Xədicənin övladları |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 20-01-2016, 20:10 | Şərh sayı: (0) | Baxılıb: 354
Xədicənin övladları
Həzrət Xədicədən dörd övlad dünyaya gəldi. Qasim adlı bir oğlu dünyaya gəldi. Onun ləqəbi "Tahir” və "Təyyib” idi. İslam peyğəmbərinin (s) künyəsi – Əbül-qasim də həmin əziz övladının adından götürülmüşdü. Qasim körpəlik və südəmərlik dövrünü keçirdi, hətta ayaq açmaq və yerimək mərhələsinə qədər sağ idi. Amma hələ süddən kəsilməmişdi ki, İlahi yazısı ilə bu dünyaya gözünü yumdu və aqibət sarayına tələsdi.
Bu oğlan övladından başqa Xədicənin üç qızı oldu. Onların adları Zeynəb, Ümm Gülsüm və Fatimə (ə) idi. Bəli, Xədicə kimi bir qadının ali şəxsiyyətidir ki, pak ətəyində varlıq dünyasının ən təmiz, ən pakizə gövhər qadını həzrət Fatimeyi-Zəhra (ə) tərbiyə olunur. İlahinin iradəsinə görə Peyğəmbərin (s) bütün övladları içərisində böyük atası üçün bu parlaq günəş sağ qalır ki, İlahi nurların – dünyanın seyyidlərinin anası seçilsin və gövhər ətəyində məsum imamlar kimi övladlar – bəşəriyyətə rəhbərlik məşəlini alovlandıran övladları tərbiyə etsin. Bəli, Fatimənin "Xədicə” adı ilə məşhur olan belə bir anası var idi.
Fatimeyi-Zəhranın (ə) səadətli təvəllüdü
Bəli, Fatimeyi-Zəhranın (ə) anası belə bir xanım idi. Doğrudan da, demək olar ki, Fatimənin anası olmağın özü Xədicənin fövqəladə üstünlüklərindən hesab olunur. Çünki bu, elə bir böyük iftixardır ki, varlıq dünyasında heç bir anaya nəsib olmamışdır. Böyük iftixardır ki, bir ana, Fatimə kimi bir övladı dünyaya gətirsin və öz qoynunda tərbiyə etsin. Elə bir övladı ki, pak nəsli məsum imamlar kimi ulduzlar olsun, qiyamət qopana kimi işıq saçsın. Elə imamlar ki, əsl insanlıq beşiyinin başında durmuş və bəşər nəslinin rəhbərlik məşəlini alovlandırmış olsun. Elə bir övladı ki, Allah-təala onun varlığını Peyğəmbər (s) üçün coşan bir kövsər kimi bəyan etmişdir. Elə bir kövsər ki, onun dalğalarının coşmasından imamlıq gövhərləri üzə çıxır və Peyğəmbərin (s) nəslini qiyamət gününə qədər davam etdirir.
Bəli, Fatimə belə bir övladın anası və belə bir ananın övladı idi. Fatimənin (ə) səadətli doğumu – onu bəşəriyyət tarixində bir dönüş nöqtəsi hesab etmək olar – elə bir kiçicik hücrədə baş verdi ki, kiçikliyinə baxmayaraq, mənəviyyatı bütün dünyanın genişliyindən daha böyük idi. Onun uzunluğu beş dirsək boyundan bir az çox idi. Hücrə gildən və bir neçə dənə də xurma budağından tikilmişdi. Gillə budağları tük nazikliyində olan kəndirlə bir-birinə birləşdirmişdilər. hücrənin hündürlüyü elə qısa idi ki, ayaq üstündə duranda adamın əli onun tavanına dəyirdi.
Həmin o kiçik, eyni zamanda əzəmət və şərəf baxımından padşah və imperatorların ən ali saraylarından üstün olan hücrə İslam peyğəmbəri (s) kimi böyük bir atanın və elə bir ananındır ki, onun fəzilət dəryasından kiçicik bir hissəni qeyd etdik. Bu ana dünyaya elə bir qız gətirdi ki, pak adı, məqamının əzəməti və parlaqlığı misilsizdir, mənəviyyatı, əsl insanlığı nəinki dünya qadınlarını əbədi olaraq öz şüalarının təsiri altında saxlayır, eyni zamanda ümumiyyətlə, bəşəriyyət aləmində paklıq və namusun, şərəf və böyüklüyün, iman və fəzilətin, əyriliklərə və pisliklərə qarşı, düzlük və təmizlik uğrunda dönməz mübarizənin parlaq nümunəsi kimi qalır... Bu mənəvi böyüklük və əzəmət elə yüksək idi ki, dünya tarixinin bütün sahələrinə - hökumət və siyasətdən tutmuş mədəniyyət və mənəviyyatına kimi hər yerə işıq saçdı, "Fatimilər” adlı qüdrətli dövlət yarandı, institutlar və "Əl-Əzhər əz-Zəhra” kimi böyük elm mərkəzi onun gözəl və parlaq adıyla zinət və etibar qazandı.12
Fatimənin təvəllüdü: Fatimənin təvəllüd tarixi haqqında tarixçilərin arasında fikir müxtəlifliyi var. Belə ki, sünnə əhli ilə şiə əhlinin dediklərinə əsasən həzrət Fatimənin yaşı arasındakı fərq on ildən də çoxdur.
Ən mühüm tarixi mənbələrdən biri hesab olunan mötəbər Kafi kitabının müəllifi Kuleyninin fikrincə, Fatimeyi-Zəhranın (ə) təvəllüdü peyğəmbərliyin başlanmasından beş il sonra olmuşdur. "Şeyx ət-Taif” adlı ilə şöhrət qazanmış böyük alim, üləma və alimlərin şeyxi Şeyx Tusi bu fikirdədir ki, o həzrətin doğumu peyğəmbərliyin başlanmasından iki il sonra olmuşdur.
Əhli sünnə müəlliflərinin əksəriyyəti isə o həzrətin təvəllüd tarixini peyğəmbərlikdən beş il sonra hesab etmişlər. Beləliklə, mülahizə olunur ki, o həzrət vəfat edərkən (bu, hicrətin onuncu ilində baş verdi) əksər şiə alimlərinin fikrinə görə Fatimənin (ə) şərif ömründən on səkkiz il keçməmişdi. Halbuki sünnə əhlinin fikrinə görə Fatimənin (ə) bu zaman yaşı iyirmi səkkiz olardı. Bəziləri də onun bu zaman on səkkiz – iyirmi səkkiz yaşları arasında olduğunu hesab edirlər. Hər halda Fatimənin (ə) təvəllüd ili və günü haqqında fikir ixtilafı çoxdur ki, bunun da nəticəsində bütün bu rəqəm və ədədlər oxucuya heç bir fayda vermir. Amma şiə tarixçilərinin çoxu bu fikirdədirlər ki, o həzrətin təvəllüdü peyğəmbərlikdən sonra olmuşdur. Əksər alimlər peyğəmbərlikdən beş il sonranı düzgün hesab edirlər. beləliklə, bu gün şiə aləmində bu rəqəm daha çox qəbul edilmişdir.
Bütün bunlara baxmayaraq, İslam tarixçiləri və tədqiqatçıları o həzrətin doğum gününü hansı gün sayırlarsa saysınlar, bir məsələni etiraf ediblər. O günü – hansı gün olur-olsun, böyük və əzəmətli bir tarixi gün hesab edirlər. Həmin gün Fatimeyi-Zəhranın (ə) dünyaya gəlişi ilə İslam tarixində böyük bir hadisə baş vermişdir.
Bu barədə müasir yazıçılardan biri – xanım doktor Bint əş-Şati yazır: " Uca Tanrının iradəsi belə idi ki, onun doğumu Qüreyş tarixində böyük bir hadisəyə yaxın zamanda olsun. Həmin hadisədə qüreyşilər Məhəmməd Əmindən – o həzrətin böyük atasından xahis etdilər ki, Kəbə evindəki Qara daşın yerləşdirilməsi haqqında ədalətli və münasib qərar versin. Həmin gün o həzrətin doğulması müjdəsi verildi. Belə olduqda yeni doğulmuş uşağın xatirinə indiyədək görünməmiş bir şənlik və bayram keçirildi. Hələ heç vaxt yeni doğulmuş qız uşağı xatirinə (özü də ondan əvvəl üç bacısı olmuşdu və onların arasında heç bir oğlan uşağı doğulmamışdı) belə bir təntənəli şənlik və şadyanalıq olmamışdı.”
Fatimeyi-Zəhranın (ə) təvəllüd iftixarının nəsibi olduğu həmin o xoşbəxt gündə, o həzrətin mübarək doğumundan bir saat qabaq Xədiceyi-Kübra bir nəfəri Qüreyş qadınlarının və keçmiş dostlarının yanına göndərdi ki, sifarişini onlara çatdırsın. Sifariş belə idi: "Ey Qüreyş qadınları, bu gün Xədicə sizdən xahiş edir ki, keçmiş kin və küdurəti unudasınız və onun bu həssas vaxtında – dünyaya yeni bir övlad gətirəcəyi anında köməyinə tələsəsiniz və bu vəziyyətində ona şəfqətli əllərinizi uzadasınız.”
Xədicənin göndərdiyi qadın tələsik evdən çıxdı. Amma çox keçmədi ki, qəmli və gözüyaşlı halda evə qayıtdı. Ağlaya-ağlaya, qəhər boğa-boğa dedi: "Heyf Xədicədən, heyf onun sülh və dostluq, mehribanlıq və barışıq sifarişindən... Əfsus ki, hara getdimsə, kimin qapısını döydümsə, sifarişinizi hara çatdırdımsa, kimsə mənə yol vermədi, qapını üzümə açmadı və sözlərimə qulaq asmadı... Onlardan heç biri sizin xahişinizi qəbul etmədi. Əvəzində isə sizə bir sifariş göndərdilər. dedilər: "Xədicəyə de ki, sənə nəsihət verdiyimiz gün sözlərimizi eşitmədin. Səninlə aramızda olan danışığımıza baxmayaraq, öz istədiyinin ardınca yola düzəldin: əliboş, yetim bir kəsə ərə getdin, dostlarının şan-şöhrətini, əyan ailəsindən olmalarını nəzərə almadın... Ona görə də sənin bu hərəkətin bizə bərk təsir etdi, qəzəbləndirdi. Bu səbəbdən biz də bu gün sənin evinə gəlmək, sənə kömək etmək istəmirik.”
Xədicə bu rədd cavabını – tənəli və zəhərli sifarişi eşidərkən anladı ki, keçmiş dostlarından əlini üzməli, onlara bel bağlamamalıdır. Beləliklə, qəmli halda o kin-küdurətli, bu dünyanın var-dövlətinə aludə olmuş qadınlardan ümidini üzdü və bütün ruhu, qəlbi ilə mənəviyyat aləminə üz tutdu. Dünyanı yaradan Tanrının sorağınca gedib ürəyində bəslədiyi mənəvi duyğularla məna aləminin qapısını döydü və oradan yardım dilədi...
Uca Tanrı ən yüksək, ən ali köməklərini Özünün ən ali məxluqlarından birinin ixtiyarında qoydu. Artıq o kin bəsləyən qadınların köməyinə ehtiyac yox idi, çünki mehriban Allah Özünün sonsuz mərhəmətini göstərərək gözəgörünməyən yardım damcılarını Xədicənin üzünə çilədi, pak mələklərini ona köməyə göndərdi.
Bəli, Tanrı Xədicəyə kömək etdi ki, əziz Fatimə - peyğəmbərlik səmasının o parlaq ulduzu, vilayət mülkünün həmişəyanar günəşi tam rahatlıqla, sağ-salamat halda dünyaya qədəm bassın və müqəddəs vücudundan parlayan əbədi vilayət və imamlıq nurları ilə dünyanın Şərqini və Qərbini işıqlandırsın.”
O anlarda Tanrının Elçisi (s) dua əlini göyə qaldıraraq intizar çəkirdi. Elə həmin anlarda birdən müjdə gəldi ki, ey Tanrının Elçisi (s), indicə Allah-təala tərəfindən Xədicəyə elə bir yeni doğulmuş qız uşağı bəxş edildi ki, gözlərində səma işığı və sifətində İlahi nuru parlayır...
Allahın Elçisi (s) bu müjdəni alçaq misilsiz bir şadlıq və sevinc dəryasına qərq oldu, pak qəlbi rahatlıqla döyünməyə başladı.
İlahinin köməkçiləri isə öz işlərində idi. Onlar gül yarpağından daha zərif, gecə şehindən daha pak olan yeni doğulmuş uşağı pak və müqəddəs su ilə yuyub tərtəmiz etdilər. Sanki ulduzların nuru və behişt ətirləri ilə toxunmuş qundağını bağlayıb Xədicənin qucağına qoydular. Mehriban ana da səma köməyinin sayəsində hamiləlik qayğısından rahatlıqla qurtardığı üçün asudə nəfəs ala-ala, belə bir uşağın dünyaya gəlməsindən sevinə-sevinə döşünü əziz və müqəddəs övladının ağzına qoydu və ana ilə bala üçün İlahi hədiyyəsi olan xalis südlə onu doydurdu. Həmin o ilahi lütf sayəsində o misilsiz körpə sağ-salamat böyüdü ki, peyğəmbərlik bağının bərəkətli ağacı özünün tam səmərə həddinə çatsın və bu bağın gülləri – Peyğəmbərin (s) nəsli Qiyamət gününə kimi təravət və ətir içində yaşasın, davam etsin...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər