Fatimə (s.ə)-ın uşaqlıq dövrü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 17:12 | Şərh sayı: (0) | Baxılıb: 285
Fatimə (s.ə)-ın uşaqlıq dövrü
Fatimeyi-Zəhranın (ə) uşaqlıq dövrü dinlər tarixinin, peyğəmbərlər tarixinin və bəşəriyyətin bütün tarixinin ən parlaq dövrlərindən biri ilə üst-üstə düşür. Ona görə ki, Peyğəmbərin (s) gözünün nur, dünya xanımlarının başçısı dünyaya göz açan zaman əziz atasının peyğəmbərlik dövrü təzə başlayırdı. Başlayırdı ki, səsi-sədası bütün yer üzünü tutsun, zaman-məkanı dolaşsın. O zamana kimi dolaşsın ki, Qiyamət sübhü öz nurunu hər yerə yaysın. Fatimənin (ə) uşaqlıq çağı tarixin bu əzəmətli hadisəsi ilə eyni dövrə təsadüf edir. Peyğəmbərin (s) mübarək qəlbinin meyvəsinin körpəlik illəri başdan-başa dərd və əzabla doludur. Çünki o elə bir evdə dünyaya qədəm basdı ki, onun sahibi uca Tanrı tərəfindən bütün bəşəriyyətə sahibliyə seçilmiş, Peyğəmbər olmuşdu. Bu isə öz-özlüyündə həmin evin sahibinin – bəşəriyyətin başçısının o dövrün bir qrup ən qəddar, qəlbiqara, yaramaz müşriklərinin – kafirlərin paxıllıq və həsədinə, qəzəb və kininə məruz qalmasına səbəb olmuşdur.
Bəli, Tanrının Elçisi (s) düşmənlərin qəzəb və kininə məruz qalmışdı. Düşmənlər Peyğəmbərin (s) bütün tərəfdarlarını və dostlarını da aman vermədən incitməyə, azar verməyə başladıqda aydındır ki, o həzrətin ailəsi də bu əzab-əziyyətdən kənarda qalmırdı. Bu arada Peyğəmbərin (s) körpə balası azyaşlı və həssas olması üzündən ola bilsin ki, müşriklərin və kafirlərin əzab-əziyyətini öz lətif və zərif çiyinlərində başqalarından daha çox hiss edirdi. Buna baxmayaraq, aydındır ki, Fatimə (ə) İslamın bütün dünyaya yayılan ayininin inkişaf və çiçəklənmə dövrü ilə eyni vaxta düşən uşaqlıq çağının başlanğıcından əziz və fədakar atasının səmərəli təlaş və səylərini öz gözləri ilə görür və əzab görmüş, vəfalı anasının o həzrətlə həmrəyliyinin, onun yolunda etdiyi fədakarlıqların şahidi olurdu. O kiçik yaşlı uşaq dərk edirdi ki, əzizi və mehriban ata-anası necə böyük maneə və əngəllərlə üzləşir, misilsiz dözüm və mətanətlə Allahın köməyi ilə həmin müsibətlər qarşısında necə tab gətirir və güclü bir iradə ilə, böyük bir ümid və şövqlə, istək və arzu ilə əzabgörmüş müsəlmanların sıxıntı və çətinliklərinin həllində, aradan qaldırılmasında necə ciddiliklə çalışır, səy göstərir və bu yolda atdıqları hər bir addımda yenə bir uğur qazanmağa daha da yaxın olurdular.
O dövrdə Peyğəmbər (s) və möhtərəm ailəsi, eləcə də bütün müsəlmanlar və o həzrətin köməkçiləri hər tərəfdən düşmənlərin hücumlarına məruz qalırdılar. Müşriklər müxtəlif vasitələrlə müsəlmanlara əzab-əziyyət, işkəncə verir, onları qamçılayır, ev-eşiklərindən qovur və iqtisadi mühasirədə saxlayırdılar. Bir sözlə, müsəlmanların canları və mallarına düşmənlər tərəfindən ən ağır qəsdlər edilirdi. Fatimə (ə) bu çətinliklər və əzabların baş alıb getdiyi bir vaxtda, körpə uşaq olmasına baxmayaraq bütün ağrılı-acılı hadisələri, dözülməz işkəncələri öz gözləri ilə görür və hiss edirdi. Ərəbistanın qızmar qayaları üstündə o tərəf-bu tərəfə sürülən zəif müsəlmanların ürəkyandırıcı nalələrini, dərdli şivənlərini ürək yanğısı ilə eşidirdi. Lakin əfsuslar ki, böyük atasına və İslam köməkçilərinə bir yardım əli uzada, onları bu bəlalardan qurtara bilmirdi. Buna görə də sakitcə, aram-aram o dərdli səhnələrə tamaşa edir və öz dərdi, gücsüzlüyü içində qovrula-qovrula-qovrula qalırdı. O, bütün bu narahatlıq və sıxıntıların yükünü atasının çiynində hiss edir, buna görə də həssas və zərif ruhu sıxılır, qəmlə, kədərlə dolurdu. Belə anlarda bəzən onun fəryad çəkib qışqırmağa belə gücü çatmırdı. Bütün dərdləri içinə salır və boğazını tutan hıçqırıqlarını boğur, cınqırını da çıxarmırdı. Fəqət bəzən gecələr ac körpələrin, yazıq biçarə uşaqların dərdli, iniltili nalə səslərindən oyanır, gözlərini Ərəbistanın şəffaf səmasındakı parlaq ulduzlara dikərək qəmli göz yaşları tökürdü.
Fatimə (ə) ömrünün həmin o uşaqlıq illərində bütün müsəlmanların və hər şeydən məhrum insanların əzablarını görürdü. O, təklikdə hamıdan daha çox əzab çəkən və öz dərdlərindən başqa özgələrin də qəm yükünü qəlbində, çiynində daşıyan böyük atasının əzablarını isə daha yaxşı görür və duyurdu. Heyvan sifətli Qüreyş yaramazlarından birinin ovcunda tutduğu torpaq və zibili alicənab atasının başına, nurani sifətinə necə səpdiyini, o həzrətin gözəl üzünü və yaraşıqlı boynunu necə toz-torpağa buladığını görürdü. Belə hallarda o körpə yaşlı, nazik qəlbli və mehriban qız atasını qucaqlayır və gözləri yaşlı, boğazı qəhərli halda kiçik və zərif əlləri ilə o həzrətin toz-torpağa bulaşmış üst-başını silir, üz-gözünü təmizləyirdi. Bəli, belə səhnələri görür və onların təsirinin şiddətindən gözlərində yaş gilələri donub qalırdı. Belə dəhşətli anlarda təzəcə vəfat etmiş anasını yadına salır, ürəyi od tutub yanırdı. Bununla belə çalışırdı ki, atası onu bu halda görməsin, yoxsa dərdinin üstünə daha bir dərd də gələrdi.
Lakin atası üçün hər şey gün kimi apaydın idi. Körpə Fatimənin (ə) əzab çəkdiyini görür və gözəl, məlahətli, ilahi səsi ilə mehriban qızına təsəlli verərək deyirdi: "Qızım, ağlama, qəmli olma. Pərvərdigar, atanın dostu, köməkçisidir və son nəticədə ona qələbə - uğur bəxş edəcəkdir.”
Bəli, Fatimənin (ə) uşaqlıq dövrü beləcə keçirdi. O ruhi əzab və sarsıntılar kiçik yaşlı qızı dərdlərə, əzablara dözməyə alışdırır, gücünü, müqavimətini çoxaldır və polada döndərirdi. Bir yandan da atasının təskinliyi və İlahinin lütfü, köməyilə ürəyində bəslədiyi sonsuz ümidləri, səbr və dözümünü daha da möhkəm edirdi. Beləcə Fatimənin (ə) uşaqlıq dövrü böyük atasının – Allahın Rəsulun (s) təbliğat sahəsindəki çətinlikləri ilə eyni vaxta düşdüyündən körpə qız da o həzrətlə birgə İslamın yayılması və çiçəklənməsi yolunda addımlayır və böyüyürdü. Və bu böyümə zamanı necə əzab-əziyyətlərə dözdüyünü bircə Allah bilir...
O zaman İslam peyğəmbəri (s) hər gün qüreyşilərin yeni bir fitnə-fəsadı ilə üzləşirdi. Hər gün müxtəlif iqtisadi çətinliklərə və mənəvi əzablara məruz qalırdı. Kafirlər o həzrətin bütün dünya üçün tarixi əhəmiyyəti olan yeni dinə dəvəti yolunda hər gün yeni-yeni maneələr, təhlükələr yaradırdılar. Körpə Fatimə (ə) bəzən İslamın qana susamış düşmənlərinin onun atasının necə ciddi təqib etdiklərini, əziz canının qəsdinə durduqlarını da görürdü. Bəzən onların kin və düşmənçiliyi, alçaqlıq və rəzilliyi o dərəcəyə çatırdı ki, Peyğəmbər (s) Quran oxuyarkən, İlahi dərgahı qarşısında səcdə edərkən qoyunun bağırsağını, içalatını o həzrətin bədəninə və paltarına atırdılar. Belə hallarda Fatimə (ə) göz yaşları tökür və kiçik əlləri ilə atasının paltarlarını təmizləyirdi. Sonra da incə qəlbi dərdlə-qəmlə dolu halda, yorğun və əzgin bir vəziyyətdə özünü evlərinə çatdırır və heç kim görməsin deyə xəlvət bir küncə çəkilərək ətəyini göz yaşları ilə isladırdı. Bəzən də ailəsinin, atasının dostlarının öz ev-eşiklərindən qovularaq zorla Məkkədən Şibi-Əbi Talibə (Məkkənin kənarındakı dərəyə) köçürüldüklərini görürdü. Hər baxımdan – iqtisadi, ictimai və mənəvi cəhətdən min cür məhrumiyyətlərlə üzləşən, lakin səbr və dəyanətlə bütün bunlara dözən və Allaha sığınaraq öz ali məqsədləri yolunda bütün əzablara sinə gərən mərd müsəlmanları görürdü. Bəli, həmin o üç ildən də artıq bir müddət ərzində o cür iqtisadi və ictimai məngənə içərisində ömür sürən, lakin cınqırlarını da çıxarmayan, iman və etiqadlarında əsla bir süstlüyə, zəifliyə yol verməyən o əzabkeş müsəlmanları Fatimə (ə) yaxından görürdü...
Mübarək ömrünün hələ yeddi-səkkiz baharı ötməmişdi ki, bütün bunlardan daha ağır, daha acı bir mənəvi zərbə ilə üz-üzə gəldi. Mehriban anasını – o qaranlıq və dərdli gecələrinin yeganə yaxın sirdaşını itirdi... Qara qəmin, əzabverici dərdin vahiməli kölgəsi Fatimənin (ə) mübarək vücudunun üstünü alaraq onu ağır çətinliklərə, mənəvi sarsıntılara həmdən və yoldaş etdi...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər