Raqqa: İŞİD "paytaxt"ının sakinləri necə yaşayırlar? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-12-2015, 00:03 | Şərh sayı: (0) | Baxılıb: 250
Raqqa: İŞİD "paytaxt"ının sakinləri necə yaşayırlar?
200 minlik əhalisi ilə yarımsəhra coğrafiyada yerləşən Raqqa - 2014-cü ildə İŞİD adlanan təşkilat onu öz paytaxtı elan edənədək, çox az adam bu şəhər barədə eşitmişdi.
Raqqa şəhəri şimal-şərqi Suriyada yerləşir. Əslində son bir neçə əsr ərzində bu şəhərin elə bir əhəmiyyəti də olmayıb. Bura yalnız Suriyanın qərbdəki əsas şəhərləri ilə İraqın Mosuldan Bağdadadək qərbdə yerləşən şəhərləri arasında qovşaq məntəqəsi idi.
Bu şəhər ən böyük dəyişikliyi ötən əsrin 1970-ci illərində, yaxınlıqdakı Fərat çayı üzərində nəhəng su-elektrik bəndi tikiləndə yaşayıb. O zaman böyük aqrar layihələr Suriyanın başqa yerlərindən bura yeni imkanlar axtaran əhalinin axınına səbəb olmuşdu. Bu hadisə bölgənin demoqrafiyasını dəyişmişdi.
Raqqa Suriyanın bütün hissələrinə, habelə İraqa gedən yolların üstündə, geniş yarımsəhra ərazidə yerləşir. Görünür, məhz buna görədir ki, İŞİD adlanan təşkilat bu şəhəri özünə "paytaxt" seçib.
Bu şəhərdə vaxtilə özəl universitet və bəzi dövlət kollecləri olub. Raqqa bir vaxtlar kafelərlə dolu idi və yay aylarında adamlar gecənin gec saatlarınadək parklarda gəzər, restoranlarda yeyib-içər, qadınlar və kişilər bir-birinə qaynayıb-qarışardılar. İŞİD bu şəhəri ələ keçirməzdən əvvəl burada Əsəd rejiminə qarşı təşkil edilən mitinqlərə qadınlar kişilərlə birlikdə qatılırdılar.
Raqqa əyalətində sənaye yox idi və ölkənin böyüklüyünə görə üçüncü vilayətində işçilərin çoxu ya fermerlər, ya da hökumət qulluqçuları idi.
Tayfa həyat tərzi və münasibətləri bu yerlərdə hələ də çox güclüdür.
Şəhər Qərbi İraqdakı tayfalara qohumluğu olan sünni ərəb tayfaları tərəfindən məskunlaşıb. Bu şəhərdə, habelə vilayətin Eyn İssa kimi başqa şəhərlərində kürd azlığı da vardı. Lakin Suriyanın başqa yerlərində kürdlərlə İŞİD arasında döyüşlər başlanandan sonra Raqqadakı kürdlər şəhərdən qovuldular.
İŞİD qrupu şəhər üzərində tam nəzarəti ələ aldıqdan və başqa qiyamçı qruplaşmaları buradan qovduqdan sonra Raqqadakı idarəetmə yerli peşəkarlar və keçmiş məmurlar tərəfindən həyata keçirilir.
Cihadçıların şəriət hakimləri şəriət qanunlarını və xüsusi şəriət məhkəmələrini yaradıblar.
Raqqa şəhərinin və əyalətinin rəhbəri "vali" adlanır. Onun tabeçiliyində olan əmirlər şəhər idarəetməsinin müxtəlif sahələri üçün cavabdehlik daşıyırlar.
İŞİD qruplaşması tərəfindən tətbiq edilən cəza və cərimələr o qədər ağırdır ki, burada hakimiyyətə hər hansı şəkildə etiraz etmək divanəlik olardı.
İctimaiyyət qarşısında boyunların vurulması ilə edamlar geniş yayılıb. İŞİD hökmranlıq etmək üçün qəddar gücə və zorakılığa əl atır. Cəzaları adətən əcnəbi cihadçılar icra edirlər.
İlk vaxtlarda şəhərdə qalan əhali İŞİD hakimiyyətinə bir növ uyğunlaşmışdı. Çünki bu hakimiyyət müəyyən təhlükəsizlik və qanun-qaydanı, habelə xidmətləri və ərzaq təchizatını təmin edirdi. Lakin Rusiya və Fransanın bombardmanlarının intensivləşməsi ilə elektrik və su xətlərinin sıradan çıxması şəhər əhalisinin həyatını xeyli ağırlaşdırıb. İndi artıq burada həm də yanacaq qıtlığı var, çünki neft qurğuları və neftayırma zavodları hava zərbələri ilə dağıdılıb.
Yeniyetmə qızların və qadınların evdən çıxmasına yalnız onlara qohum kişi xeylağının (bu adətən onların atası, qardaşı və ya ərləri olur) müşayiəti ilə icazə verilir və başdan-ayağadək bütün vücudu örtən niqabın geyinilməsi bütün qadınlar üçün icbaridir.
Burada kişilərin geyimi də daxil, şəriət qanunlarının icrasına nəzarət edən xüsusi polis fəaliyyət göstərir. Siqaret çəkmək qadağandır və belə edənlər "əl-Hisba" adlanan şəriət polisinin əlinə keçəndə məsələ şallaqla qurtarır. Gündüz saatlarında bütün kişilərin namaz üçün məscidə gəlməsi məcburidir.
İŞİD qrupunun qanunlarından biri də budur ki, mobil telefonunda qadın şəkli tapılan hər bir kəs 30 şallaqla cəzalandırılır.
Futbola tamaşa etmək də qadağandır. Matçlara tamaşa etmək imkanı yaradan kafelər bağlanır.
Xansa batalyonu kimi tanınan qadın polisi küçələrdə keşik çəkərək qadınların İŞİD-in qaydalarına uyğun geyinmələrinə nəzarət edir. Bu batalyonun üzvləri əsas etibarilə İŞİD qrupu döyüşçülərinin arvadlarıdırlar. Onlar geyim qaydalarını pozanları cəzalandırır və qadın məhbuslara işgəncələr verirlər.
Gözəllik salonları bağlıdır və qadınların çoxu Xansa batalyonu ilə üzləşməmək, habelə hər hansı subay və ya dul cihadçıya ərə verilməmək üçün evlərini tərk etmirlər.
Öldürülmüş İŞİD yaraqlılarının arvadlarını yenidən başqa cihadçılara ərə getməyə məcbur edirlər. Onlara uşaq doğmaları məsləhət görülmür, belə ki nikahlar uzun sürmür. Gənc ərlərin əksəriyyəti ön cəbhədədir və hər an öldürülə bilərlər.
Belə bi ehtimal var ki, əcnəbi döyüşçülər axıradək vuruşmağa məcburdurlar. İŞİD-ə qoşulan avropalı qadın döyüşçülərin də qaranlıq bir gələcəyi var.
Raqqadakı suriyalıların əksəriyyəti inanır ki, İŞİD-in hakimiyyətinə bir gün son qoyulacaq. Lakin o vaxtadək repressiya və zorakılıqlar davam edəcək.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər