Dənizdə ölən ümidlər: "Məni tək qoyma, həyatım" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 10-12-2015, 08:34 | Şərh sayı: (1) | Baxılıb: 692
Dənizdə ölən ümidlər: "Məni tək qoyma, həyatım"
Dekabrın 4-də "Günəşli" yatağında baş verən hadisə 34 yaşı Xoşbəxt Səmədovun ailəsini gözüyaşlı qoyub. Əslən İsmayıllı rayonundan olan Xoşbəxt digər iş yoldaşları kimi güclü fırtına zamanı itkin düşüb. Ondan indiyədək bir xəbər yoxdur.
Dənizdə öz Xoşbəxtini itirən ailə hələ də ümidlə onun yolunu, yenə qapıdan içəri girəcəyi anı gözləyir.
"Ay qızım, ay oğlum, gələndə Xoşbəxti də gətirərdiniz. Nə olar, onu tapın, gətirin..."
Xoşbəxtin evində daxil olanda ailənin ağbirçəyi Çəməngül Səmədova bizi bu sözlərlə qarşıladı. Evə gələn hər kəsdən bir xoş xəbər gözləyən ana "Günəşli"də qalxan fırtına kimi çırpınırdı. Necə təsəlli verəcəyimizi, nə deyəcəyimizi bilmirdik.
"Xoşbəxt ilə hadisədən əvvəl danışmışdım. Dedim, ay bala, bu saatadək niyə zəng etməmisən? Hər gün saat 1-in yarısı zəng edirdi. Dedi, ay ana, burada "set" yoxdur, ona görə zəng edə bilmirdim. Ana-bala danışdıq, hal-əhval tutduq. Bu balamın sonuncu danışığı oldu",- deyə Xoşbəxtin anası bildirib.
Gözüyaşlı ana oğlunun itkin düşməsi xəbərini televiziyadan eşitdiyini deyib.
"Həmin gün televizordan yanğın xəbərini eşidəndə ürəyim sancdı. Ancaq hansı blokda olduğunu bilmədim. Sən demə kənddə hamı bilirmiş, amma mənə heç kim deməyib. Mən də latın əlifbasını bilmirəm ki, oxuyub Xoşbəxtin adını tapım. Bakıda uşaqlarım məsləhətləşiblər ki, kəndə gedək. Sonra deyiblər ki, uşaqlarla soyuq havada kəndə necə gedək, qoy elə ata, anamızı Bakıya gətirək. Bizi də o adla gətirdilər ki, guya yoldaşımı burada həkimə göstərəcəklər. O saat hiss etdim ki, partlayışda balama nəsə olub. Gəldim gördüm ki, ev dolu adamdır, balam yoxdur".
Oğlunun yoxluğuna dözə bilməyən ana heç nə ilə özünə təsəlli verə bilmirdi.
"Balam tapılmır, yoxdur. Özümə yer tapa bilmirəm. Yerlə göy arasında qalmışam. Heç nə ilə özümə təsəlli tapa bilmirəm. Oğlumun iki balasına baxanda ölürəm. Xoşbəxtin qızı boynunu büküb baxır mənə. Sizə qurban olum, yalvarıram, oğlumu tapın".
İtkin neftçinin həyat yoldaşı Jalə Səmədova hadisə baş verən gün Xoşbəxtlə bir neçə dəfə danışdığını deyib.
"Dekabrın 5-də demək olar ki, bütün günü telefonla danışdıq. Külək idi deyə işləmirdi. Xoşbəxt elə hər dəfə deyirdi ki, uşaqları qoru, ac saxlama, hava soyuqdur. Günorta mesaj yazdı ki, burada qaz sızıb, hava dəhşət küləklidir. Birdən mənə nəsə olsa, uşaqlara yaxşı bax, balalarımı sənə əmanət edirəm, sənə onlardan yaxşı baxan olmayacaq.
Son günlər Xoşbəxtin boğazı yaman pis ağrıyırdı, ağrısı keçmirdi . Deyirdi ki, məni nəsə bəla gözləyir, boğazımdakı şiş ağır xəstəlik olacaq".
Həyat yoldaşının sözlərinə görə, Xoşbəxtin evə qayıtmasında iki gün qalmışdı, uşaqları sevinclə onun yolunu gözləyirdilər.
"Evə qayıtmağına iki gün qalmışdı. İkicə günün bəlasına düşdü. Oğlum Murad deyir ki, mama atam 10-15 günə gələcək. Dəftərdə yol şəkli çəkir ki, atam bu yollarla qayıdacaq. (Ağlayır). Uşaqlar neçə gündür yata bilmirlər, axşam olan kimi ağlayırlar. Bilmirəm, onlar atasız necə yaşayacaqlar".
Xoşbəxt hadisə baş verən gün sonuncu dəfə qardaşı qardaşı Rəfael Səmədovla danışıb.
"Xoşbəxt axırıncı dəfə mənimlə danışdı. Mən televizorda hadisə ilə bağlı xəbəri görən kimi ona zəng etdim. Soruşdum ki, sizin blokdur? Dedi ,hə, bizim blokdur. Gəlib qurtaracaqlar. Qaz sızıb, partlayış olub, turbalardan asılı qalmışıq. Ondan sonra heç bir əlaqə yarada bilmədik.
Artıq yaşayacağına ümidimiz qalmayıb, bircə xahişimiz budur ki, qardaşımızı tapsınlar. Heç olmasa, gözümüzü yollarda qoymasınlar".
Xoşbəxtin digər qardaş Ələkbər Səmədov həmin günü belə xatırlayır: "14 ildir ki, qardaşım "Günəşli" yatağında işləyirdi. Biz dörd qardaşıq, dördümüz də neftçiyik. Həmin özüldə bir ilə yaxın olardı ki, çalışırdı. Biz işdən asılı olaraq özülləri dəyişirik. Axırıncı növbədə onu başqa özülə yazıblarmış. Həmin gün Xoşbəxt ilə böyük qardaşımla mən danışdım. Dedi ki, yanğındır, onları xilasedici qayıqlara yığıblar. Bildirdi ki, orada şəbəkə yaxşı tutmur, nigaran qalmayın.
Mən şəxsən xilas olunan uşaqlarla danışmışam , deyirlər ki, Xoşbəxt iki jileti üst -üstə geyinibmiş . Deyiblər ki, gəl bu biri qayığa otur, deyib ki, yox, elə burada oturacağam. Allahın qisməti beləymiş. Ailəmizin 5-ci övladı idi. İki bacım var, onlara hələ də ürək edib, xəbər etməmişik...".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər