Azərbaycanda qida təhlükəsizliyi: zəhərlənmələrin sayı niyə artır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 2-01-2016, 22:16 | Şərh sayı: (0) | Baxılıb: 329
Azərbaycanda qida təhlükəsizliyi: zəhərlənmələrin sayı niyə artır?
Eyyub Hüseynov: “ Azərbaycan vətəndaşları tədrici zəhərlənmənin qurbanlarıdır”
Qida zəhərlənmələri günümüzün bəlasına çevrilib. Bayram günlərində də iki ailənin ümumilikdə 7 üzvü yedikləri qidadan və pomidor turşusundan zəhərləniblər.
Ötən ilin statistikasına əsaslansaq, Azərbaycandail ərzində 605 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumatınaa görə, qida zəhərlənmələri nəticəsində 848 nəfər zərərçəkən qeydə alınıb.
Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 21 botulizm hadisəsi nəticəsində 39 nəfər botulizmlə xəstələnib. Bu il botulizm nəticəsində 3 nəfər dünyasını dəyişib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.
Bütün bunlar ölkəmizdə qida təhlükəsizliyi sahəsində problemlərin olduğundan və insanlarda qida mədəniyyətinin yüksək səviyyədə olmadığından xəbər verir.
Qida məhsullarının keyfiyyətinə gəlincə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycanda qida zəhərlənmələri ilə bağlı statistika real deyil və həqiqətdə göstərilən rəqəmdən daha çoxdur: “Ümumdünya Səhiyyə Təşkilatının statistikasına baxsaq, dünyanın digər ölkələri ilə müqayisədə Azərbaycanda ölənlərin və zəhərlənənlərin sayı dəfələrlə az göstərilir. Azərbaycanda hətta qidanın təhlükəsizliyi haqqında qanun belə yoxdur. Bunun səbəbi isə odur ki, burada maraqlar konflikti var. İnsan zəhərlənəndə birbaşa olaraq səhiyyə orqanlarına müraciət edir. Səhiyyə orqanlarının işçiləri gəlib onun mədəsini yuyur və ilkin yardım göstərirlər. Artıq bu bir fakt kimi itirilir, ört-basdır edilir. İnsan hətta dünyasını dəyişsə də, fiziki baxımdan zərər görsə də, bu zəhərlənmə faktı ilə əlaqələndirilmir. Mən 20 ildir ki, bu sahədə hüquqi işlə məşğulam, bir dəfə də görməmişəm ki, Azərbaycan həkimi hansısa şəxsin flan qidadan zəhərləndiyini yazsın. Əgər hansısa şirkətin məhsulunun adını yazarsa, o zaman həmin şirkətin sahibi gəlib Səhiyyə Nazirliyinin verdiyi gigiyenik yararlılıqla sertifikatı qoyacaq onların masasının üzərinə ki, bunu siz vermisiniz. Yəni, sertifikatlaşdırma orqanı ilə əhalinin sağlamlığını qoruyanlar bir əldən idarə olunur və burada maraqlar konflikti yaranır. Ona görə də, ciddi cəhdlə zəhərlənmə halları gizlədilir. Mən bir dəfə də görməmişəm ki, Azərbaycan səhiyyə işçilərindən biri bizə bir fakt versin və biz də məhkəmə iddiaları qaldıraq. Azərbaycan şəraitində bu mümkün deyil. Ona görə də, Azərbaycan vətəndaşları tədrici zəhərlənmənin qurbanlarıdır. Lakin bunun üçün onlara heç bir kompensasiya verilmir, hansısa kütləvi istehsal malından zəhərlənmə qeydə alınmır”.
Eyyub Hüseynovun sözlərinə görə, zəhrlənmə səbəbi kimi, Səhiyyə Nazirliyi hər zaman istehlakçının özünü günahkar bilir ki, ya məhsulu yaxşı saxlamadığını, ya da evdə hazırlanan şorabalardan zəhərləndiyini əsas gətirir: “Kütləvi istehsal mallarının adı ona görə çəkilmir ki, həmin şirkətlərə Səhiyyə Nazirliyi özü saxta sertifikat verir.nSaxta ona görə, deyirəm ki, Gigiyenik sertifikatlar adətən məhsula bir dəfə verilir. Məsələn, kolbasa istehsal olunursa, ondan təcrübə üçün bir neçəsi hazırlanır, nazirlik bunu yoxlayıb müəyyən müddətə görə, sertifikat verir, ondan sonra şirkət öz istədiyini həmin sertifikat altında istehsal edir. Yəni, Səhiyyə Nazirliyi növbəti dəfə ona müdaxilə edə bilmir. Biz isə tələb edirik ki, sertifikat istehsal olunan hər partiya məhsula verilsin, ilə və ya aya görə verilməsin . Bütün bu problemlər Azərbaycan istehlakçısının sağlamlığına təhlükə törədir.
Tibb elmlər doktoru Adil Qeybulla isə “Yeni Müsavat”a açıqlamasında vurğuladı ki, qida toksik infeksiyalarından, qida zəhərlənmələrindən qorunmağın birinci yolu, düzgün qidalanmadır: “Adətən zəhərlənmə nədən baş verir? Qidaların düzgün saxlanılmamasından,düzgün istifadə olunmamasından, qidaların konservləşdirmə prosesinin düzgün aparılmamasından və sair. Təcrübə isə onu göstərir ki, xeyli adam konservləşdirilmiş qidalardan zəhərlənir. Burada əsasən ev şəraitində hazırlanmış qidalardan söhbət gedir. Dəfələrlə bu barədə deyilib ki. ev şəraitində hazırlanmış yeməklər, şorabalar əgər öz rəngini dəyişibsə, möhtəviyyatını dəyişirbsə, suyu bulanıbsa, köpüklənibsə, qapağı şişibsə, bu o deməkdir ki, orada müəyyən dəyişikliklər baş verib və artıq ondan qida üçün istifadə etmək olmaz.
Təəssüflər olsun ki, bu cür qidalardan istifadə olunur və ailəlikcə zəhərlənmə halları qeydə alınır. Balıq məhsullarından istifadə zamanı əgər onlar düzgün saxlanılmayıbsa, zəhərlənmə halları ola bilər. Bu cür hallara əsasən restoranlarda, kütləvi qidalanma yerlərində, rast gəlinir. KİV-də də bu məsələ ilə bağlı təbliğat işinə önəm verilməlidir. Zəhərlənmə mənbəyi olan hallar ümumiləşdirilməlidir və bu haqda məlumatlar verilməlidir ki, bu cür qidalardan istifadə edərkən diqqətli olun. Göbələklərdən, balıqdan, şorabalardan, boyat qidalardan istifadə edərkən diqqətli olmaq lazımdır. İnsanlar bu məsələlərə həssas yanaşsa, zəhərlənmə hallarının da sayı azalar”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər