Aclığın və sükutun müsbət tə’sirləri |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 18-06-2016, 18:45 | Şərh sayı: (0) | Baxılıb: 380
Aclığın və sükutun müsbət tə’sirləri
Aclığın və sükutun me’rac hədisində qeyd olunan müsbət tə’sirlərini nəzərdən keçirək:
1. Aclığın və sükutun ilk dəyərli tə’siri hikmətdir. Yəni aclıq və sükut vasitəsi ilə insan həqiqətlərə, çətin dərk olunan gerçəkliklərə yol tapır. İnsan öz məhdud təcrübəsi ilə də aclığın və sükutun faydalarını anlaya bilər. Əgər diqqət etsəniz, ramazan ayının sonunda insanın ruhu sanki pərvaz etməyə hazır olur. Həmin məqamda mə’nəvi ləzzətlər həmişəkindən daha qabarıq şəkildə duyulur. Ona görə də bədənə qulluq edərkən ruhun pərvazını unutmaq olmaz. Qədərincə yemək müsbət fəaliyyətlər üçün zəruridirsə, həddindən artıq yemək insan mə’nəviyyatına öldürücü tə’sir göstərir. İnsanın ruhi qüvvvələrindən sayılan ağıl yalnız az qidalanan orqanizmdə güclü fəaliyyət göstərə bilir.
2. Aclıq və sükutun ikinci dəyərli tə’siri qəlbin şeytani vəsvəsələrdən qorunmasıdır. Oruc tutmuş mö’minlər təcrübədə əmin olmuşlar ki, qarın ac olduğu vaxt insan qəlbi xoşagəlməz hisslərdən uzaq olur. Qarınqulular da çox yaxşı bilirlər ki, toxluq insanda xoşagəlməz hallar yaradır.
3. Aclıq və sükutun üçüncü əsas tə’siri insanın Allaha yaxınlaşmasıdır. Allaha yaxınlaşma, həqiqi kamillik mö’minlərin və müttəqilərin əsas hədəfidir. Uyğun ali hədəfə çatmaq üçün qəlb yersiz nəfs istəklərindən, puç dünyəvi meyllərdən qorunmalıdır. İnsanın ilahi və mə’nəvi şəxsiyyətinin formalaşması üçün güclü iradəyə ehtiyac duyulur. Bu sahədə orucun müstəsna əhəmiyyəti var. Oruc insan iradəsini möhkəmləndirir, onu Allaha yaxınlaşma səmtinə yönəldir.
4. Aclıq və sükutun dördüncü əsas tə’siri daimi hüzndür. Çoxsaylı rəvayətlərdə hüzn bəyənilmiş sifət kimi təqdim edilir. Amma bu o demək deyil ki, insan daim qaşqabaqlı və qəzəbli olmalıdır. Söhbət yersiz, hədsiz-hüdudsuz şadlığın qarşısını alan hüzn haləti haqqındadır. Ac və sakit insan heç vaxt boş yerə şadlanıb öz insani şəxsiyyətini yaddan çıxarmır. O daim mətanətli və aram olur. Amma unutmamalıyıq ki, var-dövlətin əldən çıxması nəticəsində yaranan hüzn bəyənilməmiş bir haldır. Rəvayətlərdə mədh olunan yersiz şadlığın qabağını alan hüzndür.
Mə’lum olduğu kimi, ilahi peyğəmbərlərin mühüm vəzifələrindən biri xalqı qorxutmaq olmuşdur. Əlbəttə ki, bu sayaq xəbərdarlıqların məqsədi insanların diqqətli olub, öz ömür sərmayələrindən daha faydalı şəkildə istifadə etməsidir. Ömrünün bir hissəsini dəyərsiz işlərə sərf etmiş bir insan təəssüf hissi keçirərək, pərişan olur. Çünki o çox qiymətli bir sərmayəni əldən verdiyini anlayır. Bə’zi övliyaların hətta halal işlərdən də çəkinməsi səbəbsiz deyil. Mö’min insan övliyaların həyatına nəzər salarkən öz ömrünü faydasız bilərək qəmlənir. O belə bir qərara gəlir ki, buraxılan nöqsanları aradan qaldırıb ömrünün qalan hissəsinin qədrini bilsin.
5. Aclıq və sükutun başqa bir tə’siri insanın başqalarına ehtiyac duymamasıdır. Yalnız başqalarına möhtac olmayan insan azad ola bilir. Amma daim dadlı xörəklər, müxtəlif dünyəvi ləzzətlər haqqında düşünən insan öz azadlığını əldən verir. Qarınqulu insan daha çox dördayaqlılara oxşayır. Həzrət Əlinin (ə) tə’birincə, onun fikiri-zikiri ot-ələfdir. Belə bir tamah nəticəsində insan çoxsaylı problemlərlə üzləşir. Nəfsin tələb etdiyi bər-bəzəkli süfrələr, dadlı xörəklər hazırlamaq üçün çoxlu pula ehtiyac duyulur. Belə insan halal yolla öz ehtiyacını tə’min edə bilmədikdə, haram yola əl atır.
6. Qarınqululuqdan və çox danışmaqdan çəkinən insan daim haqqın müdafiəsinə hazır olur. Adi həyat tərzi keçirən insan kimsənin qarşısında gözükölgəli olmur. O hər yerdə, hər zaman dünyapərəstlərin əksinə olaraq haqqı deyə bilir. Aza qane olan belə insanlar öz gəlir mənbələrini itirməkdən qorxmurlar. Aza qane olan insan istənilən bir ədalətsizliyə qarşı səsini qaldırır və haqqı müdafiə edir. Aza qane olan insan üçün ən dəyərli şey onun abır-həyasıdır. Qarınqulular isə öz nəfs istəklərini tə’min etməkdən ötrü istənilən bir sifətə düşürlər.
7. Aclıq və sükutun digər bir faydası həyat səviyyəsi ilə bağlı narahatlıqların aradan götürülməsidir. Aclıq və sükutu özünə sipər etmiş mö’min üçün yağlı tikə ilə arpa çörəyinin fərqi yoxdur. Az xərcə öyrəşmiş bu insanlar istənilən bir halda Allahın qəzavü-qədərindən razı qalır, heç vaxt bədbinləşmirlər.
Rəvayətin davamında Allah-təala buyurur: "Bilirsənmi bəndəm nə vaxt mənə yaxınlaşır?” Həzrət ərz edir ki, bilmir. Allah-təala buyurur: "Aclıq və səcdə halında!” Şübhəsiz ki, bu iki hal eyni vaxtda baş versə, daha yaxşı olar. Ac halda səcdə edən insanın ruhu daha yüksəklərə pərvaz edə bilir. Ac insan Allah qarşısında daha təvazökar olur, özünü böyük bilmir. Belə bir vəziyyətdə səcdə etdikdə isə onun diqqəti ilahi dərgaha daha çox cəzb olur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər