Fatimə (s.ə) cəmiyyətdə və siyasət aləmində |
Müəllif: Eli Aşiqi | Bölmə: Əhli Beyt (ə.s.) | Vaxt: 12-02-2015, 04:05 | Şərh sayı: (0) | Baxılıb: 1984
Fatimə (s.ə) cəmiyyətdə və siyasət aləmində
Fatimənin (ə) həyatı və şəxsiyyəti ilə bağlı bir mühüm cəhət də ondan ibarətdir ki, o ağıl-kamal sahibi, fəzilətli qadın əsla bir nöqtədə dayanmır, ağıl-kamal aləminin bir mərhələsindən başqa mərhələsinə adlayır, hətta onun ən yüksək zirvəsi ayaqları altında olsa belə, bununla kifayətlənmirdi. Allaha ibadət həyatının bünövrəsi və əsası olsa da, İslamın ictimai-siyasi məsələləri də onun üçün əhəmiyyətli və dəyərli idi. Bir sözlə, pakların pakı Zəhra (ə) da böyük atası və hörmətli əri kimi İslamın bütün sahələrində - fiqhdə, elmi, ictimai-siyasi məsələlərdə fəal iştirak edirdi.
Fatimənin (ə) İslam cəmiyyətinə rəhbərlik vəzifəsini də daşıdığı başqa vəzifələrlə birlikdə öhdəsinə götürür və onu layiqincə yerinə yetirirdi. Bəli, o, ictimai-siyasi həyatında möhtərəm atasının – Allahın Elçisinin (s) həmkarı və köməkçisi idi. Fatimə (ə) bu məsələləri o dərəcədə mənimsəmişdi ki, camaatın ictimai-siyasi məsələlərinin həllini öz öhdəsinə götürmüş və bu işin ağırlığını tam məsuliyyətlə dərk etmişdi. Qəlbindəki yüksək hisslər onu vadar edirdi ki, ərinə və İslamın başqa mübarizlərinə yardımçı olsun və bu işdə biliyini, bacarığını əsirgəməsin. Bəli, Fatimeyi-Zəhra (ə) ictimai, siyasi mübarizə meydanında da fəal və yaradıcı bir qüvvə idi. Elə işlərə girişirdi ki, onun iştirakı olmadan başqaları həmin işləri çətin ki, yerinə yetirə biləydi.
İbn Hüşam məşhur "Sirət” kitabında yazır:
- "Peyğəmbər (s) Ühüd döyüşündən qayıdarkən o həzrətin Zülfüqar qılıncını Fatiməyə (ə) verdilər ki, qanını yuyub təmizləsin. Peyğəmbər (s) bu anda buyurdu: "Qızım, bu qılıncı yu, Allah bu gün möminlər haqqında verdiyi vədə əməl etmişdir.” Sonra İslamın şücaətli əsgəri Əli (ə) də qılıncını Zəhraya (ə) tapşırıb buyurdu: "Bu qılıncı da yu və təmizlə, Allaha and olsun ki, bu qılınc (Allahın istəyi və köməyilə) məni təsdiq etdi və (döyüşdən) salamat çıxardı.”
Fatimə (ə) başqa bir gün isə möhtərəm atasını qana və torpağa bulaşmış sifətdə görür. Qüreyşin rəzil və alçaqlarından biri o həzrətə küçədən keçərkən yerdən toz-torpağı və daş-kəsəyi götürüb Peyğəmbərin (s) ay kimi parlaq sifətinə atır. Körpə qız mehriban atasını belə bir vəziyyətdə - Allah yolunda yaralanmış, torpağa və qana bulaşmış halda görmək tələsik özünü o həzrətin köməyinə çatdırır və gözəl sifətini yuyur, üst-başını təmizləyir. Sonra isə gözlərindən yaşlar axıdır. Atasının ilahi sifətinin bu hala düşməsinə görə vücudunu qəm-qüssə bürüyür. Möhtərəm atası Fatimənin (ə) qəm və kədərini görüb onun ağrı və əzabını anlayır və ona təsəlli verməyə başlayır. Qızına İlahinin vəd etdiyi qələbə və uğuru xatırladaraq buyurur: "Qızım, ağlama, Allah-təala atanın yardımçısı və köməkçisidir.”
Körpə yaşlarından bu səhnələri görən, həmin illərdən başlayaraq yeniyetməlik dövründəki böyük atasının və o həzrətin vəfalı köməkçilərinin ardıcıl mübarizələrinin şahidi olan Fatimə (ə) o zamandan Allah yolunda mübarizə və cihadla yaxından tanış olur, bu mübarizənin böyük ictimai-siyasi əhəmiyyətini duyur və yavaş-yavaş özünü Allaha ibadətlə yanaşı Onun yolunda mübarizəyə də qoşulmağa, bu meydana atılmağa da səfərbər edir.
Buna görə də sonralar, xüsusilə də böyük atası bu dünyadan köçəndən sonra Əli (ə) İslamın əsl qayda-qanunlarını qorumaq üçün imamlığı öz öhdəsinə götürərkən Fatimə (ə) də ictimai-siyasi meydana qədəm qoyur. O, möhtərəm əri ilə çiyin-çiyinə ailəsinin, nəslinin qanuni hüquqlarını əldə etmək və əsl həqiqi İslamı qorumaq üçün mübarizəyə başlayır.
İslam yolunda şəhid olanların məqbərəsində
Fatimeyi-Zəhra (ə) İslamın ali hədəflərinə sadiqliyini göstərmək və ilk İslam mübarizlərinin müqəddəs və pak amallarına olan sonsuz məhəbbət və ehtiramını bildirmək üçün hər dəfə fürsət düşdükdə Bədr və Ühüd döyüşlərində şəhid olanların məzarları üstünə gedərdi. Ətir saçan o məqbərələrin yanında bir an sükutla dayanar, İslam yolunda şəhid olanların əziz ruhlarına dualar və Qurandan ayələr oxuyar, onları böyük ehtiramla yad edərdi.
Mərhum Şeyx Tusinin olduqca dəyərli "Təhzib” (Təmizlənmə) kitabında bu barədə bir hədis var. İmam Sadiqdən (ə) rəvayət olunmuş həmin hədis Fatimənin (ə) bu xüsusiyyətini açıq-aşkar göstərir: "Fatimə (ə) hər şənbə günü İslam şəhidlərinin məzarı üstündə olardı. O həzrət Şeyyidüş-şühəda Həmzənin qəbri üstünə gələr, onun üçün mərhəmət dilər, ruhuna dua oxuyardı.”
Pakların pakı Zəhranın (ə) bu hərəkəti atası üçün canından keçmiş böyük əmisinə olan şəfqət və qohumluq hissindən əlavə onun İslam mübarizlərinə qarşı bəslədiyi dərin imanından və qədirbilənliyindən də xəbər verir. Bundan əlavə, Fatimənin (ə) bu hərəkəti o dövrdə baş vermiş ictimai-siyasi hadisələrdə bu böyük qadının öz müştərək məsuliyyət hissini də necə həssaslıqla dərk etməsini sübut edir.
Fatimənin (ə) İslam şəhidlərinin məzarı üstünə gəlib dua oxuması həm də onların əsla unudulmadığını, daim yad edildiyini göstərir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər