Quran cənnət əhlini belə vəsf edir |
Müəllif: Admin | Bölmə: Qurani-Kərim | Vaxt: 30-10-2016, 11:18 | Şərh sayı: (0) | Baxılıb: 521
Quran cənnət əhlini belə vəsf edir
Hər şeydən əvvəl Qurani-kərimdə dönə-dönə vurğulanır ki, insanın cənnətə düşmə ehtimalı imanla saleh əməlin vəhdəti sayəsində mümkündür. “Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik” (Nəhl, 97).
Aydındır ki, burada mükafat deyərkən dünyanın maddi nemətlərindən daha çox axirət nemətləri nəzərdə tutulur. Başqa bir ayədə bu mükafatın nədən ibarət olacağı açıqlanır. Bu mükafat – təsvirəsığmaz nemətləri olan Ədn cənnətidir (yəni behiştin Ədn adlı mərtəbəsidir): “İman gətirib yaxşı əməllər edənlərə gəldikdə isə Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik! Onları (ağacları) altından çaylar axan Ədn cənnətləri gözləyir...” (Kəhf, 30-31). Quranın daha bir neçə ayəsində də imanla saleh əməlin vəhdətinə nail olan şəxslərin cənnətə aparılacağını oxuyuruq (Kəfh, 2-3; Ənkəbut, 58; Nisa, 124; Taha, 75-76; Ğafir, 40).
Allah özünün mömin və əməlisaleh bəndələrinə nəinki cənnətə düşməyi vəd edir, hətta cənnətdə əbədi olaraq qalmağı zəmanət verir: “İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar” (Bəqərə, 82).
Quran ayələrinin birində iman və saleh əməllə yanaşı daha bir cəhət də cənnət əhlinə aid edilir: “İman gətirib yaxşı işlər görənlər və ümidlərini Rəbbinə bağlayanlar isə cənnətlikdirlər. Onlar orada əbədi qalacaqlar!” (Hud, 23). Burada möminə xas olan rəca halı, yəni günahlarının Allah tərəfindən bağışlanacağına ümid ifadə edilib. Mömin öz günahlarını göz önünə gətirib əzabdan qorxmaqla yanaşı, həm də ilahi mərhəmətə ümid etməlidir. Məhz bu iki duyğunun müvazinətindən iman möhkəmliyi yaranır.
Məryəm surəsinin 63-cü ayəsi cənnətin təqvalı insanlara məskən olacağını açıq şəkildə bəyan edir: “Bu, həmin o Cənnətdir ki, bəndələrimizdən müttəqi olanları ona varis edəcəyik”. Burada müttəqi – həyatı boyunca ardıcıl olaraq təqvaya riayət edən, Allahın qadağanlarından qaçan, əmrlərinə isə laqeyd qalmayan, öz üzərində ilahi nəzarəti və məsuliyyəti həmişə hiss edən insandır. Quranın bir neçə başqa ayəsi də təqvalıların xoş aqibətindən söz açır (Duxan, 51-52; Mürsəlat, 41; Rəd, 35; Nəhl, 31; Hicr, 45; Fürqan, 15 və s). Allah-təala təqva sahiblərinin cənnətə düşəcəyini bəyan etməklə yanaşı, bu barədə ən kiçik şübhəni də yaxına buraxmır: “Lakin Rəbbindən qorxanları (cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar (behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar axar. Bu, Allahın vədidir. Allah vədə xilaf çıxmaz!” (Zumər, 20).
Ali-İmran surəsində təqvalıların məskunlaşacağı cənnətin təsəvvürəgəlməz ölçülərini (genişliyi göylərlə yer üzü qədər) bəyan edən Allah bu gözəl axirət məkanının məhz təqvalılardan ötrü nəzərdə tutulduğunu vurğulayır. Daha sonra isə cənnətə layiq görüləcək təqvalıları aşağıdakı ifadələrlə vəsf edir: “O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər” (Ali-İmran, 134). Növbəti ayədə isə müttəqilərin öz günahlarını yada salıb tövbə etmələrindən və bir daha həmin günaha dönməmələrindən danışılır.
Cənnətə aparan yolun əsas şərtlərindən biri də haqq yolda sabitqədəm olmaq, çətinliklərdən qorxmamaq, hərdəmxəyallıq göstərməməkdir. Quranda buyurulur: “Şübhəsiz: “Rəbbimiz Allahdır!” – deyənlərin, sonra da (sözünün üstündə) möhkəm duranların (qiyamət günü) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə də görməyəcəklər! Belələri cənnətlikdirlər, onlar (dünyada) etdikləri (yaxşı) əməllərin əvəzi olaraq orada əbədi qalacaqlar!” (Əhqaf, 13-14).
İnsanı cənnətə aparan əxlaqi dəyərlərdən biri də səbirdir: “Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaq” (İnsan, 12). Rəd surəsinin 23-24-cü ayələrində də bu fikir təsdiqlənərək bəyan edilir ki, səbir edənlər cənnətdə sakin olacaq və mələklər onları salamlayacaqlar.
Ayələrə nəzər saldıqca insanı cənnətə aparan digər xüsusiyyətlərlə də tanış oluruq. Bunlardan biri də təbərradır, yəni Allahın və Peyğəmbərin düşmənləri ilə düşmən olmaq, onları baykot etmək və onlara qarşı cəbhədə yer tutmaqdır. Təsadüfi deyil ki, təvəlla (Allahın dostlarını sevmək) və təbərra (Allahın düşmənləri ilə düşmənçilik etmək) fürui-dindən sayılır: “Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir. (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi, məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır” (Mücadilə, 22). Bundan gözəl bir vəsf ola bilərmi? Öz sevgisinə və nifrətinə Allahı meyar və ölçü götürənlər Allahın firqəsi (dəstəsi) adlandırılır. Onlar hətta öz mənafeləri, qohumluq əlaqələri üzündən belə, haqqı danmaz, ilahi dəyərlərə qarşı çıxmaz, ədalətin tərəfində durarlar. Bu əzmkarlıq onlara əbədi cənnət qazandırar.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər