Nə üçün biz şiələr dəstəmazda üzü yuduqdan sonra qolları yuxarıdan aşağıya yuyur? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 11-11-2015, 17:38 | Şərh sayı: (0) | Baxılıb: 1418
Nə üçün biz şiələr dəstəmazda üzü yuduqdan sonra qolları yuxarıdan aşağıya yuyur?
Sual 1: Nə üçün biz şiələr dəstəmazda üzü yuduqdan sonra qolları yuxarıdan aşağıya yuyur və ovcumuzdakı dəstəmaz suyu ilə (təri) ilə başın qabağına məsh çəkirik, ayaqlarımızın üstünə də əlimizdə qalmış dəstəmaz təri ilə məsh edirik; amma sünnilər bizdən fərqli olaraq, (bəziləri) başa qulaqlarla birlikdə məsh edir, ayaqları isə məsh əvəzinə yuyurlar?
Cavab: On iki imamçı şiələrlə sünnilər arasında bəzi vacib dəstəmaz hökmlərində fərq var:
1.Şiə fiqhində üzü yuxarıdan aşağıya yumaq vacibdir. Bəziləri üzün yuxarıdan aşağıya yuyulmasını ehtiyat hesab edir.("Urvətül-vusqa”, dəstəmazın əməlləri fəsli) Amma sünnə əhli yekdil olaraq belə hesab edir ki, üzü yuxarıdan aşağı yumaq müstəhəbdir.(Əl-fiqh ələl məzahibil-xəmsə”, s. 35, "Əl-fiqh ələl məzahibil-ərbəə” 1-ci cild, fəraizul vuzu səh. 54. "Səlatul-mumin”, əl-Qəhtani,, Əl-qəhtani c. 1, s.41-42.)
2.Bizim fiqhdə qolları (dirsəkdən aşağı) yuxarıdan aşağıya yumaq vacibdirsə, sünnilər yekdil olaraq bildirirlər ki, insan əlləri yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya yumaqda azaddır, eləcə də, aşağıdan (barmaqların başından) yuxarıya yumaq müstəhəbdir.("Əl-fiqh ələl məzahibil-xəmsə”, s. 35, "Əl-fiqh ələl məzahibil-ərbəə” 1-ci cild, səh. 65. "Səlatul-mumin”, əl-Qəhtani,, Əl-qəhtani c. 1, s.41-42.)
3.Bizim fiqhdə başın qabağını məsh etmək vacibdir. Amma bu barədə sünnilər arasında fikir ayrılığı var. Bildiyiniz kimi, sünni məzhəbi maliki, hənbəli, hənəfi, şafei olmaqla dörd qrupa bölünür.
Hənbəlilərin fikrincə, bütün başa qulaqlarla birlikdə məsh edilməlidir. Onlar qulaqları başa aid edir və bu barədə rəvayət də göstərirlər.(Səlatul-mumin”, əl-Qəhtani,, Əl-qəhtani c. 1, s.45.)
Hənəfilərin fikrincə, başın dörddə birini məsh etmək vacibdir.
Şafeilərin əqidəsinə görə, hər nə qədər olsa başın bir hissəsinə məsh çəkmək vacibdir.("Əl-fiqh ələl məzahibil-xəmsə”, s. 36-37, "Əl-fiqh ələl məzahibil-ərbəə” 1-ci cild, fəraizul vuzu səh. 53. "Səlatul-mumin”, əl-Qəhtani,, Əl-qəhtani c. 1, s.42-46.)
Sünnilərin bəziləri isə belə hesab edirlər ki, məsh əvəzinə baş yuyulsa və ya ona su tökülsə, kifayət edər.(həmin mənbə)
4.Şiə fiqhinə görə ayaqların üstünə məsh çəkmək vacibdirsə, sünnilər yekdil olaraq ayaqların yuyulmasını vacib hesab edirlər.(həmin mənbə)
Beləcə, şiələrlə sünnilər arasında dörd məsələdə fikir ayrılığı var:
1.Biz üzün yuxarıdan aşağıya yuyulmasını vacib bilir, onlar isə müstəhəb hesab edirlər. Bizim dəlilimiz Peyğəmbərin (s) dəstəmazda üzünü yuxarıdan aşağıya yumasını bildirən rəvayət və imamın (ə) əmrini çatdıran hədisdir: "Üzünüzü yuxarıdan aşağıya yuyun”("Vəsailüş-şiə”, 15-ci fəsil, hədis-22.).
Sünnə əhli isə bildirir ki, "fəğsilu vucuhəkum”( "üzünüzü yuyun”) ayəsi(Maidə”, 6) üzü yumağı əmr etmiş və yuxarıdan aşağıya yumaq məsələsinə toxunmamışdır. Onların fikrincə, üzün necə yuyulması barədəki rəvayətlər bu hökmü vacib yox, müstəhəb edə bilər.
2.Biz əlləri yuxarıdan aşağıya yuyulmasını vacib bilir, onlar isə müstəhəb hesab edirlər. Bu hökm üçün dəlilimiz həzrət Peyğəmbərin (s) dəstəmazda əllərini yuxarıdan aşağıya yumasını nəql edən rəvayət və imamın (ə) uyğun ayənin təfsiri zamanı bir buyuruğudur: "Əllər yuxarıdan aşağıya yuyulmalıdır.”("Vəsailüş-şiə”, 19-cu fəsil, hədis-1.)
3.Biz başa məsh edilməsini vacib və müəyyən bilirik. Sünnilər isə hətta öz aralarında bu barədə fərqli əqidədədirlər. Başın qabaq hissəsinin bir miqdarına məsh çəkilməsi barədə rəvayətlərdən birində Zürarə imam Baqirdən (ə) soruşur: "Başın və ayaqların bir hissəsinə məsh çəkilməsini haradan bilirsiniz?” İmam buyurur: "Ey Zürarə bu hökmü Allahın Rəsulu (s) buyurmuş və bu barədə ayə nazil olmuşdur. Allah "üzünüzü yuyun” buyurduqdan sonra sözünə davam edərək "başınıza məsh edin” əmr etmişdir. "Bi ruusikum” kəlməsinin əvvəlindəki "bi”-hərfindən başa düşürük ki, məsh başın bəzi hissəsinə aiddir.”
Beləcə, ayənin özündən də məlum olur ki, başın bir hissəsinə məsh vacibdir. Amma sünnə əhli uyğun ayəni fərqli anladığından öz aralarında ixtilafa düçar olmuşlar. Onlardan bəziləri belə bir rəvayət nəql edirlər ki, həzrət Peyğəmbər (s) əlini qabaqdan arxaya və təkrar arxadan qabağa gətirməklə bütün başa məsh çəkirmiş.(Səhihe-Buxari”, h.185, Səhihe-Müslim, hədis-235.) Başqa bir rəvayətdə isə qulaqların da başdan hesab edildiyi bildirilir.("Səlatul-mumin, əl-Qəhtani”, cild -1, s.45) Digər bir rəvayətdə isə şəhadət (səbbabə) barmağın qulağa daxil edilib, orta barmağı qulağa çəkmək lazım bilinir.(həmin mənbə, s. 42) Amma bu hökm müstəhəb hesab edilir.
Uyğun ayədən görünür ki, üzün yuyulması ilə başa məsh çəkilməsi arasında əsas fərq "bi”-hərfidir. Sünni alimlərindən bir çoxu "bi” hərfini "bəzi” mənasında qəbul etsələr də, bəzi alimlər həmin mənanı təsdiq etmirlər.("Əl-fiqh ələl məzahibil-xəmsə”, c. 1, s. 65.)
4.Şiələr ayaqlara məsh çəkilməsini vacib bilirlərsə, sünnilər yekdil şəkildə ayaqların yuyulmasını vacib hesab edirlər.
İstinad etdiyimiz ayəyə bir daha nəzər salaq. "Maidə”, 6: "ya əyyuhəlləzinə amənu iza qumtum iləs-səlati fəğsilu vucuhəkum və əydidəkum iləl-mərafiqi vəmsəhu biruusikum və ərculəkum iləl-kəbəyn.” Ayənin tərcüməsi: "Ey iman gətirən kəslər namaza durduğunuz vaxt üzünüzü və dirsəyədək əlinizi yuyun; başınıza və dikinədək ayağınıza məsh çəkin.” Şiələr ayəni yuxarıdakı kimi tərcümə etmişlər. Amma sünnilər belə hesab edirlər ki, "yuyun” əmri baş və ayağa da aiddir. Ona görə də ayəni belə tərcümə edirlər: "Üz və əllər kimi ayaqlarınızı da yuyun.” Cavab olaraq deməliyik ki, ayədə yuyun əmri yalnız üz və əllərə aiddir. Ərəb dilinin qrammatikasından xəbərdar olanlar deyilənləri daha yaxşı anlaya bilərlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər