İnsana imtahan kimi verilmiş nemət - nitq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 19-05-2016, 14:37 | Şərh sayı: (0) | Baxılıb: 310
İnsana imtahan kimi verilmiş nemət - nitq
İnsan bədənində elə bir kiçik üzv var ki, çox böyük qüvvəyə malikdir. O, insanı müvəffəqiyyətə doğru apara da bilər, onu hər şeydən məhrum edə də bilər. Bu kiçik üzvün verdiyi xeyir heç bir başqa bədən üzvünün verdiyi xeyirlə, onun vurduğu ziyan heç bir başqa bədən üzvünün vurduğu ziyanla müqayisə oluna bilməz. Bu bədən üzvü dildir.
İnsan öz dilinin vasitəsi ilə digər şəxsləri və hadisələri idarə etmək qüdrətinə malikdir. Dil insan üçün həm də böyük imtahandır. Ya insan dilə tabe olaraq, onun quluna çevrilir, beynindəki hər fikrin idarəolunmaz nitqə çevrilməsinə şərait yaradır. Ya da xoş sözlər danışaraq, Allahdan savab qazanır. Buna görə də, belə bir seçim qarşısında duran adamlar “ya xoş söz danış, ya da sus” tövsiyəsinə əməl etməlidirlər.
Uca Yaradanın insana bəxş etdiyi ən gözəl nemətlərdən biri nitq bacarığıdır. İnsan nitq vasitəsi ilə öz hiss və duyğularını, fikir və düşüncələrini, ümid və qorxularını, sevgi və nifrətini ifadə edir. Amma dil yalnız o zaman nemət sayılar ki, xeyir məqsəd üçün istifadə olunsun, xeyir sözlər danışsın, günah və fəsadın yayılmasına şərait yaratmasın. Öz nitqinə nəzarət edə bilməyən adam üçün isə dil böyük yük və bəladır. Bu bəla onu hər iki dünyada ziyana məruz qoyur.
Bəşəriyyətin həyat kitabı olan Qurani-Kərim də bu mühüm mövzunu diqqət mərkəzindən kənarda saxlaya bilməzdi. Müqəddəs Kitabda dil və ondan istifadə barədə xeyli tövsiyələr mövcuddur. Onlardan bir neçəsinə diqqət yetirək:
1. “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!” (Əhzab, 70). “Bilə-bilə haqqı batillə qarışdırmayın, haqqı gizlətməyin!” (Bəqərə, 42).
Yəni sözünüzdə dəqiq və birmənalı olun, yalan danışmayın! İkibaşlı məna verən və fərqli şəkillərdə izah oluna bilən sözlər sözyləməyin! Unutmayın ki, əgər bunları etsəniz, Allah qarşısında cavab verəcək və dilinizlə törətdiyiniz fəsada görə məsuliyyət daşıyacaqsınız.
2. “Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışında) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman, 19).
Mömin insan xasiyyət etibarilə nəzakətli və yumşaqdır. Bu xüsusiyyət onun nitqində də büruzə verilir. Öz yumşaq nitqinin köməyi ilə mömin çevrədəki şəxslərlə gözəl münasibətlər qurur, ətrafa müsbət impuls yayır. Lovğalıq və mənəm-mənəmlik etmədiyi üçün, təvazökar danışdığı üçün onu sevir, hörmət edirlər.
3. “(Münafiqlərə:) “Gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun! – deyildi. Onlar: “Əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik” – deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar, ürəklərində olmayan şeyi dillərilə deyirlər. Halbuki, Allah onların (bütün) gizlətdiklərini çox yaxşı bilir!” (Ali-İmran, 167).
Ürəkdə olmayan bir sözü danışmaq münafiqlik əlamətidir. Səmimilik həqiqi möminin xüsusiyyətidir. Bu xüsusiyyət möminin hər işində, o cümlədən, nitqində, niyyətində və davranışlarında təzahür etməlidir.
Hədisdə deyilir: “Əsil münafiq özündə dörd xüsusiyyəti birləşdirər. Bu xüsusiyyətlərdən birinə malik olan şəxs nifaqın əlamətlərindən birinə sahib olmuş olur: ona əmanət veriləndə xəyanət edər, ona sirr veriləndə sirri yayar, onunla əhd bağlayanda əhdi pozar, onunla mübahisə edəndə bütün sərhədləri aşar”.
4. “Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun” (Ənam, 152).
Mömin hər zaman doğru danışmalı, heç bir vəchlə həqiqətə arxa çevirməməlidir. Öz yaxınlarının, əzizlərinin və hətta özünün mənafeyi bundan asılı olsa belə, yalan danışmaq günahdır. Həqiqət bütün mənafelərdən daha üstündür. Yalnız ən kritik hallarda - məsələn, bir insanın həyatını xilas etmək naminə - həqiqəti gizlətməyə icazə verilir.
5. “Onlar boş (yersiz) bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!” – deyirlər” (Qəsəs, 55).
Mömin nəinki özü boş, mənasız, lağlağı sözlər, yalan və qeybət danışmaz, hətta başqasından bu sözləri eşidəndə belə, söhbətə qoşulmaz. Təhqirə təhqirlə deyil, sükutla cavab verər. Arzuolunmaz söhbətlə qarşılaşdıqda, sağollaşıb o yerdən uzaqlaşar. Yəni mömin yalnız dilini deyil, qulağını da günahdan qoruyar.
6. “Bəndələrimə de: “Gözəl sözlər söyləsinlər”. Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!” (İsra, 53).
Bu ayədən belə anlaşılır ki, bir-birinə pis sözlər söyləmək, insanları acılamaq şeytanın fitnələrindən biridir. Şeytan bu yolla insanlar arasında düşmənçilik yaradır, onları bir-birindən uzaqlaşdırır, vəhdətə və birliyə mane olur. Unutmayaq ki, Allah gözəldir və gözəllikləri sevir. Allah özü hikmətlə kəlam buyurur, bizdən də hikmətli, səbirli, düzgün danışmağı tələb edir. Dil birbaşa qəlblə və imanla bağlıdır. Hədisdə buyurulur: “Bəndənin ürəyi düz olmadıqca, imanı düz olmaz. Həmçinin, dili düz olmadıqca ürəyi də düz olmaz”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər