Erkən nikah: İslam buna “hə” deyirmi? |
Müəllif: Admin | Bölmə: Slide, Xanimlar üçün, Məqalələr | Vaxt: 2-04-2017, 17:05 | Şərh sayı: (0) | Baxılıb: 524
Erkən nikah: İslam buna “hə” deyirmi?
İslamda həddi-buluiğ və erkən nikahlar məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilir. Bu barədə İslam alimləri arasında da müxtəlif rəylər mövcuddur. Hətta son dövrlər bu müzakirələrin daha da artması və qadının yetkinlik yaşı barədə rəylərin dəyişəcəyi haqda da məlumatlar eşidirik. İslam.az oxucuların diqqətinə fəlsəfə doktoru Rauf Məmmədovun problemə baxışını təqdim edir. Qeyd edək ki, bu yazını yalnız müəllifin, bizim üçün də məntiqli görünən, rəyi kimi təqdim edirik. Fərqli fikir və yanaşmaları da saytımızda dərc etməyə hazırıq.
Qurani-Kərimdə nikah yaşı ilə bağlı ayələr
İslam dininin əsas mənbəyi olan Qurani-Kərimdə nikah yaşı ilə bağlı konkret bir məlumat yoxdur. Çünki yetkinlik həddi fərdlərin fiziki və əqli səviyyələrinə görə müxtəlif olduğu üçün, onun konkret bir yaş ilə ifadə edilməsi mümkün deyildir. Buna görə də, Qurani-Kərimdə yalnız həddi-buluğ (rüşd) səviyyəsi ilə əlaqədar ayələr vardır.
Qurani-Kərimdə yalnız həddi-buluğ (rüşd) səviyyəsi ilə əlaqədar ayələr:
“Yetimləri yetkinlik yaşına çatanadək imtahana çəkin. Əgər onların həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın.” (Nisə, 6)
“Yetimin malına xeyirxah məqsəd istisna olmaqla, həddi-buluğa çatanadək yaxın düşməyin” (Ənam, 152).
Bu ayələrdən göründüyü kimi, yetimlər həddi-buluğa (rüşd) çatdıqdan sonra miras malları özlərinə qaytarılmalıdır. Burada yaş göstərilmir. Çünki yetkinlik yalnız fizioloji deyil, həm də psixoloji, əqli təkamüldür. Lakin, şəxsin miras buraxılan mala sahib çıxması üçün, onun həmin malı (pul, qızıl, mülk) istifadə etmək qabiliyyəti və həm də ona sahib olması barədə hüquqi sənədi olmalıdır. Bu qabiliyyət və sənədin əldə olunması üçün, gənc ən azı 17-18 yaş həddinə gəlməlidir. 12-13 yaşında kimsəsiz, yetim bir qızın və ya oğlanın öz malını istifadə etməsi və onu artırması (ticarət ilə) inandırıcı deyildir. Həmçinin, uşaqların bu yaşda mülkiyyət və miras sahibi olması da mümkün deyildir.
Böyük məzhəb alimləri olan İmam Əbu Hənifə və İmam Şafii də bunu təsdiq edirlər. İmam Əbu Hənifə yetkinlik çağının (rüşd) oğlanlar üçün 18, qızlar üçün 17 yaş, İmam Şafii isə hər ikisi üçün 15 yaş müəyyən etmişdir. Lakin, Əbu Hənifə mülkiyyət hüququnun verilməsi üçün 18 yaşı az hesab etmiş və onun 25 yaşda olmasını tam yetkinlik (rəşid) yaşı kimi qəbul etmişdir. Osmanlı dövlətində də mülkiyyət məsələsində rüşd səviyyəsi 20 yaş kimi təyin olunmuşdur.
İslam dinində nikaha daxil olan qızların öz həyat yoldaşlarını atalarının razılığını da nəzərə almaqla sərbəst seçmək hüququ vardır. Qızı, qəbul etmədiyi şəxs ilə evlənməyə vadar etməyə heç kimin haqqı yoxdur. Yetkinlik yaşına çatmamış bir qızın belə bir seçim etmək qabiliyyəti yoxdur.
İslamda nikah - əqli, fiziki və psixoloji sağlam olan qadın və kişinin arasında ailə qurmaq məqsədilə qarşılıqlı razılaşma əsasında bağlanan hüquqi aktdır. Bu hüquqi akt nəticəsində ortaya qoyulan hüquqi sənəd tərəflərin qarşılıqlı vəzifə, məsuliyyət və öhdəliklərini müəyyənləşdirir. Qadın dünyaya övlad gətirməklə öz əsas vəzifəsini yerinə yetirir və bununla kişiyə nəslinin davam etdirilməsini təmin edir. Kişi isə, əvəzində ailəsini qorumaq, onu təmin etməklə məsuliyyət daşıyır. Yetkinlik yaşına çatmamış bir qızın sağlam övlad gətirməsi nə qədər çətindirsə, həddi-buluğa çatmamış bir oğlanın da mehir vermək və ailəsini maddi təmin etmək imkanları məhduddur.
Məlum olduğu kimi, İslamda nikaha daxil olan qızlara mehir (müəyyən məbləğdə pul və ya qızıl) verilir. Mehir, ailədə qadının xüsusi mülkiyyətinə aid olan bir maddi dəyər kimi, onun sərbəst iqtisadi fəaliyyətinə stimul verir. Lakin, yetkinlik yaşına çatmamış bir qızın bu maddi dəyəri artırmaq və ondan səmərəli şəkildə istifadə etmək qabiliyyəti yoxdur.
Bu baxımdan, Qurani-Kərim və hədislərdə həddi-buluğ ilə bağlı verillən məlumatların təhlilindən gəlinən orta məxrəc ondan ibarətdir ki, qızlar və oğlanlar nikaha daxil olarkən əqli-psixoloji və fiziki cəhətdən yetkin olmalı, iqtisadi müstəqillik və şəxsi həyatı müəyyənləşdirmək ilə əlaqədar sərbəst qərar vermək qabiliyyəti olmalı, icbari təhsil müddətini bitirməli, ailəsini təmin etmək və gəlir əldə etmək iqtidarında olmalıdır. Bütün bu şərtləri nəzərə alsaq, Qurani-Kərimə görə yetkinlik yaşının 17-18 yaşdan əvvəl olması mümkün deyildir.
Talaq sürəsinin 4–cü ayəsinin şərhi ilə bağlı təhriflər
“Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın (iddəsi barəsində) şübhəniz varsa, onların, eləcə də heyz halı kəsilənlərin (vəllai ləm yahidnə) də gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırar.” (Talaq 4)
Qərb şərqşünasları Talaq sürəsinin 4–cü ayəsində “heyz halı kəsilən” (vəllai ləm yahidnə) ifadəsinə istinad edərək erkən evliliyə (pedofiliya) dəlil axtarmağa çalışırlar. Maraqlıdır ki, islam aləmində də bu ifadəni “hələ heyz görməmiş qızlar” kimi tərcümə edərək və bu şəkildə ona şərh verərək, islam düşmənlərinin fitnələrini təsdiq edirlər. Halbuki, “vəllai ləm yahidnə” ifadəsində nə “hələ”, nə də “qız” sözləri vardır. “Hələ heyz görməmiş” ifadəsini ərəbcəyə tərcümə etsək “əllaai ləmma yahidnə” olardı. Halbuki, ayədə belə deyildir. Ayənin hərfi tərcüməsi “heyz halı kəsilən, aybaşısı dayanan, aybaşının dayandığını görən (qadın)” kimi olmalıdır.
İkincisi, bu ayə yetkin qadınlardan bəhs etdiyi üçün, onlara münasibətdə “nisə” (yetkin qadın) ifadəsi işlənir. Əgər, burada həddi-buluğa (rüşd) çatmayan qız uşaqları nəzərdə tutulsaydı, onun ərəbcə qarşılığı (vildan, vələd, bənat) olardı. Halbuki, ayədə tərcüməçilər “qız” sözünü özlərindən əlavə edirlər.
Burada “heyz halı kəsilən” (vəllai ləm yahidnə) ifadəsi tibbdə “sekonder amenore” (aybaşısı bir müddət kəsilən) kimi tanınan qadın xəstəlik halı ilə bağlıdır. Bunu, “hələ heyz görməmiş” kimi təqdim olunması İslam dinində erkən evliliyin olmasını ortaya qoymaq üçün bir bəhanə axtarışıdır. Çünki heyz halı yaşamayan kiçik qızın 3 ay gözləməsinə nə lüzum var? Axı, onun 3 aydan sonra hamilə olmaq ehtimalı əşyanın təbiətinə yaddır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər