"Günəşli" Qazaxda bir ailənin də ocağına od saldı |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 8-12-2015, 22:43 | Şərh sayı: (0) | Baxılıb: 1028
"Günəşli" Qazaxda bir ailənin də ocağına od saldı
Deyirlər, od düşdüyü yeri yandırar. Ancaq bu dəfə od təkcə düşdüyü yerlə kifayətlənmədi. Söhbət "Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğından gedir. İnsanların sözün əsl mənasında odla su arasında qaldığı bu hadisə ölkədə böyükdən kiçiyə hər kəsin kədərinə səbəb olub. Aidiyyəti qurumlar itkin düşən şəxslərin tapılması üçün əllərindən gələni edir. Ancaq təəssüf ki, 23 nəfərdən hələ də xəbər yoxdur. Onların içərisində Qazax sakini də var.
Kəpəz TV (Region TV) xəbər verir ki, Qazaxın Ağköynək kənd sakinlərinin gözü 4 gündür yoldadır. "Günəşli" yatağında baş verən hadisə zamanı 44 yaşlı Xalid İbrahimov da itkin düşənlər arasında olub. 10 ildən artıqdır qaynaqçı kimi fəaliyyət göstərən kənd sakini faciə baş verən zaman əmisi oğlu ilə telefonla danışaraq çalışdıqları neft yatağında güclü külək olduğunu bildirib.
Sadıq İbrahimov - Xalid İbrahimovun əmisi oğlu: "Axırıncı dəfə saat 6-da zəng etmişdi ki, tufandır. Hazırlaşırıq çıxmağa. Elə axırıncı zəngi də o oldu. Ondan sonra zəng eləmədi. Yoldaşı, mənim oğlum, qardaşım hamısı Bakıdadırlar. Biz də burada gözləyirik.
Ayın 15 gününü dənizdə keçirən Xalid İbrahimov rayonda təsərüffat işləri ilə məşğul olub. Zəhmətkeşliyi ilə yadda qalan kənd sakini elə bu xüsusiyyəti ilə də qohumların, qonşuların hörmətini qazanıb.
Gülşən Vəliyeva - Xalid İbrahimovun qonşusu: "Gözəl, zəhmətkeş oğlan idi, ailə başçısı idi. Balalarından, qohum-əqrəbadan ötrü özünü öldürürdü. Bir qonşunun xeyir-şəri olanda tez özünü çatdırırdı, maşını var idi, hara lazımdırsa, aparırdı. Allah özü köməyində dursun".
İsrail Məmmədov - Xalid İbrahimovun qonşusu: "İki qızı, bir oğlu var. Qızları məktəbdə oxuyur, oğlu da 10-cu sinifdədir. Qonşuluqda mehriban idi, xeyir-şərə yarayan idi. Yəni, hər cəhətdən yaxşı insan olub".
Təkcə faciədə itkin düşənlərin tanıdıqları yox, hər kəs, hər bir vətəndaş onların tapılması xəbərini gözləyir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər