İmam Hüseyn (ə) və əziz anasının xatirəsi |
Müəllif: Eli Aşiqi | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 17-03-2015, 18:30 | Şərh sayı: (1) | Baxılıb: 2653
İmam Hüseyn (ə) və əziz anasının xatirəsi
Həzrət Seyyiddüş-Şühəda, azadlıqsevərlərin başçısı, haqq və ədalət uğrunda şəhid olanların əbədi karvanının öndəri, Fatimənin (ə) ikinci oğlu imam Hüseyn (ə) də böyük qardaşı kimi anasını böyük məhəbbətlə sevirdi. O həzrətin anasına olan sonsuz məhəbbət və əlaqəsi ana və övlad haqqında olan bir kitabın ən şanlı səhifələrindən biridir.
O həzrət dəfələrlə dərin və səmimi məhəbbətini özünün alovlu çıxışlarında, bəyanat və mübahisələrində ifadə etmiş, bununla da İslam tarixi və mədəniyyətində silinməz izlər qoymuşdur.
İmam Hüseynin (ə) əziz anasını dərin məhəbbətlə sevməsi qız övladlarına ad seçməsində əyani şəkildə özünü göstərir. Belə ki, o həzrət qızlarından bir neçəsinə əziz anasının xatirəsinə ehtiram əlaməti olaraq "Fatimə” adını qoymuşdur. Onları bir-birindən fərqləndirmək üçün yaşlarına görə adlarının sonuna "kübra” və "suğra” sözlərini də əlavə etdilər. Bu məsələnin özü imam Hüseynin (ə) əziz anasına bəslədiyi sonsuz məhəbbətin təzahürüdür.
Peyğəmbərin (s) nəvələri imam Həsən (ə) və imam Hüseyn (ə) müqəddəs analarına bəslədikləri məhəbbəti doğrudan da, vəsf etmək çətindir. Fatimə (ə) – o böyük ana övladları üçün hər şey idi. Ona görə də onun məhəbbəti işığında şadlıq və sevincləri daha da artır, qəm və kədərləri azalıb, yoxa çıxırdı. Elə buna görə də əziz babalarının vəfatı nə qədər ağır və dözülməz olsa da, əvəzsiz analarının sayəsində bu dərdi nisbətən az hiss edir və ona dözə bilirdilər. Çünki Fatimənin (ə) hər iki əziz oğlu bir hadisə baş verən kimi analarına pənah gətirir, onunla ülfət bağlayır, ürəklərindəki sirri ona açıb deyirdilər. Ana ilə övladları arasındakı mənəvi və səmimi əlaqə - bağlılıq gündən-günə artır və qırılmaz olurdu...
Bu yaxınlıq o dəhşətli hadisə baş verən günə kimi beləcə davam etdi...
Bəli, onların bu sonsuz məhəbbət və əlaqələri əziz ananı əldən verdikləri o acı və qara gündə o qəmli və üzücü anlarda ən yüksək həddinə çatmışdı. Ananın son anlarını yaşadığını duyduqda nə qədər səbirli və təmkinli, mətin və iradəli olsalar da, özlərini saxlaya bilmədilər. Özlərini ölüm ayağında olan ananın ətirli və isti qucağına ataraq hıçqırıq və qəhər boğa-boğa onu əzizlədilər, ürəklərini yandırıb-yaxan dərdlərini bəyan etdilər...
O acı və qəmli anlarda yalnız Ümeysin qızı Əsma oğlanları analarından ayırıb əziz ataları Əlinin (ə) yanına göndərə bildi. Bu barədə kitablarda təfsilatı ilə və yanıqlı bir surətdə çox yazılmışdır.
Həmin o qəmli gündən sonra Fatimeyi-Zəhranın (ə) adı həmişə, hər an oğlanların dilindən düşmür, əziz xatirəsi yadlarından çıxmırdı...
İmam Hüseynin (ə) əziz anası haqqında ən yaddaqalan və həyəcanlı xatirəsi o həzrətin Kərbəlaya doğru hərəkət etdiyi günlərə aiddir. İslam tarixində ən qanlı faciənin baş verməsi ərəfəsində imam Hüseyn (ə) böyük mətanət və dözüm nümayiş etdirərək ən xoş, ən gözəl sözlərlə əziz anasını yad etdi, onun paklıq və təmizliyindən söz açdı. Həmin vaxt o həzrət belə buyurmuşdu: "Ey Abdulla bin Ziyad, mən iki yoldan birini seçməliyəm: ya qılınc qurşanıb ölməliyəm, ya da zillət yolunu tutub onun beyətini qəbul etməliyəm. Lakin mənim ətəyimə zillət əsla bulaşmayıbdır. Çünki məni tərbiyə etmiş pak ətəklər həmişə zilləti qəbul etməkdən çəkinmişdir. Mən pakların pakı Siddiqənin qucağında böyümüş, onun fəzilət və şərəf döşündən süd əmmişəm. Bizim kiçik evimiz həmişə fəzilət və şəxsiyyət ocağı olmuş və zillət, düşkünlük ona yol tapa bilməmişdir. Mən elə kəslərin yanında böyüyüb tərbiyə almışam ki, azadlıq və şərəflə ömür sürmüşlər. Onlar əsla razılıq verməzlər ki, mən zillət yükünün altına girim və Yezid kimi alçağın beyətini qəbul edim...”
Bəli, ölümlə həyatın çarpışdığı o günlərdə İmam (ə) yaxşı bilirdi ki, şəhidliyin tarixi anı yaxınlaşır. İmam (ə), həyatının o ağır anlarında belə əziz anasını düşünür, onun pak ətəyində böyüməsi ilə iftixar edirdi...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər