İmam Həsən Əskərinin (ə) hədisləri |
Müəllif: Admin | Bölmə: Hədislər | Vaxt: 1-10-2015, 20:40 | Şərh sayı: (0) | Baxılıb: 2066
İmam Həsən Əskərinin (ə) hədisləri
Rəbius-sani ayının 8-də (bu il Miladi təqvimi ilə fevralın 8-i) müsəlmanların 11-ci imamı Həsən Əskərinin mövlud günüdür. Bu münasibətlə İmamdan nəql olunan bir neçə gözəl hədisi təqdim edirik.
"Yaraşıqlı sifət zahiri gözəllik, iti ağıl isə batini gözəllikdir”.
"Övladın kiçik ikən valideynə hörmətsizlik etməsi böyüyəndə onun üzünə ağ olması ilə nəticələnər”.
"Bu iki xüsusiyyətdən daha üstünü yoxdur: Allaha iman bəsləmək və din qardaşına fayda vermək”.
"Hər kim təharətdə həddi aşsa, sanki təharəti batil etmiş kimidir” (yəni hər kim qüsl və dəstəmazda suyu istaf etsə və ya dəstəmazda iki dəfədən artıq yusa, qüslü və dəstəmazı batil olar).
"Təəccübdən başqa hallarda gülmək cahillik əlamətidir”.
"İnsanlar arasında şirk zülmət gecədə qara parçanın üzərində gəzən qarışqadan daha artıq dərəcədə gizlindir” (yəni insanlar şirkə düçar olduqlarını zülmət gecədə qara parçanın üzərində gəzən qarışqanı görməkdən də çətin sezirlər).
"İnsanların ən pisi ikiüzlü, ikidilli olandır. Üzdə öz din qardaşını tərifləyər, arxada qeybətini danışar. Din qardaşının əlinə nə isə gəlsə, ona paxıllıq edər. Din qardaşı bəlaya düçar olsa, ona xəyanət edib tənha buraxar”.
"Ömrünüz qısa, günləriniz sayılıdır, ölüm isə qəfil gələr. Hər kim yaxşılığın toxumunu səpsə (xeyir əməllər etsə), yaxşı məhsul götürər. Hər kim pisliyin toxumunu əksə, peşmançılıq məhsulu ilə qarşılaşar. Kim nə əksə, onu da biçər. Adam nə qədər astagəl olsa da, Allahın yazdığı ruzi əlindən çıxmaz. Adam nə qədər həris olsa da, Allahın müəyyən etdiyi qədərdən artıq heç nə qazana bilməz. Hər kimə xeyir gəlsə, bilsin ki, bu xeyir Allahdandır. Hər kim şərdən xilas olsa, bilsin ki, onu bu şərdən qurtaran Allahdır”.
"Sizə Allaha münasibətdə təqvalı olmağı, dininizdə vərəyə (zöhd və təqvaya) riayət etməyi, Allah yolunda cəhd etməyi, sözünüzdə doğrucul olmağı, istər mömin, istərsə də facir olsa, sizə əmanət etibar etmiş şəxsin əmanətini qoruyub özünə qaytarmağı, səcdələri uzatmağı, qonşularla yaxşı rəftar etməyi tövsiyə edirəm. Çünki Həzrət Mühəmməd (s) bunları təbliğ etmək üçün göndərilmişdi. Qohum-əqrəba ilə rabitəni qırmayın, onların dəfnində iştirak edin, xəstələrin ziyarətinə gedin, hüquqlarını qoruyun. Sizlərdən hər kim dinində təqvalı, sözündə doğrucul olsa, əmanəti qorusa və camaatla gözəl davransa, onun haqqında deyərlər ki, bu, əsil şiədir. Mən bu sözdən sevinərəm. Allaha münasibətdə təqvalı olun. Çalışın ki, fəxr mənbəyi olasınız, xəcalət mənbəyi yox... Allahı zikr etməyi, ölümü xatırlamağı, Quran oxumağı və Peyğəmbərə salavat söyləməyi artırın. Peyğəmbərə salavat söyləməyin onqat savabı var”.
"İnsanların ən çalışqanı günahlardan uzaq qaçan şəxsdir”.
"Bütün pisliklərin açarı qəzəbdir”.
"Hər kim bu dünyadan kor halda köçsə, axirətdə də kor olar və yolunu azar. Bu, gözlərin korluğu yox, sinələrdəki qəlblərin korluğudur”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər