Sahibkarlara son... XƏBƏRDARLIQ |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-12-2015, 15:58 | Şərh sayı: (0) | Baxılıb: 305
Sahibkarlara son... XƏBƏRDARLIQ
Bakının avtobus dərdi bitmək bilmir...
Milli.Az-a müraciət edən sərnişinlər, paytaxtın sərnişin nəqliyyatı sistemində xəttə yeni və müasir tələblərə cavab verən avtobusların buraxılmasını təqdir edir, eyni zamanda bəzi xətlər üzrə hələ də köhnə, çoxdan istismar edilən, hətta nasaz vəziyyətdə olan avtobusların xidmət göstərdiyindən şikayət ediblər: "Bəzi xətlərdəki avtobuslar köhnədir. Çoxdan istismar olunur, vəziyyəti də pis gündədir. Dəfələrlə olub ki, xarab olduğundan sərnişinləri yolda buraxıb gediblər. Avtobusların havalandırma, isitmə sistemləri də işləmir. Soyuq havada buz kimi avtobusda gedib-gəlməkdən təngə gəlmişik. Bu avtobuslar nə vaxt dəyişib normal avtobuslar gətiriləcək?"
Milli.Az-ın bu sorğusunu cavablandıran Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib ki, xəttə buraxılan avtobuslar mütləq qaydada saz vəziyyətdə olmalı, sərnişinlərin təhlükəsizliyi üçün heç bir problem yaranmamalıdır. Ona görə də, vətəndaşların təhlükəsizliyinin, onlara xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı bütün avtobus sahiblərinə xəbərdarlıq ediləcək ki, bu istiqamətdə maksimum tədbirlər görsünlər: "Əgər belə olmazsa, təbii ki, müvafiq qurumlar tətəfindən nasaz vəziyyətdə olan, xidmət göstərməyə yaramayan avtobuslar xətdən uzaqlaşdırılacaq. Avtobusun xətdən kənarlaşdırılması isə onun sahibkarının gəlirlərinın azalmasına gətirib çıxaracaq. Digər tərəfdən, qanunvericiliyə edilən dəyişiklikdən sonra nasaz avtobusların xəttə buraxılmasına görə cərimələr artırılıb və bununla bağlı yol polisinə də səlahiyyətlər verilib. Əgər yol polisi avtobusu saxlasa və orada texniki müayinə zamanı problem aşkar etsə, həm avtobus xətdən kənarlaşdırılacaq, həm də sürücü və sahibkar cərimə ediləcək. Yəni bütün hallarda belə faktlar sahibkarların işinə pis təsir edəcək, onların özləri maddi ziyana düşəcəklər. Ona görə də bununla əlaqədar avtobus sahibləri olan bütün fiziki və hüquqi şəxslərə son dəfə xəbərdarlıq ediləcək. Yeni avtobusların alınmasına gəlincə isə, bu, təbii ki, sahibkarların büdcəsindən asılı olan məsələdir".
Ş.Mehmanqızı qeyd edib ki, əhali nasaz, istismara yaramayan avtobusların xətdə buraxılması halları ilə rastlaşarsa, bu barədə Dövlət Avtomobil Nəqliyyat Xidmətinin (DANX) Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin "141" nömrəli "qaynar xətti"nə və ya 5617628/29 nömrələrinə telefonla məlumat verə, eyni zamanda, bununla bağlı əllərində olan foto, video və digər materialları NİİM-in info@niim.az elektron ünvanına yollaya bilərlər.
Xatırladaq ki, nəqliyyat vasitəsini nasaz vəziyyətdə xəttə çıxaran sürücü və fərdi sahibkar, hüquqi şəxs və ya hüquqi şəxsin cavabdeh nümayəndəsi məsuliyyət daşıyırlar və cəzalandırılırlar. İnzibati Xətalar Məcəlləsinə əsasən, buna görə vəzifəli şəxs 500 manatdan 800 manatadək, hüquqi şəxslər 2000 manatdan 2500 manatadək cərimə edilir. Bundan əlavə, nasaz nəqliyyat vasitəsini idarə etdiyinə görə sürücünün özü də 50 manat məbləğində cərimə olunur.
Qeyd edək ki, hazırda Bakıda sərnişindaşıma ilə ümumilikdə 31 fərdi şəxs və şirkət məşğul olur. Onlardan 12-si fiziki şəxs, 19-u hüquqi şəxsdir. Onların tabeliyində 2008 avtobus paytaxtda sərnişinlərə xidmət göstərir.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər