Cihad kəlməsinin məna genişliyi |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 11-01-2016, 07:26 | Şərh sayı: (0) | Baxılıb: 904
Cihad kəlməsinin məna genişliyi
Adətən fiqhi kitabları oxuyanlardan, şəriət məsələlərində söz sahibi olanlardan soruşanda, deyirlər: "Cihad üç qismdir: ibtidai cihad, müdafiə xarakterli cihad, azğın üsyankarlara qarşı olan cihad.”
Deməli, cihad üç hissəyə ayrıldı. Birinci növü ibtidai olub, imamın əmri ilə həyata keçirilir. Yəni, Allahın vəlisi hidayət yollarını kəsmiş maneələri aradan qaldırmaq, İslam hökumətinin İslamı dünyada genişləndirə bilməsi üçün ibtidai cihad əmri verə bilər. Əlbəttə bu, kafirləri zorla İslamı qəbul etməyə vadar etmək deyildir, məqsəd hidayət yollarını açmaqdır. Qurani-Kərimdə bu barədə buyurulur:
"Küfr və azğınlıq rəhbərləri ilə müharibə edin...”
Bu ibtidai cihaddır. Cihadın başqa bir növü müsəlmanlar düşmən tərəfindən həmləyə məruz qaldıqları zaman müdafiəyə qalxdıqları cihaddır. Üçüncü növ cihad da budur ki, iki dəstə müsəlman tərəfləri arasında müharibə baş verər və münaqişəni sülh yolu ilə həll etmək mümkün olmazsa, onda məzlum tərəfə kömək qəsdi ilə cihada qalxırlar. Belə cihad üsyankar dəstə ilə "cəng cihadı” adlanır. Və ya hakim fərman verir ki, azğın dəstə ilə mübarizə etsinlər. Cihadın sadaladığım bu üç növündən hamının az-çox xəbəri var.
İmam Hüseyn (ə) buyurmuşdur: "Mən mübarizəyə qalxmışam və Allah yolunda cihadı davam etdirəcəyəm”. Görəsən, imamın nəzərindəki cihad, həmin üç növ cihadın hansı qismindən sayılır? Kərbəlada baş vermiş cihad hansı növ cihada aid edilməlidir?
Aydındır ki, nə kafirlərlə olan ibtidai və nə də müdafiə xarakterli cihad deyildi. Çünki, müdafiə üçün edilən cihad da kafirlərin müsəlmanlara həmlə etdiyi vaxt baş verir. Əlbəttə, şəxsi müdafiə məsələsi var. Amma bu müdafiə cihad adlanmır. Üsyankar dəstə ilə olan müharibə də deyildi. Belə müharibədə Cəməl döyüşündə olduğu kimi, müsəlmanların rəhbəri üsyankar tərəflə mübarizə aparır. Bəs onda bu necə cihad idi ki, imam ailəsi ilə birlikdə Kərbəlaya gəlir və axıra qədər də müqavimət göstərir. Hətta südəmər körpəsi də öldürülür.
Bu sualın cavabı budur ki, əmr be məruf məsələsində olduğu kimi, cihad da müxtəlif istilahi mənalara şamil edilir. Bir tərəfdən cihad elə geniş məna kəsb edir ki, mal-dövlət, İslamın yayılması yolunda pul xərc etmək, kafirlər əleyhinə iqtisadi mübarizəyə qalxmaq və düşmənin təbliğat kompaniyasının qarşısını almaqla aparılan mübarizə də cihada şamil edilir. Qurani-Kərim bu barədə buyurur:
"Allah yolunda malınızla, canınızla cihad edin...”
Bu mənada malla edilən cihad da, cihadın bir növü sayılır və cihad məfhumunun əhatə genişliyini göstərir.
Əlbəttə, cihad sözü lüğətdə olan mənası baxımından bütün deyilənlərə şamil olur. Çünki, cihad lüğətdə "çalışıb-vuruşmaq”, "səy etmək” mənasındadır. Bu mənaya diqqət etsək, düşmən və ya hər hansı maneə qarşısında səy edib çalışmaqdır. Bu vəzndə olan sözün tələb etdiyi məna budur. Amma bu o demək deyildir ki, hökmən həmin maniə qılınc olmalıdır. Mümkündür ki, maniə düşmənin iqtisadi və ya təbliğat qurğusu olsun. Bu yerlərdə də mübarizə cihada aid olur. Quranda bu barədə buyurulur:
"Allah mücahidləri və malları ilə canları ilə fədakarlıq edənləri (fəaliyyət etməyib) yerlərində oturanlardan üstün qərar vermişdir.”
Cihadın bir növü də canla olan cihaddır. Yəni, canı bu yolda fəda etmək, ölüm təhlükəsinə salmaq. Başqa bir cihad da nəfslə edilən cihaddır. Yəni, şeytani və nəfsani istəklər əleyhinə mübarizəyə qalxmaq. Bu cihada "böyük cihad” deyilir. "Böyük cihad” kitabı əxlaqi məsələlər və nəfslə mübarizə yolları barədədir. Elə bu səbəbdən də "Vəsailüş-şiə” kitabında Hürr ibn Amili cihad fəslinin ardınca əxlaqi məsələlərə və nəfslə olan cihada başlayır.
Deməli, aydın oldu ki, cihad məfhumu geniş məna ifadə edib mal-dövlət, dil, qələm və hətta insanın öz nəfsi ilə olan cihada da şamil olur. Bu cihad məfhumunun məna genişliyidir. Amma əhkam kitablarında, dini təlimat və şəriətdə rastlaşdığımız cihad məfhumu İmam Hüseynin (ə) gördüyü işlərə şamil olmur, ancaq qeyd etdiyim üç növ cihadı əhatə edir. Bu iki misalı çəkməklə demək istəyirəm ki, bəzən məfhumlar iki cür məna olunur: Ümumi və xüsusi mənada. Hər hansı bir istilahi məfhumun xüsusi mənası xüsusi şərait və xüsusi bir cəmiyyətdədir. Lakin ümumi məna mümkündür leksik məna daşıyaraq cəmiyyətdəki dəyişikliklərdən təsirlənsin, yeni məfhumlar kəsb etməklə daha da genişlənsin.
Hər halda cihadın ümumi mənasını, yəni düşmən əleyhinə Allah yolunda çalışmağı nəzərdə tutsaq, əmr be mərufun əksər nümunələrini cihad saymaq olar. Başqa bir tərəfdən, əgər əmr be məruf və nəhy əz münkərin ümumi mənasını nəzərə salsaq, təqribən cihadın bütün növlərini, nəfslə olan cihaddan başqa, öz əhatə dairəsinə alır. Çünki biri, digərini yaxşı işlərə dəvət edir, o birisi onları pis işlərdən çəkindirir. Ona görə də bu iki məfhum çox yerdə üst-üstə düşür. Belə məfhumlar barəsində deyilir: Birlikdə olduqda ayrı-ayrı mənalar, ayrı-ayrı olduqda isə eyni mənalar kəsb edir. Əmr be mərufu cihadın yanında zikr edəndə, sanki demək istəyirik ki, firuiddin ondur. Altıncısı cihaddır, yeddincisi əmr be məruf. Yəni, əmr be məruf cihaddan fərqlidir. Bu iki məfhum bir-birinin yanında zikr olunanda, mənaları da bir-birindən ayrılmış olur və artıq cihad əmr be mərufa şamil edilmir. Eləcə də, əmr be məruf cihada aid edilmir. Ruhani tələbələr bu kimi məfhumlar barəsində belə bir istilahı işlədirlər: Birlikdə olduqda ayrı-ayrı mənalar, ayrı-ayrı olduqda isə eyni mənalar kəsb edir. Yəni elə ki, yanaşı yad edilirlər, mənaları bir-birindən fərqlənir, amma onlardan biri təklikdə istifadə edilsə, biri digərinə şamil olacaqdır. Yəni, əmr be məruf cihada və cihad da əmr be mərufa şamil ediləcək.
Mümkündür ki, bu məsələ müqəddimə olaraq, əksər məsələlərdə istifadə edilsin. İmam Hüseyn (ə) - mən əmr be məruf və nəhy əz münkər üçün qiyam etmişəm – deyə buyurduqda, o həzrət yalnız istilahi və məhdud mənada olan əmr be mərufu nəzərdə tutmur. Çünki, belə əmr be mərufun şərtlərindən biri budur ki, arada can təhlükəsi olmasın. Bu, nəzəri əmr be mərufun ümumi mənası ilə daha uyğun gəlir. Bu mənada hətta təhlükəsini bilə-bilə, canı bahasına başa gələcək, ölümünə səbəb olacaq təhlükəli bir əmr be məruf qarşıya çıxır. Bu barədə əmr be mərufun vacibi növləri də var, lakin bu istilah daha ümumi olub, bizim başa düşdüyümüz istilahdan fərqlidir. Belə incə nöqtələrə çox az gəlirik. Baxmayaraq ki, mən bu sözü artıq bir-iki dəfə demişəm, yenə də təkrar edirəm. İmam Xomeyni buyurmuşdur: "Əmr be mərufun bəzi məqamlarında təqiyyə etmək haramdır; hətta ölümlə nəticələnsə belə.” İmam Xomeyni (r) öz risaləsində, mühüm və önəmli işlərdə təqiyyə olunmamalıdır – deyə buyurmuşdur. Bu barədə bir neçə misal da çəkmişdir. O cümlədən buyurur: "Əgər müsəlmanların qibləgahı olan Kəbə evi xarab olub, uçmaq təhlükəsi qarşısındı qalsa, düşmən Kəbəni dağıtmaq istəsə, belə yerdə artıq durub araşdırmamalısan ki, birdən əmr be məruf etsək, canımız xətərə düşər, zərər görərik. Əmr be məruf etməyək. Əksinə, nəyin bahasına olursa-olsun, düşmənlə mübarizə aparıb, əmr be məruf edilməlidir. Hətta insanın canı bahasına başa gəlsə də. Kəbəni qorumaq adi vacibatlar kimi deyil. Əgər peyğəmbərlərdən və ya imamlardan birinin həyatı təhlükədə olsa, düşmənlər peyğəmbəri öldürmək istəsə möminlər deməlidirlər ki, birdən qabağa getsək, yaralanarıq, başımız yarılar?! [Bağışlayın, risalədə imamın təbiri belə deyil. Buyurur:] Onda deməlidirlər ki, arada can qorxusu var, qabağa getmək haramdır! Qoy peyğəmbəri öldürsünlər! İslam maarifi ilə azacıq tanışlığı olan bir kimsə bilir ki, belə deyil. Gedib peyğəmbərə nicat verməlisən, hətta min nəfər adam həlak olsa belə, məsum imamı təhlükədən qurtarmalısan.”
İmam bu misalı başqa bir misalla yanaşı çəkərək, ümumilikdə bəzi vaxtlarda İslamın əsaslarını, vəhdətini sarsıdacaq təhlükə qarşıya çıxarsa, əmr be məruf etməyin vacibliyini və təqiyyə etməyin caiz olmadığını bildirmişdir. Mən ictihad və təhqiq əhli olanlardan imamın işini davam etdirmədikləri üçün narazıyam. Bu kimi həyati məsələlərin dəqiq şərtləri və hüdudları təyin edilməlidir. İmam Xomeyni (r) bu baxımdan bir-neçə mühüm məsələni aydınlaşdırıb, lakin digər nöqtələr də araşdırılıb, üzə çıxarılmalıdır. Yaxşı olardı ki, bu məsələlər günün tələblərinə uyğun araşdırılsın. Bu gün peyğəmbəri və imamı öldürmək ancaq qılıncı əlinə alıb kimi isə öldürməkdən fərq edir. Bu günlər peyğəmbəri yox, peyğəmbərliyi qılınclayırlar, imaməti və vilayəti məhv etmək itəyirlər. Bu gün İslam cümhuriyyətində ölkənin birinci dərəcəli şəxsiyyətlərinin xüsusi ehtiram etdiyi adamlar çəkinmədən yazırlar ki, peyğəmbərin ölümü ilə vilayət də qurtardı. Həmin iddianın sahibi belə deyir: "Vəhy şəxsi bir təcrübədir və biz heç bir zaman kiminsə peyğəmbərliyini isbat edə bilmərik. Deyə bilmərik ki, filankəs həqiqətən peyğəmbərdir, ya yox. Peyğəmbər də digər adi insanlar kimi hətta vəhyin dərkində belə səhvə yol verə bilər. Hətta vəhyi anlamaqda! Peyğəmbərin ölümündən sonra artıq vilayət də yoxdur”. Məhərrəmlikdə, aşura gecəsində həmin bu şəxsi İslam alimi adı ilə dəvət edirlər ki, tələbələr və müəllimlər üçün söhbət etsin. Bu il də dəvət etmişdilər. Sizcə bu daha pisdir, yoxsa peyğəmbəri öldürmək? Əgər bir peyğəmbər öldürülsə, hədəfi daha çox davamlı olub, qorunub saxlanılacaq. Necə ki, İmam Hüseyn (ə) şəhid ediləndə, bəşəriyyətə örnək olacaq hədəfi, həmin qanı ilə qorunub yaşandı. Amma peyğəmbərin peyğəmbərliyini öldürəndə, artıq ortada bir şey qalmır. Belə olan halda, bu gün biz bu məsələnin qarşısında deyə bilərikmi ki, qorxuram başıma bir iş gələ, bir söz deyərəm, sonra məni təhqir edərlər?
Sizcə bütün bu bəhanələr üzürlü sayıla bilərmi? Bizim dövlət və din xadimlərimizin bu məsələdən xəbərləri yoxdur? Bu cür adamlar tərəfindən ortaya çıxacaq xətərləri görmürlər? Yoxsa əhəmiyyət vermirlər? Bu axır işlərdə günbəgün cəmiyyətimizdə dinin zəiflədiyini bilməyən varmı? Bu məsələdən xəbəri olmayan kimdir?
Allah şahiddir, hərdən xarici ölkələrə gedirəm. İngiltərədə, Amerikada və digər xarici ölkələrdə yaşayan müsəlmanlara deyə biləcək cavabımız yoxdur. Deyirlər: "Biz sizin ölkənizi keçən il də görmüşdük, bu il də gəlib gördük. İnana bilmirik ki, bu bizim keçən il gördüyümüz həmin ölkədir.”
Bu tənəzzülün səbəbkarı kimdir, nədir? Niyə bu gün vəziyyət bu yerə gəlib çıxıb? Əgər siz bu məsələnin səbəblərini araşdırmalı olsanız, iki növ amillə üzləşəcəksiniz: Birincisi, mətbuat, nəşriyyat və məzmunca azdırıcı olan kitablar. Bunların məsuliyyəti mədəniyyət nazirliyinin öhdəsindədir. İkincisi isə, ölkədə günahı müsbət şəkildə cilvələndirməyə çalışan bəzi orqanların fəaliyyətidir. Bu fəaliyyətlərin nəticəsində camaat günaha təşviq edilir, fəsada zəmin yaradılır, cavanlara dəyər, qiymət vermək adı ilə onları günaha doğru istiqamətləndirirlər, onlar üçün "yaşıl işıq” yandırılır. Günah dedikdə, gizli şəkildə evdə edilən işləri demirəm, bəlkə bunu açıq şəkildə edirlər. Bu "alim”lərdən başqa hansı alimi göstərmək olar: İmkan olan, əl çatan yerdə xarici televiziya şəbəkələrində yayınlanan verilişlər, əxlaqsız video kasetlər qaçaq olaraq gətirilir. Bu cür filmlərin bəzilərinin hətta İrşad nazirliyi tərəfindən icazə sənədi də var. Dini cəmiyyəti zəiflədən başqa amillərdən xəbəriniz vardırmı? Sadaladığım nöqtələrin məsuliyyəti ancaq mədəniyyət nazirliyinə aid deyil. Başqa nazirliklərdə də bu işlərin məsuliyyətinə öhdədar şəxsləri tanıyırıq. Bəzi digər nazirliklərdə bu kimi məsələlərdə marağı olanlar var. Hər halda bu məsələdə hər bir şəxsin öz payı vardır. Müxtəlif biçimli mədəniyyət sarayları təşkil etməklə, əslində oralarda ya günah təlim edilir, ya da günaha təşviq edirlər. Vəliyyi-fəqihin buyurduğu kimi, bu adla fəaliyyət göstərən bəzi teatr qruplarının əksəriyyəti nəinki mədəniyyətə xidmət etmir, hətta onların bəziləri 100% islamın ziddinə fəaliyyət göstərirlər. Digər məsələlər də bunun kimidir. Bu işlərə kim cavabdehdir?
Məgər Allah şeytan yoluna, günaha dəvət edən bir kəsə haqq verərmi? Bir kəs ki, günahı təsdiq edir, günahın yollarını hamarlayır, günah işlərə vəsait ayırır, günahda xüsusi hünər göstərmiş şəxslərə xatirə gecələri keçirib billur vazalar təqdim edir, İslam əleyhinə 20 il çalışmış ağalara qonaqlıq təşkil edib yubiley keçirir, hədiyyələr verir, belələrinə necə haqq qazandırmaq olar? İmam Hüseynin (ə) əleyhinə vuruşan şəxslər də İslamdan dəm vurur, özlərini peyğəmbər xəlifəsi adlandırırdılar; zahirdə İslamın əleyhinə olduqlarını demirdilər.
Əgər bu hökumətin başında vəliyyi-fəqih durmasa, bu hökumət bizim üçün artıq İslam hökuməti olmayacaqdır. Biz bu hökumətdə o məsullara ehtiram edirik ki, vəliyyi-fəqih onları təsdiq və təyid etmiş olsun. Bu mətləb imamın sözlərində də öz əksini tapıb. "Səhifeyi-nur”da, vəsiyyətnamələrində dəfələrlə buyurur: "Əgər vəliyyi-fəqihin icazəsi olmadan, onun təyin etmədiyi hər hansı bir quruluş hökumət başına gələrsə, həmin hökumət tağutdur”. Niyə bu məsələləri cəmiyyətin fikrində qarışdırırlar? Ona görə ki, vəliyyi-fəqih məqamını yox etmək, nüfuzuna xələl gətirmək istəyirlər. Niyə bu qədər demokratiyadan, sekolarizmdən dəm vururlar? Ona görə ki, sabah kimsə desə, biz İslamı istəmirik, deyərlər xalqın rəyi meyardır; Berlin konfransında niyə deyirdilər ki, Xomeyni tarixin muzeyinə getməlidir? Amerikanın məsul şəxsləri bildirir və ümid edirlər ki, əgər parlament vilayəti-fəqih məsələsini həll etsə, bizim işimiz xeyli asanlaşar. Bunlar gözlərini dikib nə vaxtsa referendum yolu ilə vəliyyi-fəqihin aradan götürülməsini gözləyirlər.
Hələlik, bu işin müqəddimə və proqramını hazırlayırlar. Lənət olsun bu işə qol qoyan şəxslərə! Bunlar imam Hüseynin (ə) və yüz minlərlə şəhidin qanını payimal edirlər. Nəyin vasitəsilə? Xaricdən maliyyələşdirilən bu mətbuatın vasitəsi ilə.
Mümkündür sual edəsiniz ki, mən bu sözləri niyə görə danışıram? Hər bir cəmiyyətin əsas problemi onun məlumat səviyyəsinin aşağı olmasından asılıdır. Bunların bu neçə ildə namərdcəsinə əl-qol açmalarına səbəb, bizlərin öz vəzifəmizə düzgün əməl etməməyimizdir. Bir sıra adamları sərt rəftarı məzəmmət etməklə aldatdılar, İslami dəyərləri əksinə yozmaqla əksər camaatı çaş-baş saldılar. Camaat da ağzını açıb danışmağa qorxdu ki, birdən onları sərt rəftarda günahkar sayarlar. Bir sıra nəcib, dindar adamlar da qorxdular birdən etiraz etsələr, araya qatışıqlıq düşər, düşmənlər də fürsətdən istifadə edib, öz xeyirlərinə bəhrələnərlər. Və ya sözləri birdən hökumətin məsləhətinin, rəhbərin mövqeyinin əksinə olar. Belə şəxslər elə indi də az deyillər! İndi də gərək gözümüz rəhbərin mübarək ağzına dikilsin! Onun hər sözü, hər kəlməsi bizim üçün qanun olmalıdır. Bizim əvvəlcədən hazırlığımız olmalıdır. Əgər bir gün mübarizə, cihad, hərəkət əmri verilsə, son damla qanımıza qədər meydanda qalmağı bacarmalıyıq.
Xalq bilməlidir ki, düşmən onlar üçün nə plan hazırlayıb, başlarına nə oyun açmaq istəyir; necə hiylələr qurublar. Bilməlidirlər ki, necə dörd kəlmə ilə, dörd dənə sözlə, dörd dənə şüarla İslamın min dörd yüz illik zəhmətini dağıtmaq istəyirlər. Açıqca deyirlər: "Peyğəmbərin (s) gedişi ilə vilayət də getdi! Başqa bir yerdə deyiblər: "Peyğəmbərin (s) öz peyğəmbərliyi də məlum deyil! Allahın öz varlığını da isbat etmək mümkün deyil!” Həmin bu bəylər deyiblər! Biz hələ də xam-xam baxırıq və başa düşmürük nə iş görürlər. Cəmiyyətə, ali məktəbə yeni qədəm qoymuş cavanlar hələ İslam maarifini əməlli-başlı öyrənməmiş, imanları möhkəmlənməmiş bu cür üstü zərli, içi zəhərli fikirlərlə qarşılaşırlar. Vəliyyi-fəqih dəfələrlə işarə edib bildirib ki, ayıq olun! Düşmən camaatın imanını hədəf seçib. Heç inandınız? Neçə ildir rəhbər xəbərdarlıq edir ki, düşmən öz hücumunu xalqın mədəniyyətinə, köklü adət-ənənələrinə qarşı yönəldib, ayıq olun! Mədəniyyət, müasirləşmək adı ilə zərbələr endirirlər. Başqa hansı dillə deməlidir?
Mən sıravi bir vətəndaş kimi ölkənin məsul şəxslərinə nəsihət edirəm ki, sizin tutduğunuz bu yol heç özünüzə də xeyirli deyil. Bu xalq dəfələrlə isbat edib ki, dinin təhlükədə olduğunu duysalar, canlarını belə qurban verməyə hazırdırlar. İslama, Peyğəmbərə (s), Allaha etiqadlı olan mənsəb sahibləri çalışaraq ətraflarına toplaşmış belə şeytansifətləri özlərindən uzaqlaşdırmalıdılar. Bu şəxsləri dövlət orqanlarında bir dəqiqə belə saxlamaq olmaz. İmamın nəsihətlərini həmişə yadınıza salın. Əgər bu deyilənlər olmazsa, özlərini imam Hüseynin (ə) Kərbəlada daşıdığı təklifin, onun canişininin öhdəsinə düşəcəyi gündən gözləsinlər. Və unutmasınlar o kəslər ki, min dörd yüz il fəryad edib «ya ləytəni kuntu məəkum fəəfuzə məəkum» deyən şəxslər şəhid olmaq üçün fürsət axtarırlar; onlar belə bir gündən qorxmalıdırlar. Hələ ki, gec deyil, getdikləri səhv yoldan geri qayıtsınlar və səhvlərini düzəltməyə çalışsınlar. Əgər günahları olmuşdursa, Allah dərgahında, şəhidlər önündə, müsəlman milləti qarşısında tövbə etsinlər.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər