Nazir: "Qiymətlərdə müəyyən artımlar müşahidə edilsə də..." |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 07:25 | Şərh sayı: (0) | Baxılıb: 239
Nazir: "Qiymətlərdə müəyyən artımlar müşahidə edilsə də..."
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edərək dedi: - Möhtərəm cənab Prezident, hörmətli müşavirə iştirakçıları. BMT tərəfindən 2015-ci ilin "Beynəlxalq torpaq ili" bəyan edilməsi və bu qlobal çağırışlara qoşularaq həmin ilin Zati-aliləriniz tərəfindən Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunması aqrar sektora göstərilən dövlət qayğısının təzahürü olmaqla, aqrar sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün təməl yaradıb. Uzaqgörənliklə verdiyiniz tarixi qərarları və onun nəticəsi olaraq hesabat ilini aşağıdakı kimi xarakterizə etmək olar. Birincisi, hesabat ili qlobal miqyasda büdcə xərclərinə qənaət rejiminin tətbiq olunması fonunda ölkəmizdə kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin artırılması və əhatə dairəsinin genişləndirilməsi ilə yadda qalıb. Bu məqsədlə "Aqrolizinq" ASC tərəfindən lizinqə verilən kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40 faiz güzəşt tətbiq olunub ki, nəticədə bir il ərzində 4100 nəfər texnika istifadəçisi yerlərdə "ASAN xidmət" prinsipi ilə 50 milyon manatadək güzəşt əldə edib. Bu isə onların həmin sahəyə investisiya imkanlarını xeyli artırıb. Sabit büdcə ayırmaları, yığımın kəskin şəkildə artırılması və dövriyyənin sürətləndirilməsi hesabına son 2 ildə əsasən Avropa istehsalı olan 6900-dən çox kənd təsərrüfatı texnikası alınaraq lizinqə verilib ki, bu göstərici də ASC-nin yarandığı tarixdən gətirilən texnikaların 62 faizini təşkil edir.
Fermerlərə satılan gübrənin qiymətinə tətbiq edilən güzəşt 50 faizdən 70 faizə, güzəşt məbləğinin yuxarı həddi isə hər hektara görə 50 manatdan 80 manata qaldırılıb ki, bunun nəticəsində də əvvəlki illərlə müqayisədə ölkəyə gətirilən gübrənin həcmi 85 min tondan 150 min tona çatdırılmaqla, inkişaf etmiş dövlətlərdəki səviyyəyə uyğunlaşmaq üçün ciddi addım atılıb. Yanacaq və motor yağlarına görə verilən subsidiyanın həcmi 25 faiz artırılaraq 50 manata yüksəldilib ki, bununla da həmin məqsədlə büdcədən verilən subsidiyanın həcmi 22 faiz artırılıb. Cari mövsümdən etibarən verilən subsidiya və güzəştlərin ikinci əkinə də şamil olunması, yəni, il ərzində iki dəfə əkin aparana ikinci dəfə subsidiyanın verilməsi qərara alınıb ki, bu tədbirin icrası ölkədə yem təminatının gücləndirilməsində xüsusi rol oynayacaq. Cari ildən etibarən müasir suvarma sistemlərinin dəyərinin 40 faizi dövlət tərəfindən ödəniləcək ki, bu dəstək ənənəvi olaraq tətbiq edilən və torpaqların deqradasiyasına, şoranlaşmasına səbəb olan selləmə üsulu ilə suvarma metodundan su resurslarına qənaət edən müasir suvarma üsullarına keçid üçün mühüm rol oynayacaq. Məhsul istehsalçılarını keyfiyyətli, potensial məhsuldarlığı yüksək toxumlarla təmin etmək üçün Dövlət Taxıl Fondu yaradılıb ki, bu da ölkədə toxumçuluğun inkişafının səmərəli tənzimlənməsinə, bitkiçilik sahəsində məhsuldarlığın yüksəldilməsinə hədəflənib. Süni mayalanma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edilib.
Bu dövlət dəstəyinin tətbiqi yüksək məhsuldar, genetik potensialı olan heyvanların baş sayının artırılmasına və sözügedən sahəyə marağın gücləndirilməsinə, eləcə də heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına çox mühüm töhfə verəcək. Möhtərəm cənab Prezident, son iki il ərzində kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərdiyiniz dövlət qayğısına və onun həcmini əhəmiyyətli dərəcədə genişləndirdiyinizə görə bölgələrdə olarkən minlərlə fermer Sizə ən səmimi minnətdarlığını çatdırmağı xahiş edib. Qeyd etmək lazımdır ki, dövlət dəstəyi gücləndirilməklə yanaşı, onun tətbiqi mexanizminin təkmilləşdirilməsi üçün aqrar sektor üzrə 100-ə yaxın normativ sənəd qəbul olunub, subsidiyanın verilməsi sahəsində şəffaflığın artırılması üçün ciddi tədbirlər görülüb. Bununla yanaşı, ictimai məlumatlılığı artırmaq məqsədilə yardım alan bütün fermerlərin adı, torpaq sahəsi, yardımın məbləği və sair məlumatlar hər bir rayon, kənd üzrə nazirliyin rəsmi internet saytında yerləşdirilib. Nəticədə yerlərdən məlumatlar alınaraq bu sahədə ciddi intizamın yaradılmasına nail olunub.
İkincisi, hesabat ili kənd təsərrüfatında institusional potensialın gücləndirilməsi, struktur dəyişikliyinin aparılması ilə də xarakterizə olunur. Belə ki, 52 rayon və şəhər idarəsi üçün inzibati laboratoriya binalarının tikintisi artıq başa çatmaq üzrədir. Burada inzibati heyətlə yanaşı, əsasən aqro-kimya və toxum laboratoriyalarının, diaqnostik kabinetlərin, toxum müfəttişlərinin, texniki nəzarətçilərin və digər struktur vahidlərinin vahid məkanda yerləşdirilməsi, eləcə də zəruri informasiya texnologiya və infrastrukturunun yaradılması aqrar sektor qarşısında qoyulmuş vəzifələrin icrasına xüsusi təkan verəcək. Bu dəyişikliklər çərçivəsində İSO tələblərinə cavab verən Baytarlıq Şəhərciyi yaradılıb, eyni tələblərə uyğun Dövlət Fitosanitar Nəzarəti Xidmətinin inzibati laboratoriya binasının yenidən qurulması isə başa çatmaq üzrədir.
Üçüncüsü, elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması ilin prioritetlərindən olub. Bu məqsədlə tapşırığınıza əsasən, Avropa İttifaqının təcrübəsinə uyğun inteqrasiya olunmuş nəzarət sisteminin prinsipləri əsasında torpaq sahələrinin indentifikasiya sistemi, fermer təsərrüfatlarının reyestri və digər modullar üzrə yaradılan proqram təminatının test sınağı aparılıb və Xaçmaz rayonu üzrə sistemin pilot tətbiqinə başlanılıb. Kənd təsərrüfatı ərazilərinin mövcud vəziyyətinə uyğun aero və peyk təsvirlərinə əsaslanan məkan məlumatlarının, habelə bitki örtüyünün müəyyən edilməsinə xidmət edən orto-foto xəritələrinin tərtibi üçün Aerogeodeziya müəssisəsi ilə birlikdə praktiki fəaliyyətə və Azərsky peyki ilə çəkilişlərə başlanılıb. Həmçinin "Aqrolizinq" ASC tərəfindən aparılan bütün əməliyyatların elektron uçot sisteminə keçilməsi başa çatdırılıb, texniki nəzarət müfəttişliyində avtomatlaşdırılmış informasiya sistemi istismara verilərək, bütün növ kənd təsərrüfatı texnikalarının qeydiyyata alınması, çıxarılması, ipoteka yüklülüyü, sürücülük vəsiqəsinin verilməsi və sair əməliyyatlar elektron qaydada təşkil edilib. Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən bitkiçilik məhsullarının idxalına, ixracına, təkrar idxalına sertifikatların verilməsi, habelə nazirlik tərəfindən göstərilən 19 xidmət elektron hökumət portalına inteqrasiya edilib.
Dördüncüsü, 2015-ci il kənd təsərrüfatı üzrə yeni bazar infrastrukturunun yaradılması və inkişafı ili olub. Topdansatış bazalarının genişləndirilməsi, yeni "yaşıl market"lər şəbəkəsinin və fermer mağazalarının yaradılması, müasir standartlara uyğun ət kəsimi məntəqələrinin tikilməsi, logistik mərkəzlərin qurulması bazar infrastrukturunun effektivliyini daha da artırmaqla, əlverişli bazar mühiti formalaşdırıb. Beşincisi, kənd təsərrüfatı inkişafı müasir metodlar müstəvisinə keçirilib. Ölkəmizin bütün sahələrinin modernləşməsi ilə bağlı həyata keçirdiyiniz siyasətə uyğun olaraq, aqrar sahədə müasir biznes texnologiyası olan aqroparkların yaradılması ilə bağlı praktiki addımlar atılaraq, Şəmkir və Yalama aqroparklarının tikintisinə, habelə Xızı aqroparkında müxtəlif təyinatlı təsərrüfatların yaradılmasına başlanılıb. Ölkədə intensiv ferma modelinə dəstək tədbirləri çərçivəsində son iki ildə 9500 başdan çox iribuynuzlu damazlıq heyvan gətirilərək güzəştli lizinq şərtləri ilə fermerlərə satılıb ki, bu da əvvəlki illərdə bu məqsədlə gətirilmiş heyvanların 110 faizinə bərabərdir. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması istiqamətində zəruri institusional bazanın formalaşdırılması məqsədilə ən modern süni mayalanma mərkəzinin tikintisi yaxın 3-4 ay ərzində başa çatdırılacaq ki, bunun hesabına məhsuldarlığın yüksəldilməsi sahəsində olduqca sürətli dəyişikliyə nail olunacaq. İntensiv ailə fermer modeli layihəsi çərçivəsində pilot olaraq seçilmiş Ağcabədi, Bərdə və İmişli rayonlarında müvafiq pay torpaqlarına malik layihə tərəfdaşı kimi seçilmiş 69 ailəyə güzəştli kredit hesabına 516 baş "Simmental" cinsli qara malın lizinq yolu ilə verilməsinə başlanılıb. Nazirliyin tabeliyində olan elm və təhsil müəssisəsinin laboratoriyası köklü surətdə yenilənib. Məhsul istehsalçılarının problemlərinin həllinə yardım məqsədilə fermer evlərinin yaradılmasına başlanaraq, regionlarda əsas diqqət informasiya məsləhət xidmətinin təşkilinə yönəlib. Müasir tələblərə cavab verən, hər biri 514 yerlik iki yataqxana kompleksindən birinin tikintisinin başa çatdırılması, xüsusi ehtiyac duyulan ixtisaslara qəbul zamanı yüksək nəticələr göstərən tələbələrə daxili imkanlar hesabına 100 manat əlavə təqaüdlərin verilməsi tədbirləri əksər ixtisaslar üzrə əvvəlki illərdə böyük kəsirlə yerinə yetirilən qəbul planının hesabat ilində demək olar ki, tam həyata keçirilməsinə imkan verib. Möhtərəm cənab Prezident, məlum olduğu kimi, aqrar sahədə aparılan islahatların köklü nəticələri adətən bir neçə ildən sonra özünü büruzə verir.
Bununla belə, birbaşa dəstəyiniz hesabına görülən işlər qısa müddətdə artıq öz bəhrəsini verməyə başlayıb, texnika və gübrə təminatında olan çətinliklər demək olar ki, tamamilə aradan qaldırılıb. Eləcə də, hesabat ilində bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalının həcmində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,6 faiz artıma nail olunub. Bu artım pambıq, yumurta, günəbaxan istisna olunmaqla, bütün növ kənd təsərrüfatı məhsullarını əhatə edib. Kənd təsərrüfatı məhsullarının ixrac bazarının genişləndirilməsi və bu sahədə məhsul istehsalçılarına zəruri şəraitin yaradılması istiqamətində verdiyiniz tapşırığın icrası olaraq, hesabat ilində 312 milyon ABŞ dolları həcmində meyvə-tərəvəz məhsulları ixrac edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çox olmaqla, ixracın həcmi idxalı dəfələrlə üstələyib. Onu da qeyd etmək lazımdır ki, hesabat ilində aqrar sahədə məhsul istehsalının artımı əkin sahələrinin və ya heyvanların baş sayının artırılması hesabına deyil, əsasən intensiv faktorlar, yəni, məhsuldarlığın artırılması hesabına baş verib, hər hektardan 50 sentnerdən artıq məhsul götürən təsərrüfatlar nümunə göstərildiyi halda, hesabat ilində belə təsərrüfatların sayı onlarla olub. Tapşırığınıza əsasən, kənd təsərrüfatı məhsullarının müasir satış yarmarkalarının infrastrukturunun genişləndirilməsi və bu işlərin əksər bölgələrdə təşkil edilməsi məhsulların bazara çıxışını asanlaşdırmaqla bərabər, qiymətlərin süni artımının qarşısının alınmasında da müstəsna rol oynayıb. Devalvasiyanın bayrama təsadüf etməsi və bununla əlaqədar bazarlarda məcmu tələbin yüksəlməsi hesabına qiymətlərdə müəyyən artımlar müşahidə edilsə də, hazırda bu sahədə vəziyyət keçən ilin eyni dövrü ilə müqayisədə tənzimlənmək üzrədir.
Möhtərəm cənab Prezident, Sizin də dəfələrlə qeyd etdiyiniz kimi, dünya iqtisadiyyatında baş verən hadisələr bizi də bu qlobal çağırışlara adekvat reaksiya verməyə, çevik və cəld qərarlar qəbul etməyə vadar edir. Bu tapşırığın icrası olaraq, istifadəsiz torpaqların əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə tərəfimizdən dünya təcrübəsi öyrənilərək hazırlanmış qanun layihələrinin qəbulu torpaqlardan istifadənin səmərəliliyinin yüksəldilməsində və əkin dövriyyəsinə qaytarılmasında müstəsna rol oynaya bilər. İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da gəlirlərin artması, urbanizasiya prosesləri və insanların qida rasionunu genişləndirməsi ərzağa tələbi artıran əsas amillərdəndir. FAO-nun hesablamalarına görə, 2030-cu ilə qədər bu tələbatın ödənilməsi üçün məhsuldarlığın həmin dövrdə 67 faiz artırılması nəzərdə tutulur. Bununla yanaşı, itkilərin azaldılması da tələbatın ödənilməsinin mühüm şərti kimi çıxış edir. Məhz bu baxımdan FAO-nun hesablamalarına əsasən, ölkəmizdə meyvə-tərəvəz, ərzaq, xüsusilə də çörək məhsulları üzrə itkilərin 25 faizdən çox təşkil etməsi narahatedici məqamlardan birinə çevrilir.
Ona görə də bu itkilərin müxtəlif mərhələlərdə, xüsusən istehlak zamanı azaldılması üçün çörəkdən istifadəyə milli mənəvi adət-ənənələrimizlə yanaşılması məqsədilə geniş maarifləndirmə işlərinə də ehtiyac duyulur. Möhtərəm cənab Prezident, dəfələrlə vurğuladığınız kimi, iqtisadi və siyasi həyatımızda yaranmış yeni şərait daxili bazarın qorunmasında da bir sıra addımların atılmasını zəruri edir. Apardığınız uzaqgörən siyasət nəticəsində bir sıra ərzaq, meyvə-tərəvəz və quş əti məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi onların bir qisminin idxalı zamanı müxtəlif tənzimləmə alətlərindən (kvota, mövsümi rüsumlar, keyfiyyətə nəzarətin sərtləşdirilməsi və s.) tətbiq edilməsini şərtləndirir. Eləcə də, bir sıra qonşu dövlətlərin sistemsiz olaraq bir-birinə meyvə-tərəvəz məhsulları üzrə sanksiyalar tətbiq etməsi daxili ərzaq bazarımıza idxal təzyiqini artırmaqla ciddi təsir göstərə bilər.
Sizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyə münasibətdə tutduğunuz olduqca müdrik mövqe bizə bu tədbirləri asanlıqla icra etməyə imkan verir. Möhtərəm cənab Prezident, "Kənd təsərrüfatı ili" başa çatsa da, il ərzində bu sahədə qoyulmuş təməl üzərində bundan sonra da Sizin rəhbərliyinizlə aqrar sektorun ölkə iqtisadiyyatının aparıcı həlqələrindən birinə çevrilməsi üçün bütün gücümüzlə çalışacağıq. /AZƏRTAC/
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər