Kəbə mövludlu paklıq rəmzi |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-04-2016, 23:41 | Şərh sayı: (0) | Baxılıb: 324
Kəbə mövludlu paklıq rəmzi
Bismilləhir-Rahmənir-Rahim!
Mübarək Rəcəb ayında yaşayırıq. Bu ayın ən böyük tarixlərindən biri - İmam Əlinin (ə) dünyaya gəlişi ilə bağlıdır. Əziz İmamımız (ə) "Fil ili"ndən 30 il sonra, rəcəb ayının 13-də, Məkkədə, Kəbə evində dünyaya gəlmişdir. O, Kəbə evinin daxilində dünyaya gələn yeganə insandır.
Həqiqi paklığın rəmzi
Həzrət Əlinin (ə) mübarək mövludu günləridir. Və bu günlərdə Əli (ə) dühasını dərk etmək, Əli (ə) zirvəsini anlamağa çalışmaq xüsusilə mühüm əhəmiyyət kəsb edir. Həzrət Əlinin (ə) şəxsiyyətini səciyyələndirmək olduqca çətin məsələlərdəndir. Çoxları onu Peyğəmbərin (s) ən gözəl şagirdi, Rəsulullahın (s) insan yetişdirmək məktəbinin ən nəcib məzunu kimi səciyyəlndirə bilər. Və onlarla, yüzlərlə bu cür çalarlar gərəkdir ki, Həzrət Əli (ə) fenomeninə bir qədər yaxınlaşmaq imkanı əldə edilsin.Fikrimizcə, Həzrət Əlini (ə) bir sözlə xarakterizə etmək istəsək, deyərik ki, o, həqiqi paklığın rəmzidir. Dost da, düşmən də inkar edə bilməz ki, paklıq, təmizlik, dürüstlük baxımından misilsiz bir insan idi Həzrət Əli (ə)!
İmamın (ə) paklığı onun bütün təzahürlərində öz əksini tapmışdır. O, Allah evində dünyaya gəldi - bütün müsəlmanların qibləsi olan Kəbə evində! Kəbə mövludlu bu pak insan, Peyğəmbər (s) bağının ən gözəl yetirməsi olaraq, misli-bərabəri olmayan bir zirvə idi həm öz zamanı üçün, həm də bütün zamanlar üçün.
İstər dünyagörüşü baxımından, istər insanlara baxışa görə, istər dünyaya baxışa görə - Həzrət Əli (ə) bir paklıq nümunəsidir. Ən başlıcası budur ki, İmam Əli (ə) şəxsiyyətində niyyətlə əməlin ən gözəl vəhdəti cəmlənmişdir. Əxlaqda, əməldə, insanlarla rəftarda təzahür edilib bu paklıq. Müsibətlərdə, sıxıntılarda, ağlasığmaz çətinliklərdə təzahür edilib bu paklıq. Nəinki sadəcə yaşadılıb, hətta çətin durumlarda Əli (ə) paklığı - Əli (ə) dönməzliyinin ən gözəl bir təzahürü olub.
Və bu müqəddəs paklıq Həzrət Əlinin (ə) həyatının bütün mərhələlərində təşəkkül tapır. İstər Rəsulullahın (s) yanında böyüyüb boya-başa çatdığı dövrdə, istər İslamın ilk dövrlərində, istər İslam düşmənləri ilə mübarizə dövründə, istər Peyğəmbərimizin (s) həyatdan köçməsi zamanı, imamət dövründə, istər ona qarşı fitnə törədiləndə, istər fəthlər zamanı, zahiri xilafət dövründə - bütün dövranlarda Əli (ə) paklığı dillər əzbəri, möminlər üçün nümunə və örnək olub, və üstündən 1400 il keçsə də, indi də bütün iman əhli üçün, tərəqqipərvər bəşər üçün örnək olmaqdadır.
Bəs nə üçün ağrılı günlərdə, çətin durumda Həzrət Əlinin (ə) paklığı daha çox təzahür edilirdi?Çünki İmamın (ə) paklığı İlahi məhəbbətdən qaynaqlanırdı. Və çətinliklərə sinə gərdikcə, imanını daha çox təzahür etdikcə, bunu bir İlahi tofiqatdan sanırdı.
Necə ki, qaranlıqda işıq mənbəyinin nuru daha da çox gözə çarpar, o qədər də ətraf qaranlıqlaşdıqca, zülmətləşdikcə, öz eyiblərini ortalığa qoyduqca Həzrət Əlinin (ə) paklıq nuru bir o qədər də güclü parlayırdı. Bu müsibət və çətinliklər Əli (ə) şəxsiyyətinin gözəl mahiyyətinin daha da güclü təzahürünə səbəb olurdu.
İnsanın nöqsanlarının Yaradana aidiyyəti yoxdur
İlahi məhəbbət və imandan qaynaqlanan Əli (ə) dühasında, ibadət edilən məbudu tanımağın əhəmiyyəti xüsusilə vurğulanırdı. Allah Təbarəkə və Təalanı insanlara tanıtdıraraq, Həzrət Əli (ə) buyurmuşdur: "O, bir varlıqdır ki, bəndələrinə münasibətdə azacıq da olsa, zülmə yol verməz".
Həzrət Əli (ə) izah edir ki, insana xas nöqsanların, eyiblərin, çatışmazlıqların, insan həyatında baş verən müxtəlif çeşidli problemlərin Allah Təalaya zərrə qədər də aidiyyəti yoxdur. Bunlar - insanın öz əməllərinin məhsullarıdır.
Allah Təala insana zərrə qədər zülm etməz. Nə dünyada, nə də axirətdə. İnsandır özünü zülmə məruz qoyan. Uca Allah zülm etməkdən tamamən pakdır, münəzzəhdir. Zülm - nöqsandır, çatışmazlıqdır, naqislikdir; bu sifətlər isə ehtiyaclılıq yaradır, ehtiyaclıq isə Mütləqiyyətə, Qüdrətə zidd olduğu üçün, Uca Allahın zatına ziddir.
Həzrət Əli (ə) etiqadı insana çatdırır ki, yaşayışının eyibləri, nöqsanları, həyatının çatışmazlıqları, çətinlik və ağrıları özünə rəvac bildiyin zülmün məhsuludur. Zülmsə nədir? Nəyinsə öz yerində olmaması, mövcudiyyət fəlsəfəsinin əksinə istismar edilməsi, lazımın ziddi, əksi. Bəs kim müəyyən edə bilər nə necə istifadə olunmalıdır? Əlbəttə ki, həmin bu nəyisə yaradan. Demək, insanın nəyi necə etməli məsələsini mövcudiyyətin Uca Yaradanı müəyyən edə bilər. Beləliklə, insan Xaliqin tövsiyəsinin ziddinə getdikdə, özünə zülm etmiş olur. Və ona əmanət olaraq verilmiş vücuduna, ruhuna zülm etdiyi üçün özünü İlahi əzaba mübtəla edir.
Yəni, Əli (ə) məntiqi ilə bəşəriyyətə çatdırılır ki, insan öz çətinliklərini, müşkül və acizliklərini Allahla bağlamalı deyil. İnsan çətinliklərinin mənbəyini Allahda axtara bilməz. Bunların mənbəyi - insanın özüdür, insan toplumudur. Hər səviyyədə - fərdi, ailə, kənd-oba, şəhər, ölkə, dünya səviyyəsində olan zülmlərdir harmoniyanı zədələyən, insanı zillətə salan.
Xeyir istəmək və şərdən uzaqlaşmaq duası
İmam Əlinin (ə) mübarək şəxsiyyətini xatırlayanda, ilk öncə o Həzrətin (ə) Allahla münacatları göz önünə gəlir. Yaşadığımız Rəcəb ayı oruc tutmağın xüsusilə bəyənildiyi bir ay olmaqla bərabər, münacat, istiğfar ayıdır. Bu ayda çoxlu zikrlər var ki, insanın bağışlanmasının, istiğfarının açarıdır. Rəcəb ayında bu tövbə zikrinin çox deyilməsi tövsiyə olunub: "Əstəğfirullahə və əs-əluhut-təvbəh".
Buyurulub ki, bu zikri rəcəb ayında insan nə qədər çox desə, o qədər yaxşıdır. Mənası odur ki,"İlahi, bağışlanmaq diləyirik Səndən və tövbə arzu edirik". Buradan aydın olur ki, insan bu ayda özünün Allah dərgahına qayıtmasına, tövbə etməsinə, Allahdan bağışlanmasını diləməsinə böyük önəm verməlidir.
Rəcəb ayında gündəlik oxunan bir dua vardır ki, çox bərəkətli və nəcib münacatlardandır. Allah Təalanı tanımaq üçün bu duanın böyük əhəmiyyəti vardır. Allah Təala o qədər lətifdir ki, müxtəlif yollarla Özünü bəndəsinə tanıtdırır. Əgər insan istəyə Rəbbini tanısın, bircə elə bu duaya diqqət yetirməsi çox şeyi açar onun üçün. Allah Təala ən yüksək dərəcədə bəndəsinə Öz lütfünü göstərir. İnsan bu cümlələrə diqqət etsə, özü kimdir və Rəbbi kimdir məsələsinə xeyli aydınlıq gətirə bilər.
Duada buyrulur: "Yə mən ərcuhu li kulli xayr" - "Ey o Kəs ki, bütün xeyirlərdə Ona ümidliyəm".
Sonra: "Və əmənu səxatahu 'ində kulli şərr" - və Onun qəzəbinə səbəb olan bütün şərlərdən Ondan aman diləyirəm.
Sonrakı cümlə məxsusən şirindir. Buyrulur: "Yə mən yu'til-kəsira bil-qalil" - "Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir". Sonra: "Yə mən yu'ti mən sə-ələhu" - "Ey o Allah ki, Ondan istəyənə əta edir". Sonra bir qədər də şirinləşir: "Yə mən yu'ti mən ləm yəs'əlhu, və mən ləm yə'rifhu" - "Ey o Allah ki, Ondan istəməyənə də əta edir. Və (hətta) Onu tanımayana da əta edir".
Bəndə deyir: "Sən o Allahsan ki, Səndən istəməyənə və Səni tanımayana da əta edirsən. Bəs mən gəlmişəm, Səndən istəyirəm" və sonra deyir: "Təhənnunən minhu və rahməh" - "Öz geniş rəhmətinlə və lütfünlə edirsən". Yəni, bəndə deyir: "İndi mən gəlmişəm, öz dilimlə istəyirəm. Sən Öz geniş rəhmətinlə mənə əta et".
Nəyin əta olunmasını istəyir bəndə? Sonrakı cümlədə bu, açıqlanır: "Ə'tini biməs'ələti iyyəkə, cəmi'ə xayrid-dunyə və cəmi'ə xayril-əxirah" - "İlahi, Pərvərdigara! Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et".
Sonra buyurulur: "Vəsrif ənni biməs'ələti iyyəkə, cəmi'ə şərrid-dunyə və şərril-əxirah" - "İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!".
Bu dünyanın şərləri nədir? Bu dünyanın şərlərindən biri də odur ki, məni qorxaqlardan qərar vermə, məni yaltaqlardan qərar vermə, məni ikiüzlülərdən qərar vermə, məni insanlıqdan uzaq düşənlərdən, haqq basanlardan, zülm edənlərdən qərar vermə!
Məni axirət şərindən uzaq et. Axirət şəri nədir? Ən böyük axirət şəri odur ki, insan Qiyamət günü yezidlərlə, müaviyələrlə, hitlerlərlə, səddamlarla məhşur olsun, zalımlarla bir dirilsin. Zalımların qələm tutanlarından olsun, haqqı basıb, nahaqqı deyənlərlə birgə olsun. Axirət şəri odur ki, insan Qiyamət günü birdən ayılıb görsün ki, məhşur olub o kəslərlə ki, Kərbəlada İmam Hüseynin (ə) qarşısını kəsdilər, onun balalarının üzünə suyu bağladılar! Məhşur ola o kəslərlə ki, dünya malına aldanıb, öz həyatlarını puç etdilər, insanlara sitəm etdilər, Allah evlərini viran etdilər.
Rəcəb bizə bunu öyrədir. Xeyir və şər deyəndə ilk növbədə insanın şəxsiyyəti ilə bağlı məqamlar nəzərdə tutulur.
Mübarək duanın sonunda Allah Təalaya müraciətlə çox məhrəm və şirin tərzdə əzabdan amanda qalmaq, nicat tapmaq istənilir. Cəhənnəm odunun dua edənin cisminə yaxın düşməməsi dilənilir.
Mənəvi islahatlar ayı
Bəli, Uca Allah hər zaman eşidən, hər zaman dua qəbul edəndir. Amma necə ki, günlərin arasında xüsusi önəmli olanı var - məsələn, cümə günü kimi, eləcə Allah Təbarəkə və Təala xüsusi vaxtlar qoyub ki, insanlar o vaxtlara diqqət ayırıb, başqa vaxtlarda çata bilməyəcəklərinə bunlarda tam yiyələnə bilsinlər.
Rəcəb ayında Allahın lütfü, inayəti tam surətdə iman əhlinin, bu ayın orucunu tutanların üzərindədir. Rəcəb ayının əməlllərinə sahib çıxanların üzərindədir Allahın xüsusi nəzəri.Əslində Rəcəb ayı - Ramazan ayında İlahi nemət ziyafətinə hazırlıq mərhələsidir. İnsan Ramazan ayında İlahi nemət süfrəsindən tam formada bəhrələnmək istəyirsə, rəcəb-şəban ayları ona bu imkanları kamil surətdə təqdim edir.
Rəcəb ayı - İlahi ziyafətə hazırlıq ayıdır. Bu ayın hətta 1 gün orucu Allahın razılığını əldə etmək üçün gözəl vasitədir. Bu ayın hətta 1 gününün orucu İlahi qəzəbi söndürər. Əməl var - cəhənnəmə qapı açır, əməl də var ki, cəhənnəmin qapısını bağlayır. Rəcəb ayı - o aylardandır ki, cəhənnəm qapılarını bağlamaq fürsətlərini Allah Təala bəndəyə xüsusən təqdim edər.
Rəcəb ayı - mənəviyyat, islahat ayıdır. İnsanları bu gün dünyada hər şeydən çox düşündürən mövzu - mənəviyyat, əxlaq mövzusudur. Dünyada başdan-başa əxlaqsızlığın, mənəviyyatsızlığın, zülmün aşıb-daşdığı bir vaxtda iman əhli üçün, mənəviyyat əldə etmək istəyən üçün ən gözəl fürsət var rəcəb ayında.
İradəvi peşmançılığın göstəricisi
İnsanın bir varlıq olaraq zəif, ehtiyaclı, asılı varlıq olmasını sübut edən amillərdən biri də onun günah etməsindir. Günahların böyük və kiçik olmasından asılı olmayaraq, insan onu etməklə əslində nə qədər zəif bir varlıq olduğunu sübut edir. Bu günahlardan sonra Allaha sığınmaq, Allahdan onun bağışlanmasını diləmək isə, Allahın mərhəməti olmadan məhv ola biləcəyimiz anlamındadır.
Həzrət Əli (ə) buyurur: "Günah etdiyin zaman, tövbə ilə onun məhvinə tələs". İnsanlar heç də hər zaman öz nəfsi ilə mübarizədə qalib gələ bilmir. İnsan hər dəfə günah, xəta edən zaman öz zəifliyini, öz acizliyini tanımış olur. Bu durumda Allaha sığınmaq, Allahdan məğfirət, bağışlanma diləmək - əslində insana Rəbbi ilə münasibət qurmağa yardımçı olur. İnsan dərk edir ki, Allaha sığınmasa, Allahdan məğfirət diləməsə - məhv ola bilər.
Günahlar deyildikdə, nədənsə insanların düşüncəsinə ilk növbədə böyük günahlar gəlir.Halbuki, Allahın razı olmadığı bütün işlər, Allaha itaətsizlikdən etdiyimiz bütün səhvləri bu qəbildən qəbul etməliyik. Həzrət Əli (ə) bizlərə xəbərdarlıq edir ki, günahlara görə dərhal tövbə edilməlidir. Anlaşılır ki, əgər həmin günahlara görə tövbə etmiriksə, bu, bizim ruhiyyəmizdə təsir qoya bilər. Tövbə - günahları məhv edib aradan aparan yeganə vasitədir.Tövbə - insanın iradəvi peşmançılığının göstəricisidir.
Həzrət Əmirəlmöminin (ə) tövbə ilə bağlı digər bir yerdə buyurur: "Tövbə işini sabaha saxlayan - ölümün hücumu ilə çox böyük təhlükə qarşısındadır". İnsanlar bəzən tövbələrini də bir neçə böyük günahlarla məhdudlaşdırır. Təbii ki, böyük günahlara görə tövbə etmək vacibdir. Lakin, insan digər günahları və xətalarını da xatırlamalı, onlar üçün gec olmadan tövbə etməlidir. İnsanı tövbəyə yönəldən əsas vasitələrdən biri və hətta birincisi - ölümü xatırlamaqdır. Çünki, insan hər an ölə biləcəyini düşünsə, günahlardan tövbəsini sonraya saxlamaz.
Həzrət Rəsulallah (s) buyurur: "Gözü ölümün yolunu çəkən, yaxşı əməllər görməyə çalışar". Mömin bir bəndə üçün qəfil ölüm - bir nemətdir. Çünki, o, ömrünü hər zaman ölümü xatırlamaqla keçirir, buna hazırlaşır. Bir uzun yola səfərə çıxmağa hazırlaşan şəxs və bu səfərin onun daimi yeri olacağını bilən insan, gedəcəyi yer üçün ən yaxşı azuqələrdən toplamağa çalışar. Mömin anlayır ki, o biri dünya üçün ən yaxşı yük - gözəl əməldir. Bu səbəbdən, ölümə hazırlaşan insan, yaxşı əməllər görməyə çalışar. Ölüm haqda təfəkkürümüz tövbəyə gətirib çıxarar.
Həzrət Əmirəlmöminin (ə) buyurub: "Allah Öz qəzəbini günahda gizlədib. Heç bir günahı az hesab etməyin. Ola bilər ki, Allahın qəzəbi həmin günahda gizlənmiş olsun". Həzrət Əli (ə) bizləri böyük təhlükə barədə öncədən xəbərdar edir. Bizlər heç bir günahımızı gərək yüngül, kiçik bilməyək, günahlarımızla bağlı səhlənkar davranmayaq. Elə bir günah edə bilərik ki, biz əslində onu kiçik günah hesab edirik, amma Allahın bütün qəzəbi məhz o günahda gizlənib. Bəzən o qədər də əhəmiyyət vermədiyimiz məsələlərin içərisindədir Allahın qəzəbi.
Kiçik sandığımız bir günah bizi elə bir mənfi hala gətirər ki, artıq bütün aqibətimizi zay etmiş olarıq. Ona görə də, insan gərək özü ilə, davranışları, etdiyi əməllərlə bağlı hər zaman ayıq-sayıq olsun, heç bir günahı səhlənkarlıqdan və ya kiçik bilməsi səbəbindən etməsin.
Allahım, bizləri İmam Əlinin (ə) həqiqi ardıcıllarından qərar ver!
Allahım, bizləri Öz rəhmətinə qərq et!
Allahım, bizlərə Rəcəbin nemətlərindən bol-bol inayət et! Amin!
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər