Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 7-01-2016, 00:37 | Şərh sayı: (0) | Baxılıb: 1377
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Diqqət yetirmək lazımdır ki, məsum imamların adları Quranda aşkar şəkildə gəlməsə də, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in kəlamında onların adları, xüsusi ilə "Qədir” hədisinin aşkar nümunəsi olan Əli (əleyhis-salam)-ın adı tam aşkar şəkildə zikr olunur. Bu hədis Əli (əleyhis-salam)-ın xilafət məqamını rəsmi olaraq bəyan edir. "Qədir” hədisi sənəd cəhətindən mütəvatir və dəlalət baxımından Əli (əleyhis-salam)-ın imamətinə aşkar bir şahiddir.
Bundan əlavə, Quranının özündə də bir çox ayələr Əli (əleyhis-salam)-ın şənində nazil olmuşdur. Onların ən mühümü "Maidə” surəsinin 55-ci ayəsidir. Orada buyurulur:
إِنَّمَا وَلِیُّکُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِینَ آمَنُواْ الَّذِینَ یُقِیمُونَ الصَّلاَةَ وَیُؤْتُونَ الزَّکَاةَ وَهُمْ رَاکِعُونَ
"Sizin rəhbər və vəliniz yalnız Allah, Onun Rəsulu və iman gətirib namaz qılan və rüku halında zəkat verənlərdir.”
Şiə və sünnülərin təfsir, tarix və rəvayət kitablarında qeyd olunur ki, bu ayə Əli (əleyhis-salam)-ın öz üzüyünü namazda – rüku halında sailə (dilənçiyə) verdiyi zaman nazil olmuşdur. Bu ayənin xarici nümunəsi Əli ibni Əbi Talibdən başqa heç kəs deyildir. Deməli, o həzrətin adı Quranda aşkar şəkildə gəlməsə də, o həzrətə dair aşkar işarələr mövcuddur.
O həzrətin adının Quranda aşkar deyilməməsinin səbəbinə gəldikdə isə, heç olmasa iki cavab vermək olar. Əvvəla: Quranının bəyanı bu əsasdadır ki, məsələləri külli şəkildə, ümumi qayda və prinsiplər şəklində bəyan edir, amma onun incəliklərini və xırdalıqlarını bəyan etmir.
İmam Sadiq (əleyhis-salam)-dan "nə üçün imamların adları Quranda gəlməmişdir?” - deyə sual olunan zaman buyurdu: "Allah-taala namaz, zəkat və həcci əsl bir prinsip və külli qanun şəklində nazil etmiş, amma onun xırdalıqlarını bəyan və şərh etməmişdir; bu əməllərin yerinə yetirilmə qaydalarını və hökmlərini dəqiq şəkildə, incəliklərinə qədər Peyğəmbər (səlləllahu əleyhi və alih) bəyan etmişdir. Vilayət barəsində də Peyğəmbərin özü həzrət Əli (əleyhis-salam)-ın və Əhli-beytin xilafətini aşkar bəyan etmişdir. Amma Quranda onların tək-tək adlarının zikr olunmasına ehtiyac yox idi.
İkincisi, belə məsələlər qarşısında çoxlu müxalifət ehtimalı verildiyi üçün məsləhət Quranın belə mühüm mətləbi aşkar olmayan şəkildə – işarə və kinayə ilə bəyan etməsin tələb edirdi. Çünki ehtimal verilirdi ki, imamların imaməti məsələsi ilə müxalifət hüdudları Quranın özü və dinin əsli ilə müxalifətə gətirib çıxartsın. Belə olan halda şübhəsiz, bu iş müsəlmanların xeyrinə və məsləhətinə olmayacaqdı. Yəni əgər Əli ibni Əbi Talib (əleyhis-salam)-ın vilayəti bir ayədə aşkar bəyan edilsəydi, çox hallarda onun vilayəti ilə müxalif olanlar məhz o həzrətlə müxalif olduqlarına görə, həmin ayəni təhrif edər, yaxud Qurandan çıxarardılar. Bu zaman İslamın sonuncu din və Quranın sonuncu əbədi və asimani kitab ünvanı ilə dəyəri aradan gedəcək, hörməti pozulacaqdı.
Halbuki, Allah-taala Quranda buyurur: "Həqiqətən Biz Quranı nazil etdik və Özümüz də onu qoruyub hifz edəcəyik.” Quranın qorunub-saxlanma yollarından biri də budur ki, müxalifət və təhrif stimullarını təbii olaraq aradan qaldırsın. Buna görə də əvvəla, o həzrətin vilayəti tam aşkar şəkildə və adı ilə göstərilməmişdir. İkincisi, Əli (əleyhis-salam)-ın vilayətinə, eləcə də o həzrətin vilayətinin rəsmi olaraq təbliğ edilməsi ilə əlaqədar olan "Təbliğ” ayəsi, Əhli-beytin ismət və paklığını göstərən "Təthir” ayəsi zahirdə nəzərdə tutulan mövzu ilə heç bir əlaqəsi olmayan ayələrin arasında yerləşdirilmişdir ki, təhrif və dəyişiklik məqsədləri mümkün qədər aradan qalxsın, tarix boyu bu səmavi kitab hər növ dəyişiklikdən amanda qalsın.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər