Xədicənin tərifli keyfiyyətləri və fəzilətləri |
Müəllif: Admin | Bölmə: Xanimlar üçün | Vaxt: 20-01-2016, 21:06 | Şərh sayı: (0) | Baxılıb: 392
Xədicənin tərifli keyfiyyətləri və fəzilətləri
Müsəlman qadınının ən yüksək nümunəsi olan Xədicə ulu Peyğəmbərin (s) xüsusi ehtiram və məhəbbətini qazanmışdı. Hörmətli Rəsul (s) o möhtərəm xatunu çox sevirdi, onun ağıl və kamalına yaxşı bələd idi. Ona görə də öz işlərində Xədicə ilə təkcə bir həyat yoldaşı kimi yox, həm də ağıllı, ürəyiyanan və səmimi bir dost kimi məsləhətləşir və onun fikirlərinə çox hörmətlə yanaşırdı.
Həzrət Əliyə (ə) aid bir rəvayətdə o, belə buyurur: "Bu cümləni İslam peyğəmbərinin (s) özündən eşitdim ki, buyurdu: "Bəni İsrailinin keçmiş əsrlərdə ən yaxşı qadını Məryəm bint İmran və ümmətin ən yaxşı qadını bu gün Xədicə bint Xüvəyliddir.”
Əlbəttə, Xədicənin ali məqamını, hörmət və şəxsiyyətini adi meyarlarla ölçmək olmaz. Belə ki, o böyük xanımın məqam və ehtiramı elə yüksəkdi ki, ulu və uca Tanrı Cəbrayılla ona salam göndərdi və ona elə böyük mükafat vəd etdi ki, istər əvvəllər yaşamış kəslər, istərsə də müasirləri içərisində heç bir şəxs və Allahın elçisinin səhabələrindən kimsə o məqama çatmamışdı. Sünnə əhlinin böyük hədisçilərindən biri, sünnə əhlinə məxsus altı mühüm və mötəbər hədis kitablarından – "Səhih”lərdən birinin müəllifi Buxari yazır: "Ayişı deyir: "Eşidəndə ki, Pərvərdigarı Xədicəyə behişt vəd etmişdir, heç bir qadın barəsində bu dərəcədə nə həsrət çəkdim, nə də həsəd apardım.”
Ayişənin bu sözü həqiqətdən uzaq olmamışdır. Bildiyimiz kimi, Xədicə böyük Peyğəmbərin (s) peyğəmbərliyinin başlanmasından qabaq seçdiyi ilk həyat yoldaşıdır və onunla uzun bir müddət ərzində - 25 il yaşamışdır. Həzrəti-Rəsul (s) Xədicənin vəfatından sonra başqa qadınlarla da, Ayişə, Səfiyyə, Ümm-Sələmə və s. ilə də birgə ömür sürməsinə baxmayaraq, evində başqa həyat yoldaşları olduğu bütün müddətdə yenə də Xədicəni böyük hörmətlə yad etmiş, onun adını ehtiramla çəkmiş və həmişə xatirəsini əziz tutmuşdur. Belə ki, onun haqqında buyurmuşdur: "Uca Tanrı ondan daha yaxşısını mənə əsla nəsib etməmişdir. Köməyə ehtiyacım olduğu gün o, mənə yardım etdi və mehr və məhəbbətlə əlimdən tutdu. Elə bir gündə mənə iman gətirdi ki, camaat məni təkzib edirdi. Və Tanrı ondan mənə övlad bəxş etdi.”
Əziz İslam peyğəmbərinin (s) mübarək dilindən çıxmış bu aydın və qiymətli sözlər Xədicənin o həzrətin yanında necə bir yüksək məqam tutduğunu, necə bir yüksək əxlaq və şəxsiyyət sahibi olduğunu aşkar göstərir.
Ayişə deyir: " Elə bir gün olmurdu ki, İslam peyğəmbəri (s) Xədicəni xeyirxahlıqla yad etməmiş olsun. Bir gün onun haqqında elə danışdı ki, qadınlıq qüruru və təəssübü mənə üstün gəldi və həmin (həsədli) halımla dedim: "Məgər o qoca bir qadın deyildi ki, uca Tanrı sənin nəsibin etmişdi?” (Bu sözdən Ayişənin məqsədi öz vücudunu, öz dəyərini bəyan etmək idi. Çünki o, çox gənc bir qadın idi və buna görə də özünü Xədicə ilə müqayisə edərək cavanlıq baxımından üstünlüyünü qeyd etmək istəmişdi). İslam peyğəmbəri (s) bərk qəzəbləndi, hirsindən mübarək başının qabaq tərəfindəki tükləri titrədi və bu zaman Xədicə haqqında yuxarıda göstərdiyimiz sözləri buyurdu.
Ayişə yenə deyir: "Evdə nə vaxt bir qoyun kəsilirdisə, İslam peyğəmbəri (s) buyururdu: "O ətdən Xədicənin dostları üçün də göndər” Bir gün bu işə etiraz etdim, lakin Peyğəmbər (s) buyurdu: "Mən Xədicənin dostlarını da sevirəm.”
Bu deyilənlər dənizdən bir damla qədərdir. Sünnə əhli alimləri vasitəsilə gəlib çatmış çoxlu hədislər vardır ki, orada onların hamısı Xədicənin parlaq xasiyyətindən, yüksək şəxsiyyətindən və ona bəslənən sonsuz ehtiramdan danışır. O cümlədən müxtəlif alimlər vasitəsilə gəlib çatmış, çoxlu hədislərdə belə deyilir: "İman baxımından ən kamil, ən yaxşı qadın dörd nəfər olmuşdur. Müzahimin qızı Asiyə (Fironun həyat yoldaşı), İmranın qızı Məryəm (Həzrət İsa Məsihin anası), Xüvəylidin qızı Xədicə və İslam peyğəmbərinin qızı Fatimə.”
Xədiceyi-Kübranın bu tərifli keyfiyyətləri və fəzilətləri, böyük şəxsiyyəti, bacarıq və ləyaqəti, yüksək bəşəri duyğuları, uzaqgörənliyi və başqa fövqəladə üstünlükləri xatirinə İslam peyğəmbəri (s) nə qədər ki, o sağ idi, başqa qadınla evlənmədi. O zaman dövrün və məkanın xüsusi şəraitinə, qəbilə və tayfa adət-ənənələrinə görə çoxarvadlılığın adi bir hal olmasına, bir çox kişilərin, eyni zamanda evdə bir neçə arvad saxlamasına və İslam qanunlarının da mövcud şəraiti nəzərə alaraq bu icazəni hər bir şəxsə - o da ola Allahın peyğəmbəri (s) – verməsinə baxmayaraq, yenə də Böyük Rəsul (s) Xədicənin bütün ömrü boyu özünün bu haqqından əsla istifadə etmədi.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər