Dövlətdən oğurlanan 95 milyonu kim qaytaracaq? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 19-11-2015, 21:36 | Şərh sayı: (0) | Baxılıb: 355
Dövlətdən oğurlanan 95 milyonu kim qaytaracaq?
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparılan köklü kadr dəyişikliyi və kütləvi həbslər ölkə gündəminin əsas müzakirə mövzusu olaraq qalır. Son məlumatlara görə, başda nazirƏli Abbasov olmaqla nazirliyin 10-dan çox yüksək vəzifəli məmuru işdən çıxarılıb. İşdən çıxarılan məmurların bir neçəsi yol verdiyi nöqsana görə həbs edilib.
Baş Prokurorluğun yaydığı rəsmi məlumatda bildirilib ki, nazirlikdə baş verənlərin kökündə külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı dayanır.
Rəsmi məlumatda qeyd edilir ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti", "Rabitə Mülki Tikinti" MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri, tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45 faiz həcmində hissəsinin nağdlaşdırılaraq B.Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. Bundan sonra B.Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin Məhdud Məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıq alınmadığı, istifadə olunan avadanlığın, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən olunub.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom" MMC, "AzİnTelekom" MMC, "Azərpoçt" MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma" MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyən edilib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom" MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom" MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma" MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2-ci və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2-ci, 308.2-ci və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Rəsmi məlumatdan göründüyü kimi nazirlikdə 95 milyon dövlət vəsaiti mənimsənilib.
Yuxarıda adları çəkilən şəxslərin dövlətdən mənimsədiyi 95 milyon manat dövlətin balansına qaytarılacaqmı? Qanunla bu məsələ necə tənzimlənir?
Hüquqşünas Əliməmməd Nuriyev azvision.az-a açıqlamasında bildirib ki, mənimsənilən vəsaitin geri qaytarılması ilə bağlı məsələ istintaq zamanı öz həllini tapmalıdır. Mütəxəssisin sözlərinə görə, istintaq prosesinin gedişində 95 milyon manat vəsaitin hansı formada mənimsənildiyi və kimlərin, hansı məmurların bu prosesdə birbaşa təqsiri olduğu müəyyən ediləcək.
Hüquqşünas əlavə edib ki, istintaq zamanı mənimsənilən vəsaitin hansı istiqamətə xərcləndiyi aşkar olunandan sonra dövlət tərəfindən müvafiq addım atılacaq.
"Mənimsənilmə, təbii ki, ayrı-ayrı vəzifəli şəxslər tərəfindən həyata keçirilib. Vəsaitin dövlət büdcəsinə ödənilməsi ilə bağlı, ilk növbədə, məhkəmə qərar qəbul edəcək. Həmin vəsaitlə ev, avtomobil, torpaq, obyekt və digər əmlaklar alınıbsa, həmin əmlakın müsadirə olunması məsələsi ortaya çıxacaq. Burada mənimsəmə nəticəsində əldə edilən əmlakın müsadirə olunmasından söhbət gedir. Hər şeydən əvvəl bu məhkəmənin qərarı ilə bağlı məsələdir və qərarı məhkəmə verəcək".
Hüquqşünasın fikrincə, istintaqın gedişində dövlət vəsaitini talayan şəxslər zərərin ödənilməsi ilə bağlı addımlar atsalar, bu, normal qarşılanacaq: "Bütün hallarda dövlətə dəymiş ziyan ödənilməlidir. Günahkar və təqsirkarların kim olduğu ilə bağlı məhkəmənin qərarından sonra dövlətə dəymiş ziyan ödəniləcək".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər