Nardaran: daha əvvəlki kimi olmayacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-12-2015, 12:07 | Şərh sayı: (0) | Baxılıb: 335
Nardaran: daha əvvəlki kimi olmayacaq
Dini radikalizm bu gün bütün dünyanı narahat edən ən ciddi problemlərdən biridir. Çünki qlobal problemə çevrilən radikalizm hər bir sivil inkişaf yolu seçən ölkə üçün təhdid doğurur. Təəssüflə qeyd etməliyik ki, bəzi qüvvələr islam dini adı altında ekstremizm fəaliyyətinə rəvac verir və bununla da müqəddəs dəyərləri gözdən salmağa cəhd göstərirlər. O cümlədən terroru dinlə əlaqələndirməyə çalışırlar. Lakin terrorun milliyyəti, dini, irqi yoxdur.
Ümumiyyətlə, bütün dövrlərdə dini radikalizm müxtəlif formalarda özünü büruzə verib. İnsanlığa qarşı yönəlmiş bu cür riyakar planlar müasir dövrümüzdə də işə salınır. Lakin islam barışıq, ədalət, mərhəmət dinidir. Bu dinə bürünərək onu gözdən salmaq cəhdləri yolverilməzdir. Bakının Nardaran qəsəbəsində yaradılmış "Müsəlman birliyi" adlı qondarma qurumun da məqsədi din pərdəsinə bürünərək ekstremist əməllər törətmək idi. Lakin Azərbaycan ictimaiyyətinin dərin etirazı və dövlətin gücü qarşısında onların çirkin əməllər həyata keçirmək istəkləri tamamilə alt-üst oldu.
Həmin terrorçu qruplaşmanın din pərdəsi altında fəaliyyət göstərən və xarici dairələr tərəfindən idarə olunan üzvləri Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq üçün çirkin planlarını həyata keçirmək istəyirdilər. Qəsəbədə bir tərəfdə terrorçular, radikal ekstremist təfəkkürlü ünsürlər, digər tərəfdə isə onların iddialarını bölüşməyən və buna görə də təhdid və təzyiqlərlə üzləşən insanlar birgə yaşamaq məcburiyyətində qalmışdılar. Terrorçu dəstə əhalini qorxu içində saxlayır, sadə insanları yoldan çıxarır, onların mövqeyini bölüşməyənləri məcburi şəkildə öz iradəsinə tabe etdirməyə çalışırdı.
Terrorçulara qarşı əməliyyat zamanı iki polisin öldürülməsi Azərbaycan ictimaiyyətinin səbir kasasını daşırdı. Hər kəs Nardaranda kök salmış terrorçulara və onların tərəfdarlarına qarşı ciddi tədbirlər görülməsini, qəsəbənin azğınlaşmış dəstənin hökmranlığından, Azərbaycan xalqına, hüquqi dövlət prinsipinə xas olmayan mənfi hallardan, stereotiplərdən xilas edilməsini istəyirdi. Dövlət Nardaranı terror istehkamına döndərənlər barədə dərhal sərt ölçü götürərək qəsəbədə Azərbaycan qanunlarının, ölkəmizə xas ictimai davranış normalarının bərqərar edilməsi üçün zəruri olan bütün addımları atdı.
Həmin terrorçu dəstə Nardaran əhalisini yoldan çıxarmaq, antikonstitusion əməllərini reallaşdırmaq üçün sosial məsələlərdən də yararlanmağa cəhd göstərirdi. Belə ki, onlar bütün imkanlardan istifadə edərək dövlət tərəfindən vətəndaşların rifahı naminə həyata keçirilən bütün sosial və infrastruktur tədbirləri sabotaj etməyə çalışırdılar. Lakin Nardaran qəsəbəsində sosial problemlərin guya həll edilməməsi ilə bağlı onların bütün iddiaları tamamilə cəfəng və əsassız idi. Çünki "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində bütün Bakıətrafı kənd və qəsəbələrin, o cümlədən Nardaran qəsəbəsinin sosial-iqtisadi problemləri uğurla həll edilir. Hətta Nardaran əhalisinin istifadə etdikləri elektrik enerjisinə, təbii qaza görə xeyli borcları yığılsa da, onların indiyədək nə işığı, nə qazı, nə də suyu kəsilmişdi. Bütün bunlar bir daha təsdiq edirdi ki, qəsəbə sakinlərinin sosial, kommunal təminatının yaxşı olmadığı barədə iddialar tamamilə yalandır və terrorçu ünsürlərin, onların havadarlarının dezinformasiya vasitəsilə ölkə ictimaiyyətini çaşdırmaq cəhdindən başqa bir şey deyil.
Qeyd etdiyimiz kimi, dərhal həyata keçirilən əməliyyatdan sonra Nardaran onu girovluqda saxlayan terror qruplaşmasından təmizləndi. Artıq qəsəbənin sakinləri dinc həyata, ölkəmiz üçün xarakterik olan sağlam mühitə qaytarılıb. Bu gün qəsəbədə bütün dövlət qurumlarının fəaliyyəti üçün lazımi mühit tam təmin edilib. Eyni zamanda, Nardaranda quruculuq və abadlıq işlərinin daha da sürətləndirilməsi, qəsəbənin mədəni və sosial həyatının canlandırılması, sakinlərin rifahının yaxşılaşdırılması istiqamətində də addımlar atılmaqdadır. Belə ki, qəsəbənin nəqliyyat sistemi yenidən təşkil edilib, dövlətin humanizm siyasəti nəticəsində hətta böyük miqdarda borclarına baxmayaraq, 1000-ə yaxın ailəyə elektrik enerjisinin verilməsi bərpa olunub. Hökumət tərəfindən "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, "Azəriqaz" İstehsalat Birliyi və "Azəravtoyolservis" Səhmdar Cəmiyyəti qarşısında qəsəbədə bu sahələrdə vəziyyətin daha da yaxşılaşdırılması, mövcud problemlərin həlli istiqamətində konkret tapşırıqlar qoyulub.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən, Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait ayrılıb. Qeyd edilməlidir ki, bu vəsait ilkin məbləğdir. Belə ki, qəsəbənin mövcud problemlərinin həlli, abadlıq-quruculuq işlərinin ardıcıl davam etdirilməsi, burada mədəni həyatın inkişafı, vətəndaşların sosial rifahın daha da yaxşılaşdırılması istiqamətində bundan sonra da müvafiq addımlar atılacaq.
Beləliklə, Nardaranda indiyədək dövlət qurumlarının fəaliyyətinə maneçilik yaradılması praktikasına birdəfəlik son qoyuldu. Həyata keçirilən tədbirlər həm də onu göstərir ki, indiyədək dini radikalizmin zülmətə qərq etdiyi Nardaran dövlətin sayəsində işıqlı günə çıxır.
"Azərbaycan" qəzeti
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər