Şiədə təqlid və mərciyyət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-10-2015, 20:32 | Şərh sayı: (0) | Baxılıb: 474
Şiədə təqlid və mərciyyət
Şəriət hökmlərinə əməl etməsi vacib olan hər bir müsəlman əgər özü müctehid olmazsa, (yəni özü şəriət hökmlərini Quran və sünnədən ələ gətirə bilməzsə) camiuş-şərait olan müctehiddən təqlid (yəni müctehidə dini əhkamlar barəsində buyuruğuna əməl) etməlidir. Camiuş-şərait olan müctehid alim, adil, təqvalı və s. olmalıdır. Allah-taala buyurur:
فَاسْأَلُواْ أَهْلَ الذِّكْرِ إِن كُنتُمْ لاَ تَعْلَمُونَ
"Əgər bilmirsinizsə, bilənlərdən soruşun.”
Bu barədə axtarış aparsaq, imamiyyə şiələrinin zəmanə və hədislərlə irəli getməsinin şahidi olarıq. Onlarda mərcəiyyət ardıcıllığı heç zaman qırılmamışdır. Bu ardıcıllıq onlardan Peyğəmbər (s)-in zamanından başlanmış, bu günə kimi davam edir.
Şiələr Əhli-beyt imamlarına bu gündə təqlid edirlər. Onların vücudu üç əsr davam etmiş və heç zaman onlardan biri digərinin sözü ilə müxalifətçilik etməmişdir. Bunun səbəbi Kitab və sünnənin buyurduqlarının onlar tərəfindən qəbul olunmasından və heç zaman qiyas və şəxsi ictihadlarına əməl etməmələrindəndir. Əgər onlar da əhli-sünnə və camaat kimi öz şəxsi ictihadlarına və qiyasa əməl etsəydilər, bu gün onların da arasında böyük ixtilaf görərdik. (Necə ki, o ixtilafı bu gün əhli-sünnə və camaatda görürük.)
Bundan başa düşülür ki, əhli-sünnə və camaat məzhəbi – istər Hənəfi, istər Maliki, istər Şafei və istərsə də Hənbəli olsun – bir nəfərin nəzəriyyəsi üstündə qurulmuşdur. O şəxslər Peyğəmbər (s) zamanından çox uzaq olmuş və onunla heç bir yaxınlıqları da yoxdur. Amma şiə məzhəbinə gəldikdə isə, bu məzhəb təvatür yolu ilə on iki imamdan bizə çatmışdır ki, onların hamısı Peyğəmbər (s)-in nəslindəndirlər, hər biri deyir: Mən hədisi atamdan, atam babamdan, babam Əmirəl-möminin Əli ibni Əbi Talib (ə)-dan, o da Peyğəmbər (s)-dən, Peyğəmbər (s) də Cəbraildən və onun da sözü Allahın sözüdür:
وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ اللّهِ لَوَجَدُواْ فِيهِ اخْتِلاَفًا كَثِيرًا
"Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.”
Bir müddət keçdikdən sonra məsum imamın qeybə çəkilməsinin vaxtı çatdı. Onlar xalqı bütün şərtləri özündə toplayan fiqh aliminən təqlidə hidayət etdilər.
Daha sonra, o zamandan bu günə kimi müctehid, fəqihlər meydana gəldilər. Onların meydana gəlməsi ilə hər zəmanədə ümmət arasında bir və ya bir neçə şiə mərcəi olmuş və xalq onlara təqlid etmişdir. Kitabı və sünnədən ələ gəlmiş hökmlər xüsusi əməli risalələrdə yazılmışdır. İctihad yalnız elm və texnologiyanın inkişafı nəticəsində meydana çıxan yeni məsələlərdədir. O cümlədən, ürək köçürülməsi, bir insanın bədən üzvlərinin başqa bir insana qoyulması, süni yolla hamiləlik, bank ticarəti və bunlar kimi bir çox məsələlərin adını çəkmək olar.
Müctehidlər arasında hamıdan artıq elmə malik olan şəxs şiənin mərcəi adlanır. Bu müctehid şiələrin dini rəhbəri və elmi hövzələrin rəisi olur.
Şiə hər zamanda diri bir müctehidə təqlid edir. Müctehid xalqın müşküllərini bilir, onların məsələlərini yaxından görür. Onlar müctehiddən sual edir və müctehid də cavab verir.
Beləliklə, şiə hər bir zamanda İslam şəriətinin iki əslinə, yəni Kitab və sünnəyə vəfalı qalmışdır. Onların alimləri şəxsi nəzərlərindən və qiyasdan ehtiyacsız olmuş, Əli ibni Əbi Talib (ə)-ın zamanından etibarən Peyğəmbər (s)-in sünnəsini yığıb səhifədə qorumuşlar. O səhifədə insanların qiyamət gününə qədər olacaq ehtiyacları qeyd olunmuşdur. Onun övladları olan imamlar bir-birinin ardınca onu irs aparmış, qızıl kimi qorumuşlar.
Biz bu barədə Ayətullah şəhid Sədrin sözünü qabaq bəhslərdə qeyd etmişdik.
Əlbəttə, şəhid Sədrin sözü nümunə üçün qeyd olunmuşdu, əslinə qalsa şiənin bütün mərcələri bunu deyirlər.
Bu qısa bəhsdə şəri təqlid məsələsi və dini mərcəiyyət bizim üçün aydın oldu. Məlum oldu ki, şiələr Quran əhli və Peyğəmbərin sünnəsinə əməl edənlərdir. Onlar sünnəti birbaşa (Peyğəmbərin elm şəhərinin qapısı olan) rəbbani alim, ümmətin Peyğəmbərdən sonra ikinci rəhbəri Əli ibni Əbi Talibdən almışlar. O Əli ki, Quranda Peyğəmbərin canı adlandırılmışdır.
Bu şəhərə gəlmək istəyən hər kəs onun qapısından keçərək, zülal kimi bulağa yetişir, qədəhi dolub-daşır, dərdlərinə dərman olunur. Heç vaxt ayrılması mümkün olmayan möhkəm halqadan yapışır. Çünki mütəal Allah buyurur:
وَأْتُواْ الْبُيُوتَ مِنْ أَبْوَابِهَا
"Evlərə qapılarından daxil olun.”
Hər kəs qapıdan deyil, başqa yolla daxil olmaq istəsə, oğru adlanır və evə çata bilmir. Sünnədən xəbərsiz qalır. İtaətsiz olduğuna görə Allah ona cəza verir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər