Məzarı göylərə qazılan xanım |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 3-04-2016, 22:05 | Şərh sayı: (0) | Baxılıb: 345
Məzarı göylərə qazılan xanım
Rəsulullah (s.ə.s.) Meraca yüksələrkən göyün bir qatında çox gözəl bir qoxu alır. Qoxu o qədər gözəldir ki, insan onun cazibəsindən keçib getmək istəmir. Rəsulullah (s.ə.s.) soruşur:
- Bu nə gözəl qoxudur belə?
Cavab verirlər:
- Ey Allahın Peyğəmbəri! Bu qoxu Həzrəti-Maşitanın və uşaqlarının qoxusudur.
Uca Peyğəmbərimiz Maşitanın həyat dastanı ilə maraqlanır. Deyirlər:
- Ey Allahın Peyğəmbəri! Maşita bir xidmətçi qadın idi. Fironun qızının saçını darayardı. Bir gün daraq Maşitanın əlindən düşür və o, "Bismillah" deyərək darağı yerdən götürür, işinə davam edir. Fironun qızı soruşur:
- "Allah" deyəndə mənim atamı nəzərdə tutursan, eləmi?
- Xeyr, - deyir, - Maşita, - Mən "Allah" deyəndə sənin də, mənim də, sənin atanın da, külli-kainatın yaradıcısı Allahı nəzərdə tuturam. Sənin atan Allah deyil, adi bir bəndədir. Mən Musanın dediyi Allaha tapınır, Ona səcdə edirəm. Doğru olan da budur.
Fironun qızı Maşitadan eşitdiklərini atasına xəbər verir. Atası qızının söylədiklərini eşidib hirslənir. Əmr edir ki, Maşitanı onun hüzuruna gətirsinlər. Gətirirlər. Firon onun ailəsini soruşur. Məlum olur ki, əri Fironun xidmətçilərindən biridir. Özlərinin də bir neçə övladları var. Maşitanın əri Firona itaət etdiyini bildirərək, aradan çəkilir. Firon Maşitaya əmr edir:
- Diz çök və mənə sitayiş etdiyini söylə.
Maşita Fironun qızına söylədiklərini onun özünə də təkrarlayır, Allahdan başqasına itaət etməyəcəyini deyir.
Fironun əmri ilə Maşitanın uşaqlarını gətirirlər. Firon deyir:
- Əgər mənə səcdə etməsən, övladlarını bircə-bircə sənin gözlərin önündə öldürəcəyəm.
Maşita həyatın bu qədər ağır imtahanı qarşısında övladlarından keçir, imanından keçmir. Fironun əmri ilə Maşitanın təxminən 8-9 yaşında olan böyük övladını öldürüb təndirə atırlar. Maşita fəryad edir, amma dönmür. Sonra o biri övladını öldürürlər. Maşita yenə dözür. Növbə hələ süddən kəsilməmiş o məsum körpəyə çatır. İmtahan çox ağır, düşmən amansız. Şeytan Maşitaya yaxınlaşıb onu yolundan döndərməyə çalışır:
- Heç olmasa, bu körpəni qurtar. Bircə dəfə də olsa, Musanın dediyi Allahı inkar et. Özün də azad ol, bu məsumun da qanına bais olma.
Maşitanın qəlbində bir anlığa da olsa, analıq hissi kükrəyir, amma Allahın inayəti ilə Maşitanın kövrəldiyi, az da olsa, yumşaldığı bu məqamda o dilsiz-ağızsız körpə dil açır və anasına deyir:
- Ana, sən doğru yoldasan, tərəddüd etmə, biz dünyadan ayrılsaq da, Allahın mərhəmətinə qovuşuruq. Amandır, şeytana uyub, zalıma boyun əymə.
Maşita bütün iradəsini səfərbər edib Firona baş əyməyəcəyini, Uca Yaradanın varlığını və birliyini təsdiq etdiyini söyləyir. Beləcə, südəmər körpəsini də öldürüb təndirə atırlar. Ardınca da Həzrəti-Maşita eyni aqibəti yaşayır. Amma son anında o, Firondan bircə şey xahiş edir:
- Məni və övladlarımı bir yerdə basdırın.
Firon Maşitanın bu son xahişini yerinə yetirir.
Allah-Taala Maşitanın və övladlarının yerini cənnət, məqamını daha da yüksək eləsin!
"Zaman Azərbaycan"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər