İntiqam və əfv etməkdə ədalət |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 17-05-2016, 12:37 | Şərh sayı: (0) | Baxılıb: 653
İntiqam və əfv etməkdə ədalət
Quran insanı həyatın acılı-şirinli günlərinə adət etməyə, qarşısına çıxan bəla və müsibətlərə səbr etməyə tövsiyə edir. Səbr edənlərin böyük nemətlərlə mükafatlandırılacaqlarına bəşarət verir:
«Yalnız (dünyada Allah yolunda çətinliklərə) səbr edənlərə (axirətdə) saysız-hesabsız mükafat veriləcəkdir.» (Zumər-10).
«Allah səbr edənləri sevər.» (Ali İmran-146).
Amma bu heç də o demək deyildir ki, Quran insanları zülmə qarşı mübarizə aparmaqdan çəkindirir və onların zülmə tabe olmalarını tövsiyə edir. Xeyir! Quran məzlumlara, öz haqlarını tələb etmək lazım gələrsə, mübarizəyə belə qoşulmasını əmr edir. Bəqərə surəsinin 194-cü ayəsində bu haqda deyilir:
«Sizə qarşı həddini aşanlarla siz də həmən ölçüdə həddi aşın (cavab verin).»
* * *
Quran, qətlə yetirilmiş şəxsin sahibinə həddi aşmadan (yəni daha ağır əzab növlərindən istifadə etmədən) qisas almaq ixtiyarın vermişdir.
«Haqsız yerə öldürülən məzlum bir şəxsin sahibinə (və ya varisinə qatil barəsində) bir ixtiyar verdikdə (istəsə qatildən qisas alar, istəsə bağışlayar və ya qanbahası tələb edər). Lakin, o da qətl etməkdə ifrata varmasın. (qisas almalı olsa, yalnız qatili öldürməklə kifayətlənsin.» (İsra-33).
Maddi və mənəvi ədalət
Quranın qanunvericilik prinsipləri ədalət üzərində qurulduğu üçün, onda dünya və axirət qanunları arasında müəyyən oxşarlıq vardır. Quran, tövratda olduğu kimi yalnız insanların maddi həyatlarına diqqət yetirərək axirət dünyasını onların zehnindən silməmişdir. Belə ki, xeyirxah işlər görən şəxslərin mükafatını, məhz dünyəvi var-dövlətdə və başqalarının üzərində hakimiyyətdə görür. Və eyni zamanda incildə olduğu kimi, yalnız axirətə qapılaraq dünyəvi həyatdan əl çəkməyi kimsəyə tövsiyə etməyir. Quran həm insanları axirət dünyasına sövq edir, həm də dünyəvi halal ləzzətlərdən zövq almağı tövsiyə edir.
«Hər kəs Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu ağacların altında çaylar axan cənnətlərə əbədi olaraq daxil edər ki, bu da (möminlər üçün) böyük uğur və qurtuluşdur! Hər kəs Allaha və peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir. (Nisa 13-14).
«Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyirini görəcəkdir (mükafatlanacaqdır).
Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir (cəzasnı çəkəcəkdir).» (Zilzal 7-8).
«Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərft et). Dünyadakı nəsibini də unutma.» (Qəsəs-77).
Quranın bir çox ayələrində elm və təqvaya tövsiyə olunmaqla yanaşı, dünyəvi halal nemətlərdən səmərəli istifadə etməyə də xüsusi diqqət yetirilir.
«(Ya Məhəmməd!) De ki, Allahın öz bəndələri üçün yaratdığı zinət və təmiz (halal) ruziləri onlara kim haram buyurmuşdur?» ( Əraf-32).
* * *
Qeyd etdiyimiz kimi Quran, insanların dünyəvi həyatları ilə yanaşı axirət dünyasının mənəvi məsələlərinə də xüsusi diqqət yetirir. Bütün bunlarla yanaşı insan, yaradılış dünyasında mövcud olan varlıqlara və vücudunun əsrarəngiz sirlərinə yol tapmasına sövq olunur. Burada tək insanla Allah arasında olan rabitəyə deyil, onların bir-biri ilə ünsiyyətdə olma və qarşılıqlı həmkarlıq və ehtiram prinsiplərinə də diqqət yetirilir.
İqtisadi ədalət
Qurani-kərimdə qanuni alqı-satqı və digər müamilə üsulları halal, sələm, çəkidə və digər ölçü vahidlərində edilən kələkbazlıqlar isə haram buyurulmuşdur.
«Allah, alış-verişi halal, sələm almağı isə haram (qadağan) etmişdir.» (Bəqərə-275).
«Ey iman gətirənlər! Əhdlərə sadiq olun!» (Maidə-1).
Həyat yoldaşını seçməkdə ədalət
Bəşəriyyətin yer üzündə çoxalaraq qalmasının yeganə amili varsa, o da evlənmək və ailə qurmaqdır. Bu səbəbdən də Allah-taala insanlara müəyyən olunmuş qanunlar çərçivəsində evlənmə əmrini vermişdir.
«(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh (yaxud evlənməyə qabil) kölə və qariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütf, mərhəmət) geniş olan və (hər şeyi) biləndir!» (Nur-32).
« Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə biləcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan başqa qadınlardan iki, üç və dörd nəfəri ilə nikah bağlayın.» (Nisa-3).
Rəftar və ünsiyyətdə ədalət
Quran, insanı həyat yoldaşı ilə xoş rəftar etməyə, onun maddi-mənəvi ehtiyaclarını ödəməyə və digər müsəlmanlarla, xüsusilə ata-ana, yaxın qohumlarla da gözəl rəftar etməyə dəvət edir. Başqalarına qarşı xoş rəftar etmək və səmimi ünsiyyətdə olmaq yalnız müsəlmanlara deyil, eləcə də bütün bəşəriyyətə vacib olan məsələlərdəndir.
«Onlarla (qadınlarınızla) gözəl (Allah buyurduğu kimi) rəftar edin.» (Nisa-19).
«Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır.» (Bəqərə-228).
«Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qohum-qonşuya, yaxın yoldaş və dostlara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin. Həqiqətən Allah özünü bəyənənləri və lovğalıq edənləri sevməz.» (Nisa-36).
«Allah sənə (sərvət verməklə) yaxşılıq etdiyi kimi, sən də (varından yoxsullara, qohum-əqrəbaya xərcləməklə) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz.» (Qəsəs-77).
«Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır.» (Əraf-56).
«Yaxşılıq edin! Allah yaxşılıq (ehsan) edənləri sevər.» (Bəqərə 195).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər