiss etməkdədir. Gəlin əvvəlcə hadisələrin ardıcıllığına baxaq. Sovetlər Birliyi məlum yolla çökdürülür, ardınca Yuqoslaviya dağıdılır... "Ərəb baharı" adı altında Yaxın Şərqdə inqilablara start verilir... Rusiya isə Qərbin başının bu işlərə qarışdığı dönəmdə yaranmış fürsətdən məharətlə istifadə edir - neftin yüksək qiymətlərinin dünya bazarlarında tüğyan etdiyi bir dövrdə hərbi qüdrətini əsaslı şəkildə artırır. Ancaq bu, ABŞ-ın baş planını dəyişdirmir. SSRİ-nin çökdürülməsində yararlı olmuş vasitələrdən bu dəfə Rusiyaya qarşı istifadə edilir. Lakin bu dəfə daha geniş miqyasda... Yeni ssenaridə Rusiyanın çökdürülməsi təkcə neftin qiymətlərinin kəskin şəkildə aşağı salınması və bununla onu mühüm valyuta gəlirlərindən məhrum edilməsi yolu əsas xətt kimi nəzərdə tutulmur. Rusiya ciddi xərclər tələb edən və SSRİ ilə müqayisədə daha çox münaqişələrə cəlb edilməklə zəiflədilir. Baxın, nə baş verir? İqtisadiyyatı acınacaqlı vəziyyətdə olan Rusiya Krımın və şərqi Ukraynanın problemlərinin həllinə və şərqi Ukraynada aparılan hərbi əməliyyatlara böyük məbləğdə vəsait xərcləmək zorundadır. Digər tərəfdən, onun Suriyaya hərbi müdaxiləsi ciddi xərclərlə müşayiət olunur. Ardınca Türkiyə ilə münasibətlər kəskinləşir və bu ölkə ilə bütün siyasi və iqtisadi əlaqələr kəsilir. Türküyənin İraqın ikinci şəhəri Mosula qoşun yeritməsinə də Rusiya biganə qalmayıb. Aydındır ki, Rusiya üçün bir cəbhə də burada açılır. Çünki İraqda Rusiyanın həm də iqtisadi maraqları var. Rusiya şirkətləri İraqda neft hasilatı sahəsinə ciddi yatırımlar edirlər. Və nəhayət bütün bu olayların yaşandığı bir dönəmdə neftin bir barrelinin qiyməti onsuz da ürəkaçan olmayan məzənnədən - 50 dollardan 38 dollara enir. Bu isə Rusiya üçün nəfəsliyin bir qədər də daralması deməkdir...
***
Əslində ABŞ neftin qiymətini bir neçə gün ərzində 20 dollardan da aşağı sala bilər. Bunun üçün yetər ki, o yenə də öz müttəfiqi Səudiyyə Ərəbistanından hasilatı bir qədər də artırmağı "xahiş etsin", ya da prezident Obama ABŞ-dan neft ixracına qadağanı götürsün. Burada bir məqamı xüsusilə qeyd etmək lazımdır ki, həqiqət hər kəsə tam şəkildə aydın olsun: Neftin qiymətlərinin bu şəkildə aşağı düşməsinin səbəbi bu gün bazarın tələbatından artıq olan bir milyon barrel hasilatdır. Bazarın tələbatından bu qədər artıq olan neftin gündəlik hasilatının yuxarıda göstərdiyimiz hər hansı bir yolla əlavə olaraq 0,5 - 1,0 milyon barel artırılması isə onun qiymətlərini ABŞ-ın nəzərdə tutduğu həddə qədər endirəcəkdir. İran neftinə Qərbin yaşıl işıq yandırması da elə bu məqsədi reallaşdırmağa hesablanıb.
***
Göründüyü kimi, neftin qiyməti ətrafında əslində siyasi oyunlar gedir. Bəli, bu oyunların nəticəsi olaraq Azərbaycan da ötən illərdə neftin qiymətlərinin yüksək olması hesabına əldə etdiyi mənfəətin bir qismindən məhrum olacaq. Lakin bunu heç kim faciəyə çevirməsin. Bu gün əsl faciəni yaşayanlar ərəblərdir. Öz ölkələrindən rezin qayıqlarla qaçmaq istəyən, vətənlərini viran qoymuş ölkələrdən sığınacaq uman, sərhəd keçid məntəqələrində təhqir olunan, qayıqları batırılan və nəhayət qan gölündə boğulan ərəblərin halını, gününü görüb necə deyə bilərik ki, gəlirlərimizin azalması əsl faciədir? Dünyanın az qala yarısının yeməyə çörək tapmadığı, müsəlman ölkələrinin yerlə yeksan edildiyi bir dönəmdə biz firavan həyatımıza görə niyə şükr etməyək? Dünyanın başının üzərini qara buludlar aldığı bir vaxtda biz gəlirlərimizin azalmasını necə özümüzə dərd edə bilərik? Dəfələrlə demişik, bir daha təkrar edirik: Neftin qiymətlərinin aşağı düşməsi faktını əlində "bayraq" edib, "sosial gərginlik artacaq", "əmək haqlarında və pensiya ödənişlərində gecikmələr baş verəcək" və s. kimi çağırışlarla insanları çaşdıranlar zəhmət çəkib Azərbaycanın 2016-cı il dövlət büdcəsinin gəlirlərinin və xərclərinin strukturuna bir də baxsınlar. Büdcənin mədaxili neft gəlirləri nəzərə alınmasa belə sosial xərcləri artıqlaması ilə maliyyələşdirməyə yetirsə, bu hay-küy kimə lazımdır? Və nəhayət, bu gün dünyada gedən çirkin siyasi oyunlar şəraitində Azərbaycandakı ictimai-siyasi və sosial-iqtisadi sabitliyi vətəndaş olan hər kəs dəyərləndirməyə borcludur.
Fikrət Yusifov
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
İqtisad elmləri doktoru, professor
Trend
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər