Ən fəzilətli əməl gözəl əxlaqdır |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-04-2016, 03:20 | Şərh sayı: (0) | Baxılıb: 292
Ən fəzilətli əməl gözəl əxlaqdır
O, əl açıb bir şey istəsəydi, Allah-Taala istədiyini əsirgəməzdi. Körpə-körpə balaları köçdü bu dünyadan, qolları arasında can verdilər, amma heç biri üçün ömür istəmədi. Körpəcə İbrahimini öz əlləri ilə torpağa qoyub göz yaşları ilə "qədərə boyun əyməkdən başqa əldən nə gəlir, ey İbrahim" deyəndə, bəlkə, ətrafda kimsə övladına həyat diləmədiyi üçün Ona qızdı, bilmirəm, bəlkə də beləsi oldu. Oldumu, olmadımı?- İnşallah olmamışdır, əgər olmuş olsa belə onun könlündəkilərdən xəbərdar olsaydı, düşündüyündən utanardı. O, Allahın ən sevimli qulu, göndərdiyi nəbilərə imamdır. Varlığında özünə aid bir şey tutmadı, ruhunu Allaha verdi. Mövlana nə deyirdi?
- Kamil insan ney kimidir. İçi oyulmuş, sinəsi dəlik-dəlik açılmış ney onu üfürənin iradəsinə uyğun səs çıxardığı kimi, kamil insan da Yaradanın iradəsini əsas tutmalı, həyatını Onun rizasına uyğun yaşamalıdır.
***
Allaha Ondan yaxın kim var? Kim onun kimi ola bilər?- Onu bir kimsə ilə müqayisə etmək belə doğru deyil. Məxluqat içində Onunla müqayisəyə gələn kimsə yoxdur. Bu dünyaya Allahın ən böyük neməti kimi gələn, bu dünyanı qiyamətə qədər aydınladan Sonsuz Nurdur O. Ən gözəl şəkildə yaradılıb.
Vücudun rahmətən lil-aləmindir, ya Rasulullah!
Cünudun ənbiya və mürsəlindir, ya Rasulullah!
O əbri-rahməti-Rahmənü məhbubi-Xudasan ki,
Üzün suyuna xəlq oldu cihan həp, ya Rasulullah!
***
"Aləmlərə mərhəmət" deyirik, yəqin düşünən də oldu bu sözdən. Bu sözü Allah-Taala belə buyurur: Aləmlərə rəhmət
Torpaq susuz qalıb quruyanda, bərkiyəndə, nə olur?-Kəsək. Başa atsan, başı yarır, dişə atsan, dişi qırır. O torpağı suvarasan, əkəsən, yumşaldasan, bərəkət qaynağına çevirəsən, sonra da oturub o iki halını müqayisə edəsən. Onun gəlişi ilə kəsəkləşmiş bəşəriyyət bərəkətli tarlaya çevrildi. Allah-Taala Onu bərəkət yağmuru kimi can verən bəşərin təşnə ruhuna boşaltdı. Bu bərəkətdən kənarda qalanlar, başına yağdığı halda islanmayanlar bədbəxtlərin bədbəxti, talesizlərin talesizidirlər. Ona yaxınlıq, Ona doğmalıq Ona tabe olmaqladır. Min ilin bu üzündən Ona elə yaxın, elə doğma olanlar var ki, bəlkə də yeri Onun dizinin dibindədir.
***
O, sevən könüllərin Sultanı, təkcə içində yaşadığımız dünyanı deyil, içimizdəki dünyanı da aydınladan, Günəşdən də, Aydan da daha parlaq Sonsuz Nurdur. Həm də elə bir Nur ki, bütün səma cisimlərinin, planetlərin başına dolandığı Günəş özü Onun pərvanəsidir.
Dünya Onun kimi Gözəlini görmədi, görməyəcək də. O bu dünyaya bir insan olaraq təşrif buyurdu, dünya Onun gəlişi ilə şərəfləndi, amma Ona adi bir insan kimi baxanlar Onun gözlə görünməyən uca məziyyətlərini nə sezə, nə də sevə bilərlər.
O, Adəm babadan qiyamətə qədər gəlib keçmiş və keçəcək hər kəsdən daha gözəldir, amma dediyimiz kimi, Onun gözəlliklərini təkcə iki qaşın altındakı iki gözlə görənlər Onu tanıya bilməzlər; Onu könlünün gözü ilə görənlər tanıyar və tanıyanlar da Onun yolunda, Onun uğrunda, Ona bənzəmək istiqamətində özündən, özlüyündən imtina edərlər.
Günəş səhər doğar, axşam batar, Onun nuru isə hər zaman görən gözlərdə, sevən könüllərdədir, dünyamızın üstündədir.
***
Soruşdular ki, çox-çox sonra gələcək, Onu sevəcək, Onun yolundan yürüyəcək, ONUN QARDAŞI kimi uca şərəfə nail olacaq bəxtəvərləri necə tanıyacaq. Təbəssüm elədi və dedi:
- Əgər birisinin ilxı içində səkil, təpəl, kəhər atları olsa, görəndə tanımazmı?
- Tanıyar, ya Rəsulullah.
- Mən də o qardaşlarımı elə tanıyacam.
O səkil nə idi görən, o təpəl nə idi görən?
***
Bir nəfər Peyğəmbərimizlə üzbəüz gələrək Ondan soruşur:
- Ya Rəsulullah, hansı əməl daha fəzilətlidir?"
- Gözəl əxlaq, - buyurdu.
Adam sağ tərəfdən, sol tərəfdən və arxa tərəfdən gələrək yenə eyni sualı sordu və Peyğəmbərimiz hər dəfə eyni cavabı verdi və axırıncı dəfə belə cavab verdi:
- Niyə anlamırsan, gözəl əxlaqdır, o da gücün çatarsa, hirslənməməkdir.
***
Allah-Taala buyurur ki, Allahı sevdiyini söyləyənlər Onun yolunu tutsunlar, dediklərini qəbul eləsinlər ki, Allah da onları sevsin. Açın Qurani-Kərimə baxın, Ali-İmran surəsinin 31-ci ayəsində buyurulur. Buyurun, bundan daha tutarlı bir dəlil olarmı? Demək, Pəsulullahı sevmək həm də Allahı sevmək mənasına gəlir və həm də Rəsulullahı sevmədən Allahın mərhəmətinə qovuşmağın mümkün olmadığını da bizə göstərir.
Onun yolunu tutan Allaha təslim olmuş sayılır. Onun əxlaqı Quran əxlaqıdır, Onu tərbiyə edən Allah-Taaladan başqa bir kimsə deyil. Onu xətalardan, günahlardan qoruyan da Allah-Taalanın Özüdür. Onun həyatı Quranda yaşanması istənilən örnək mənzərələr toplusudur.
"Zaman Azərbaycan"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər