İslam qardaşlığı |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-06-2016, 19:30 | Şərh sayı: (0) | Baxılıb: 552
İslam qardaşlığı
Mədinəyə daxil olduqdan sonra Peyğəmbərin (s) gördüyü ilk tədbirlərdən biri müsəlmanlar arasında —bir nəfər ənsarla bir nəfər mühacir—qardaşlıq əhd peymanını bağlamaq, qarətlər, qırğınlar və ardı-arası kəsilməyən müharibələrə adət etmiş pərakəndə ərəb qəbilələri arasında vəhdət və birliyi bərqərar etmək oldu.
İrqindən, milliyyətindən və rəngindən aslı olmayaraq, islam dinində bütün müsəlmanlar bir-birləri ilə qardaş və bərabər hüquqa malikdirlər. Birinin digərindən üstün olmasına əsas meyar cismi sağlamlıq, maddi rifah, elmi səviyyə deyil, təqva və iman hesab olunur.
Hucurat surəsinin 13-cü ayəsində insanların bərabərliyi və onların yalnız təqva ilə bir-birlərindən üstün olmaları haqda deyilir:
«Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından [Adəm və Həvvadan] yaratdıq. Sonra bir-birinizi tanıyasınız [kimliyinizi biləsiniz] deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınız, pis əməllərdən ən çox çəkinəninizdir. Həqiqətən, Allah [hər şeyi] biləndir, [hər şeydən] xəbərdardır».
İslam dini zaman, məkan və şəraitdən asılı olmayaraq, müxtəlif millətlər arasında hakim olan qeyri-insani dəyər və meyarları kənara qoyaraq, müsəlmanlar arasında vəhdət və qardaşlığın bünövrəsini qoydu.
Allah-taala Qurani-Kərimdə bir daha möminlərə xatırladır ki, onlar cahiliyyət dövründə ədavət, kin-küdurət bataqlığında qərq olduqları bir halda, qardaşlıq və bərabərlik nemətini onlara bəxş edərək nicat vermişdir.
«Hamınız bir yerdə Allahın ipindən [dinindən] möhkəm yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi [islam ilə] birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən, O, sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız.» (Ali İmran-103. )
Peyğəmbər (s) və onun davamçıları olan Məsum imamlar (ə) bu məsələyə xüsusi diqqət yetirmiş və öz kəlamlarında bu ictimai xüsusiyyətin mənəvi əhəmiyyətinə təkidlə yanaşmışlar.
Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir:
Hər kim Allaha xatir mömin bir şəxslə qardaşlıq edrəsə, Allah-taala onun üçün cənnətdə elə bir məqam təyin edər ki, əməllərinin heç biri ilə ona nail ola bilməz.(Әl-həqaiq, səh-318)
Başqa bir rəvayətdə deyilir:
Qiyamət günü üzləri bədrlənmiş ay tək parlaq olan bəzi şəxslər üçün ərşin kənarında taxtlar ucaldılar. İnsanların bir çoxu qorxaraq nalə etdikləri bir halda onlar nə qorxar, nə də nigarançılıq çəkərlər. Onlar Allaha yaxın olduqları üçün heç nədən qorxmazlar.
Səhabələrdən biri Peyğəmbərdən (s) soruşdu: Ya Rəsuləllah! Onlar kimlərdirlər?
Buyurdu: «Onlar bir-birlərini Allha xatir sevən [əməli saleh] kəslərdir».(Ehyaul-ulum—ədəb-ərkan və ünsiyyət fəsli)
«Allah-taala buyurur: Mənim istək və məhəbbətim o kəslərə nəsib olar ki, Mənə xatir bir-birləri ilə görüşüb hal-əhval tutsunlar. Mənim istək və məhəbbətim o kəslərə nəsib olar ki, Mənə xatir bir-birlərinə kömək və yardım etsinlər. Mənim istək və məhəbbətim o kəslərə nəsib olar ki, Mənə xatir bir-birlərinə məhəbbət göstərərək sevmiş olsunlar. Mənim istək və məhəbbətim o kəslərə nəsib olar ki, Mənə xatir öz mallarından bir-birlərinə ehsan və sədəqə vermiş olsunlar. (Musnəd-Әhməd ibni Hənbəl, 4-cü cild səh.386. )
İmam Sadiq (ə) buyurur:
Bir gün Peyğəmbər (s) səhabələrə müraciət edərək onlardan soruşdu:
İmanın ən başlıca şərti nədən ibarətdir?
Onlar dedilər: «Allah və Onun Peyğəmbəri hər şeyi daha yaxşı bilir. Sonra onlardan bəziləri namazın, bəziləri də zəkat, oruc, həcc, ümrə və ya cihad olmasını dedilər.
Peyğəmbər (s) onları dinlədikdən sonra buyurdu: Dediklərinizin hər birinin ayrı-ayrılıqda savab və fəziləti vardır. Lakin onlardan heç biri imanın ən başlıca şərti deyildir. İmanın ən başlıca şərti Allaha xatir sevmək və Ona xatir düşmənçilik etməkdir. Həmçinin Allahın dostları ilə dostluq, düşmənləri ilə də düşmənçilik etməkdir.(Biharul-ənvar, 69-cu cild, səh-242. )
Göründüyü kimi burada da Allaha xatir dostluq və düşmənçiliyin dinin əsas şərtlərindən biri olduğu göstərilir. Belə ki, hər iki meyar (yəni, istər dostluq, istərsə də düşmənçilik) başqa məqsəd üçün deyil, yalnız Allaha xatir olmalı və insanın mənəvi saflığını daha da gücləndirməlidir.
Allah-taala Qurani-Kərimdə möminləri bir-birləri ilə qardaş adlandırır:
«Həqiqətən möminlər bir-birləri ilə qardaşdırlar».
Bu səbəbdən də hər bir mömin Allahın ona vacib etdiyi əmrə tabe olmalı və öz mömin qardaşına ehtiramla yanaşmalıdır. Möminlərin bir-birlərini sevib qardaş olmaları onların Allaha olan etiqadı, Onun əmrlərinə tabe olmaları, eyni qibləyə üz tutmaları və eyni kitaba iman gətirmələrindən irəli gəlir.
Bu səbəbdən də maddi və dünyəvi maraqlara əsaslanan dostluq əlaqələri, zahiri istək və məhəbbət islam nöqteyi-nəzərindən batil və süst hesab olunur.
Maddi maraq məqsədilə başqalarına ehtiramla yanaşan şəxslər bu səmimiyyəti ya var-dövlət əldə etmək üçün, ya həmin şəxsdən asılı olduğundan və ya müəyyən bir təhlükədən yayınmaqdan ötrü edir. O, istəyinə nail olduqda və ya ehtiram etdiyi şəxs tutduğu yüksək mövqedən məhrum olduqda təbii ki, bu növ dostluq əlaqələrinə də son qoyulur. Lakin islam dininin tövsiyə etdiyi dostluq və qardaşlıq prinsipləri müqəddəs ilahi dəyərlərdən qaynaqlandığı üçün daha möhkəm və sarsılmaz olur. Möminlər bir-birlərinə qarşı qayğı və məhəbbət göstərdikləri üçün maddi və sinfi ixtilaflar onlar üçün heç bir əhəmiyyət kəsb etmir. Tarixə nəzər saldıqda həzrət Peyğəmbər (s)-ın öz qulluqçuları ilə bir süfrə arxasında oturmasının və onların yedikləri yeməklərdən yeməsinin şahidi oluruq.
Cahiliyyət dövründə ərəblər dəvələrinin, övladlarının, bəziləri hətta qəbirlərinin çoxluğu ilə fəxr edir və ərəbin əcəmdən, ağ dərilinin qara dərilidən üstün olduğunu hesab edirdilər. Həzrət Peyğəmbər (s) isə qara dərili səhabə olan Bilal Həbəşini ən yüksək iftixarlardan birinə layiq görərək onu müəzzin (azan verən) təyin edir və milliyətcə fars olan Salmana «Səlmane Muhəmmədi» ləqəbini verərək onu öz ailə üzvündən biri hesab edir. Həmçinin məşhur varlı qəbilə başçısının qızı Zulfanı Cuvəybər adlı olduqca yoxsul bir zənciyə ərə verir. Bu kimi hallarda həzrət Peyğəmbər (s) buyurardı:
«Mömin möminin şərikidir».
Beləliklə, həzrət Peyğəmbər (s), səhabələrə cahiliyyət dövründə adət olan ənənələrin batil və etibarsız olduğunu bir daha sübuta yetirir.
Qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, başqalarının razılığını qazanmaq məqsədilə və ya maddi maraq və mənfəətlər üzərində qurulan dostluq əlaqələri islam nöqteyi-nəzərindən heç bir əhəmiyyət kəsb etmir və bir növ şirk hesab olunur. Çünki, insanda başqa birisinə qarşı olan məhəbbət hissi yalnız o zaman yaranır ki, həmin şəxs batini, və ya zahiri cəhətdən hansı bir gözəl xüsusiyyət və ya xislətə malik olsun. Bütün gözəlliklərin mənşəyi isə Allahın müqəddəs zatındadır. Әgər bir şəxsi Allaha xatir deyil, yalnız zahiri gözəlliyinə görə seviriksə, sözün əsl mənasında şirkə yol vermiş oluruq.
Bununla da, islam nöqteyi-nəzərindən təkcə Allaha görə qurulan dostluq və qardaşlığın etibarlı hesab edilməsinin səbəbi aydınlaşır. İslam bizləri mömin və əməli-saleh şəcslərlə dostluğa sövq etməkdə iki əsas məqsəd nəzərdə tutur:
1. Hər hansı bir şəxslə dostluq əlaqələrinin qurulması onun öz dostları ilə də dostluq əlaqələrinin yaranmasına səbəb olur. Demək, Allahı sevmək, Ona yaxın olan iman gətirmiş əməli-saleh insanları və övliyaları sevməyimizə də səbəb olmalıdır;
2. Allaha yaxın olan insanları sevmək bizi daim Allahı xatırlamağa,onların gözəl xüsusiyyətlərindən bəhrələnməyə və nəticədə Allaha yaxınlaşmağa köməklik edir.
Dostluq və məhəbbətin yalnız Allaha xatir olduğunu bildikdən sonra, belə bir nəticəyə gəlmək olar ki, mömin şəxs Allaha yaxın olan övliya və əməli-saleh insanları sevdiyi kimi, Allahın düşmənlərinə və kafirlərə qarşı da əks mövqe tutmalı və onları öz düşməni hesab etməlidir. Təbii ki, heç bir şəxs başqalarının onun sevdiyi şəxsə hörmətsizliklə yanaşmalarını və ona qarşı etinasız olmalarını istəməz. Bu səbəbdən də Allaha yaxın olan və Onun eşqi ilə yaşayan şəxslər Allaha iman və etiqadı olmayanlara qarşı nifrət edər və daim onlardan uzaq olmaq istər. Bir sözlə deyə bilərik ki, möminlər Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmalıdırlar. Fəth surəsinin 29-cu ayəsində bu haqda deyilir:
«Məhəmməd əleyhissəlam Allahın peyğəmbəridir. Onunla birlikdə olanlar [möminlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər...»
Möminlər Allahı sevdikləri kimi Ona yaxın olan əməli-saleh insanları və övliyaları da sevər, onlara hörmətlə yanaşarlar. Allahla düşmənçilik edən şəxslərə qarşı çıxar və onlara düşmən kəsilərlər.
Aşura ziyarətində imam Hüseyn (ə)-a xitab olunaraq deyilir:
«Mən qiyamət gününədək səninlə sülh edən şəxslərlə sülh edəcək, döyüşən şəxslərlə döyüşəcəyəm».
Allah və Onun eşqi ilə yaşayan insanlara olan məhəbbət və onlarla düşmənçilik edən şəxslərə qarşı düşmənçilik hissi insanın bütün ilahi göstərişlərə tabe olmasını tələb edir. Allah-taala bizlərə həyat və saysız-hesabsız nemətlər bəxş etməklə Öz bəndələrinə olan yüksək sevgi və məhəbbətini göstərmişdir. Biz də Allaha olan istək və məhəbbətimizi göstərmək üçün Onun bütün göstərişlərinə tabe olmalıyıq.
Qurani-Kərimdə bu haqda deyilir:
«Әgər [Mənə] şükr etsəniz, sizə olan nemətlərimi artıracağam». (İbrahim-7. )
Nemətlər artmaqla insan Allah dərgahında ən yüksək məqamlara nail olur. İctimai həyatda ata-anaya, qohum-əqrəbaya, qonşulara və yoxsullara qarşı diqqətli olmağımızla yanaşı, bizdən mömin qardaşlarımıza sevgi və qayğı göstərmək də tələb olunur. Bir müsəlman kimi üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməli və mömin qardaşlarımızın hüquqlarına riayət etməliyik. Kafirlər və Allah düşmənləri ilə sıx dostluq əlaqələri bərqərar etmək isə bizləri tədriclə Allahdan uzaqlaşdırır və günbəgün günaha doğru sövq edir. Bu səbəbdən də ictimai əlaqələrin bərqərar olunmasında kimlərlə əlaqədə olub-olmamağımıza xüsusi diqqət yetirməliyik.
Qurani-Kərimdə bu haqda deyilir:
«Ey iman gətirənlər! Möminləri qoyub kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək istəyirsiniz?»(Nisa-144)
«Ey iman gətirənlər! Nə Mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun!...» (Mumtəhinə-1. )
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər