Yeni doğulan körpə üçün nə etmək məsləhətdir? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 17-05-2016, 19:29 | Şərh sayı: (0) | Baxılıb: 803
Yeni doğulan körpə üçün nə etmək məsləhətdir?
Ailədə uşaq doğulur, ata-ananın doqquz aylıq intizarına son qoyulur. Məsələyə dini baxımdan yanaşsaq, dünyaya yeni müsəlman gəlir, Mühəmməd (s) ümmətinin sayı bir nəfər də artır. Bu uşağın öz dininə, Vətəninə, millətinə, ailəsinə layiq şəkildə böyüməsi üçün həyatının ilk günlərindən başlayaraq onu düzgün tərbiyə etmək lazımdır. Bir çoxlarının düşündüyü kimi uşağın gələcək həyatı, şəxsiyyəti, xasiyyəti heç də yetkinlik yaşına çatdıqdan sonra və ya müəyyən yaş dövrünü aşdıqdan sonra formalaşmır. Körpə hələ ana bətnində olduğu zaman valideyn (xüsusilə, ana) onun gələcək taleyini pis və ya yaxşı şəkildə həll edə bilər. Yəni əgər ana hamiləlik müddətində iffətli həyat tərzi sürsə, müsəlman qadına yaraşmayan hərəkətlərə yol verməsə, yeməyinin halallığını qorusa, bətnindəki körpəyə ziyan ola biləcək işlərdən uzaq olsa, gündəlik ibadətini davam etdirsə – övlad nəinki normal inkişaf edər, üstəlik, bəzi müsbət anadangəlmə vərdişləri də vaxtında mənimsəyər. Əks halda, özü haram yeyib, bətnindəki körpəni də haramla böyüdən, bayağı əyləncələrlə vaxtını keçirən, siqaret çəkən, spirtli içki içən, yaraşıqlı görünmək xatirinə rüşeym üçün zərərli geyimlərdən çəkinməyən bir ananın bəslədiyi körpənin aqibətinin yaxşı olacağını düşünmək çətindir.
Alimlər çoxdan sübut ediblər ki, uşağın xarici aləmlə ünsiyyəti hələ ana bətnindən başlayır. Eşitdiyi səslər, gördüyü nəvazişlər onun psixoloji və fizioloji inkişafına ciddi təsir göstərir. Bu ünsiyyət doğumun ilk saatlarından başlayaraq daha fəal şəkildə davam edir. Körpə dünyaya gəldikdən dərhal sonra həyatla təmas qurduğu ilk günlərdən etibarən onun gələcək xasiyyəti cilalanır. Buna görə də doğuş günündən başlayaraq körpə ilə rəftarda Islamın tövsiyə etdiyi bəzi məsələlərə diqqət yetirmək lazımdır. Çünki bu məsələləri qulaqardına vurub səhlənkarlıq etmək yeni bir şəxsiyyətin formalaşma prosesinə qarşı sayğısızlıq göstərmək deməkdir və gələcəkdə çox ağır nəticələrə səbəb olacaqdır.
İslam ənənəsinə görə, uşağın doğuluşunun ilk həftəsində yerinə yetirilməsi tövsiyə edilən bəzi əməllər var. Bunların sırasında ilk yerləri uşağa ad qoymaq, qulağına azan və iqamə oxumaq, adına «əqiqə» adlı heyvan kəsmək, sünnət etdirmək və sairə əməllər tutur.
Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub ki, övladın ata üzərində üç haqqı var ki, ata bunları icra etməlidir: ona yaxşı ad qoysun, yazmağı öyrətsin (yəni savad versin), həddi-büluğ yaşına çatanda onu evləndirsin (ərə versin). Imamlardan rəvayət edilən hədislərə görə, uşağa hələ ana bətnində olarkən ad qoymaq müstəhəbdir. Bu zaman uşağın cinsi məlum deyilsə, ehtiyata görə, bir oğlan və bir qız adı seçilir, uşaq doğulanda həmin ad ona verilir
Uşağın doğumunu qohumlara və yaxınlara elan etmək və bu münasibətlə ziyafət vermək də dinimizdə bəyənilir. Ümumiyyətlə, müsəlmanın 5 hadisə münasibətilə qonaqlıq verməsinə icazə verilir, hətta bu, müstəhəb sayılır: evlənəndə, övladı doğulanda, övladını sünnət etdirəndə, təzə evə köçəndə və həcc ziyarətindən qayıdanda. Əlbəttə, bu zaman israf etməmək və həddi gözləmək də əsas şərtdir.
Millətimizin gözəl bir ənənəsi var: adqoyma mərasimi. Bu mərasimə ailənin bütün yaxınları dəvət olunur, uşağın qulağına azan və iqamə oxunur, adı deyilir, ailənin rəhmətə getmiş əzizlərinin ruhuna Quran tapşırılır. Qeyd edək ki, bu mərasimi milli ənənədə olduğu kimi uşağın doğumundan 40 gün sonraya kimi təxirə salmaq vacib deyil. Əksinə, bu ayinləri daha tez (doğuşun ilk həftəsində) yerinə yetirmək yaxşıdır. Özü də bunun üçün kənardan molla çağırmaq da tələb olunmur; ailənin böyükləri, ağsaqqallar (məsələn, baba ya nənə) bu ayinləri icra edə bilərlər. Uşaq hələ körpə ikən qulağına azan və iqamə ona görə oxunur ki, bu sözlərə qulağı öyrəşsin və bunlar körpənin həyatda eşitdiyi ilk sözlərdən olsun. Həm də bu əməl uşağı gələcəkdə ruhi xəstəlik, cinvurma kimi psixi pozuntulardan qoruyur. İmam Cəfər Sadiq (ə) buyururdu ki, uşağın sağ qulağına azan, sol qulağına iqamə oxunsa, o, Şeytandan amanda qalar.
Uşağın doğuşunun ilk günlərində təbərrük olaraq ona Fürat çayının suyundan içirmək müstəhəbdir. Imamlar buyurmuşlar ki, övladlarınıza İmam Hüseynin (ə) türbətindən təbərrük verin. Burada uşağın dodaqlarına bir çimdik Kərbəla torpağı sürtmək nəzərdə tutulub. Türbət və Fürat suyu tapılmayanda uşağa azacıq yağış suyu dadızdırmaq və ağzına xurma tikəsi sürtmək müstəhəbdir. Peyğəmbər Həsənlə Hüseynə (ə) xurma ilə təbərrük etmişdi.
Uşağı doğuşdan sonrakı ilk günlərdə ehtiyatla çimizdirmək də müstəhəbdir. Bu ondan ötrü edilir ki, doğuş zamanı körpənin bulaşdığı qan və çirkinliklər təmizlənsin.
Doğuşun yeddinci günündə oğlan uşağını sünnət etdirmək müstəhəb sayılır. Həzrət Mühəmməd Peyğəmbər (s) öz nəvələri Həsənlə Hüseyni (ə) yeddi günlük olanda sünnət etdirmişdi. Hətta əgər bir şəhərdə uşağı sunnət etmək üçün müsəlman həkim yoxdursa, uşağı müsəlman həkimin yanına aparacaqları təqdirdə bu işin yeddinci gündən sonraya təxirə salınacağı məlumdursa, məsum imamlar uşağı şəhərdəki yəhudi həkimin yanına aparıb sünnət etdirməyi daha məqsədəuyğun bilmişdilər. Hədislərdə deyilir ki, sünnət edilməmiş uşağın sidiyinə bulaşan torpaq Allaha şikayət edər.
Körpənin doğuşunun yeddinci günündə onun adına «əqiqə» adlı qurbanlıq heyvan kəsmək də müstəhəb (sünnət) sayılıb. Hədislərdə deyilir ki, hər uşaq öz əqiqəsinin girovundadır, yəni əqiqənin sayəsində bəlalardan amanda qalar. Təsadüfi deyil ki, əqiqəni kəsəndə oxunan duada niyyət edilir ki, bu heyvanın əti uşağın ətinin, qanı uşağın qanının, sümüyü uşağın sümüyünün əvəzində qurban verilir. Islam Peyğəmbəri öz nəvələrindən ötrü əqiqə kəsirdi. Peyğəmbərin özü doğulandan yeddi gün sonra əmisi Əbu Talib Ondan ötrü əqiqə kəsmişdi. Əqiqəni uşağa ad qoyduqdan sonra kəsmək savabdır. Qurbanlıq heyvan kimi əqiqə də dəvə, inək və qoyun növündən ola bilər. Bəzi rəvayətlərə görə, oğlan uşağından ötrü qoç, qız uşağından ötrü qoyun kəsərlər. Bir qism rəvayətlərə görə isə cinsindən asılı olmayaraq, uşaq üçün qoç kəsmək daha yaxşıdır. Şafii məzhəbində oğlan üçün iki, qız üçün bir heyvan kəsmək sünnət sayılır. Amma əhli-sünnənin qalan üç məzhəbində və cəfərilikdə oğlan ya qız uşağının əqiqəsi arasında fərq qoyulmayıb.
Cəfəri məzhəbinə görə, əqiqə heyvanın ətindən uşağın anası yeyə bilməz (bəzi hədislərdə uşağın atası da bura aid edilir). Ət bişirilir və qohumlara, qonşulara, ehtiyaclı insanlara paylanılır. Ətin üçdən-bir hissəsini (və ya dörddən-bir hissəsini, ya da bir budunu) mamaçaya (doğuşda iştirak edən qadına) verirlər. Ətdən sulu xörək (bozbaş) bişirib paylamaq məsləhətdir. Bəzi hədislərdə ən azı 10 ünvana pay göndərmək buyurulub, bu say nə qədər çox olsa, o qədər yaxşıdır. Əhli-sünnə məzhəbi valideynin də ətdən pay götürməsinə icazə verir. Həm də əhli-sünnə məzhəbinə görə, əqiqə heyvanın sümüklərini sındırıb doğramaq məkruhdur, gərək sümükləri bir-birindən ayırmaqla əti bölsünlər. Sümükləri zibilliyə atmaq da məkruhdur, onları bir yerə yığıb torpağa basdırırlar.
Uşağın doğuşunun yeddinci günündə saçını qırxıb, tükləri ağırlığında qızıl ya gümüş sədəqə vermək də müstəhəbdir. Özü də bu zaman saçların hamısını qırxmaq lazımdır. Uşağın saçının bir hissəsini qırxıb, bir hissəsini saxlamaq və ya başında kəkil buraxmaq məsləhət bilinmir. Təbii ki, bu əməl vacib deyil, müstəhəbdir və imkanlı ailələrə aiddir.
Uşağı doğulmuş ataya gözaydınlığı vermək barədə də Islamda bəzi qaydalar nəzərdə tutulub. Ərəblər cahiliyyə dövründə oğul atasını təbrik edərkən, yeni doğulmuş körpəni «faris», yəni «bacarıqlı süvari» ləqəbi ilə adlandırırdılar. Çünki ərəblərdə oğlan uşağı ilk növbədə öz qəbiləsinin şərəfini qoruyan döyüşçü kimi təsəvvür edilirdi. İmam Əli ibn Əbu Talibin (ə) zamanında təzəcə ata olmuş bir nəfəri «ey farisin atası» deyə təbrik etdilər. İmam bu sözü eşidəndə təbrik deyən adama buyurdu: «Elə demə, belə de: «Bu hədiyyəni (övladı) sənə bağışladığına görə Allaha şükr olsun, sənə bağışlanmış övlad da mübarək olsun. Qoy bu övlad tam kamala çatsın və sən onun yaxşı əməllərindən faydalanasan (yəni onun yaxşı əməllərinə görə sənə savab yazılsın və ya sən ona baxıb sevinəsən)».
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər