"Bədr” günündə onların məkrləri fayda vermədi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 9-10-2015, 12:03 | Şərh sayı: (0) | Baxılıb: 407
"Bədr” günündə onların məkrləri fayda vermədi
Ey Peyğəmbər, indi ki, sən müşriklərin iman gətirmələrindən məyus oldun, onları öz hallarına burax, həlak olsunlar, onların məkrlərinin fayda vermədiyi bir gündə. Məqsəd "Bədr” müharibəsinin baş verdiyi gündür. Bu müharibədə müşriklərin müsəlmanlardan hər bir cəhətdən hazırlıqlı olmalarına baxmayaraq, ağır məğlubiyyətlərə uğradılar: onlardan yetmiş nəfərdən çoxu müsəlmanların əli ilə öldürülüb, başqa yetmiş nəfəri isə əsir düşdü. Allah-Taala beş min mələyi müsəlmanlara kömək üçün göndərdi. Daha yaxşı məna da Qiyamət gününə təfsir olunur ki, müşriklərin məkrlərinin heç bir faydası olmayacaq.
Mərhum Şeyx Müfidin "İrşad” kitabında deyilir:
Əmr ibni Mədi Kərəb ərəblər arasında igid cəngavərlərdən biri idi. Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm-in hüzuruna müşərrəf olanda, Həzrət buyurdu: Ey Əmr, İslamı qəbul et, Allah səni böyük günün əzabından amanda saxlasın! Əmr dedi: Ya Mühəmməd, böyük günün əzabı hansıdır? Mən elə bir kişiyəm ki, mənim heç nədən qorxum yoxdur. Həzrət buyurdu: Heç də sənin güman etdiyin kimi deyildir. Həqiqətən camaatın üstünə elə bir nə”rə çəkiləcək ki, heç kəs ölü halda qalmaz, hamısı dirilər. Sonra sıralara düzülərlər; asimanlar yarılar, dağlar yerindən silkələnər. Cəhənnəm odunun bir parçası ayrılıb dağlar kimi səpələnər. Sonra heç bir böyük ruhiyyəli insan tapılmaz ki, qəlbi yerindən oynamasın, günahlarını yad etməsin. Hardasan, nə fikirdəsən, ey Əmr? Sonra Əmr dedi: Böyük bir məsələni eşidirəm.
Elə həmin vaxt özü və onun qəbiləsi iman gətirib İslam dinini qəbul etdilər.
"Həqiqətən özlərinə zülm edən, Allahı, Onun peyğəmbərini, Qiyamət gününü inkar edən şəxslər üçün deyilən axirət əzabından başqa bir əzab da vardır. Yəni axirət əzabından başqa bir əzab da onları gözləyir. Amma, onların əksəriyyəti bundan qafildirlər. Bu cümlədə işarə olunur ki, onlardan az bir qismi bu məsələni bilirdilər, ancaq öz elmlərinə əməl etmirdilər. Yəni, bilə-bilə, agahlıq üzündən öz küfrlərində israr edirdilər. Qiyamət əzabından əvvəldə olacaq əzab barəsində iki nəzəriyyə vardır: Birincisi, müşriklərin başına gələn "Bədr” müharibəsi kimi böyük bəla, əsir olunub qətlə yetirilmələri, ikincisi isə budur ki, həmin əzabdan məqsəd qəbir əzabı, qəbir sıxıntısı, bərzəx aləminin əzablarıdır ki, bunlar da Qiyamətdən əvvəl baş verir. Sonuncu məna bu məqam və bu məna ilə daha münasibdir. Çünki, onun məzmunu daha geniş olub Qiyamətə kimi olan bütün kafir və müşriklərə şamildir. Yəni bütün kafirlər və facirlər Qiyamət əzabından öncə, qəbir və bərzəx aləmində də əzaba düçar olacaqdır. Necə ki, Fironun qövmü barəsində buyurulur:
"Fironçular qərq olandan sonra sübh və axşam (bərzəxdə) onlara od nazil olub onları yandırırdı.”
Elə ki, Qiyamət başlanar əzab mələklərinə əmr olunar ki, Fironçuları ən ağır əzablara daxil edin. Bu bərzəx əzabı təkcə kafirə deyil, günahkar, günah edib tövbəsiz ölən Möminlərə də şamildir. Bəzən elə olur ki, bərzəx əzabı səbəbi ilə Möminin günahı paklanır və günahsız halda məhşərə daxil olurlar. Bu mətləbin dəlili gəlib çatan çoxlu rəvayətlərdir. O cümlədən, "Kafi” kitabında nəql olunub ki, Əmr ibni Zeyd İmam Sadiq əleyhis-salama ərz edib dedi: Mən sizdən eşitmişəm ki, sizin şiələr nə qədər günah etmiş olsalar da, behiştə gedəcəklər. Həzrət buyurdu:
Düz demişəm, and olsun Allaha ki, onların hamısı Cənnətə gedəcəklər.
Əmr dedi: Canım sənə fəda olsun, günahlarımız həddindən çoxdur. Onların arasında kəbirə günahlar da vardır.
İmam əleyhis-salam buyurdu:
"Amma Qiyamətə gəldikdə isə, onların hamısı Cənnətdədir. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm, yaxud onun vəsisinin şəfaəti vasitəsi ilə. Allaha and olsun ki, mən sizin hamınız üçün bərzəx aləminin əzabından qorxuram.”
Əmr dedi: Bəzrəx nədir?
Buyurdu: Qəbir aləmidir. ölüm anından başlayaraq Qiyamətə qədər davam edir.
Bu hədisdən aydın olur ki, bu dünyadan imanla gedən Möminlər üçün şəfaət məsələsi qəti olaraq Qiyamətdədir. ölümlə Qiyamət arasında olan bərzəx aləmi üçün qəti deyildir. Məhz bu səbəbdən də Əmirəl-Möminin əleyhis-salam buyurur:
"Tövbədən yaxşı qəbul olunan, nüfuzlu şəfaət yoxdur”
Çünki əgər insan öz günahlarından sidq-qəlbdən tövbə etsə, elə həmin vaxt paklanır, ilahi əzabdan xilas olur. Deməli bu ayə təkcə müşriklərə deyil, həm də zalım olan günah edən və tövbəsiz dünyadan gedən hər bir şəxsə bu əzaba aiddir. Bu mətləbin şahidi "Biharül-ənvar” kitabında daha çox gözə dəyir.
Həzrəti Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm buyurdu: "Besətdən qabaq əmim Əbutalibin qoyunlarını otarırdım. Bəzən görürdüm ki, qoyunlar dayanır və otlamır. Peyğəmbərliyə seçiləndən sonra bu işin səbəbini Cəbrəildən soruşdum. Dedi ki, bu, meyyitə qəbirdə verilən əzabın səsidir. Elə ki, meyyitə qəbirdə əzab verilir, insan və cinlərdən başqa bütün mövcudat onun nalə səslərini eşidir.”
Bir nəfər Salmanın hüzuruna gəlib dedi: Mənə hədis de! Salman üzünü döndərdi. O kişi yenidən qayıdıb gəldi və dedi: Salman, bildiklərini mənim üçün de! Yenidən Salman üzünü döndərdi. Üçüncü dəfə həmin şəxs "Bəqərə” surəsinin 157-ci ayəsini Salman üçün oxudu:
Ayənin mənası budur ki, Allahın Quranda nazil etdiyi ayələr və aydın dəlillərdən sonra onları gizlədənlərə Allah və bütün lə”nət edənlər, lə”nət edir. (Sonra Salman buyurdu:) Əgər arxayın olduğum bir şəxs tapsaydım, onun üçün hədis deyərdim. Lakin Nəkir və Münkərin sualı üçün Peyğəmbər barəsində səndən soruşanda şəkk etsən, yaxud şübhəyə düşsən, atəş zərbələri ilə sənə elə vurarlar ki, külə dönərsən.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər