Onu Allah mədh edib |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 23-04-2016, 20:45 | Şərh sayı: (0) | Baxılıb: 789
Onu Allah mədh edib
İslam təqvimi ilə rəbiəl-əvvəl ayının 12-si İslam Peyğəmbəri Həzrəti-Muhammədin (s.ə.s.) dünyaya təşrif buyurduğu gündür. O bu gecə sübhə doğru Günəşdən öncə dünyanı nura qərq elədi və Günəşin yetişmədiyi məkanlar da Onun nuru ilə aydınlığa çıxmağa başladı. O elə bir Nurdur ki, Qiyamətə qədər çölümüzü də, içimizi də aydınlığa çıxaracaq, O elə bir Nurdur ki, Günəş bu kainatı işıqlandırdığı halda, O, aləmləri nura boyayır və O elə bir Nurdur ki, Süleyman Çələbinin ifadəsi ilə desək, Günəş Onun pərvanəsidir...
***
Rəsulullah sevgisi dəniz suyu kimidir, içdikcə yanır, yandıqca içirsən. Amma içimizdə o sevgi yoxsa, yalandan, quru yerdən hay-küy salmağın nə anlamı? O sevgi bir mərhəmət atmosferi kimi ruhumuzu sarmayıbsa, demək, ən böyük nemətdən məhrumuq. Rəsulullah sevgisi Allah sevgisinə bağlıdır, yənı onları bir-birindən ayrı təsəvvür eləmək mümkün deyil. Bir gerçək də var ki, bəndənin Allahı sevməsi özü ilahi bir lütfdür, yəni Allahın o bəndəni sevməsinə bağlıdır. Əgər Allah o sevgini bəndənin ürəyinə qoymayıbsa, könlünü susuz səhra, meyvəsiz bağ kimi nəsibsiz buraxıbsa, burada da bir hikmət axtarmaq lazımdır. Bu mövzuda bildiyimiz bir gerçək var: sən hər şeyə rəğmən, hər şeyin acığına o qapıya üz tutacaqsan, besmədən, usanmadan, fikrində, düşüncəndə bir an belə tərəddüdə düzmədən o qapını döyəcəksən. Bəlkə bu inad bir ömür boyu davam edəcək. Amma möminin fikri, niyyəti, baxışları bu dünyanı çoxdan aşıb, axirətə yetişib. Ona görə də ölüm adlı keçid qapısının astanasına qədər durmaq, dayanmaq, yorulmaq, dincəlmək kimi bir anlayış yoxdur könlünü bu sevdaya verənlər üçün.
***
Allah-Taala sonsuz keçmişdən sonsuz gələcəyə qədər olmuş-olacaq hər şeyi bilir. Biz bəndələr başımıza gələn hər işlə sınağa çəkilirik, hər əməlimizə görə məsuliyyət daşıyırıq. Bu dünyanı bir kitab kimi qarşımıza açan Allah peyğəmbərləri vasitəsilə bizə bilmədiklərimizi öyrədir, ətrafımızdakı aləmdə bizim üçün yaradılmışları hansı təyinat üzrə istifadə etməyi başa salır. Hər peyğəmbərin öz fəaliyyət dairəsi, öz zamanı və ümməti var. Bu mənada biz müsəlmanlar bəşər tarixinin ən bəxtəvər insanlarıyıq. Bütün dünyəvi dinlərin gəlişini irəlicədən müjdələdiyi, qövmlərin, xalqların həsrətlə gözlədiyi bir peyğəmbərin bayrağı altına girə bilmək nə böyük səadətdir! Onu qısa bir zaman kəsiyi və dünyanın hansısa coğrafiyası ilə məhdudlaşdırmaq günahdır. O təkcə biz müsəlmanlar üçün yox, aləmlər üçün ən böyük ilahi mərhəmət, ən uca nemət kimi göndərilib.
***
Onunla göndərilən ilahi kitab Qurani-Kərim və özünüz həyatı, davranışları, dini terminlə ifadə etsək, sünnəti-səniyəsi Qiyamətə qədər bəşərin yolunu işıqlandıracaq, onlara hər iki cahanda xoşbəxt olmağın sirlərini öyrədəcək. O elə möhtəşəm bir gözəllik, sönüb-sozalmayan elə sonsuz bir nurdur ki, yaxınlaşdıqca cazibə gücü daha da artır və sən o nurun pərvanəsi olmağı ən böyük şərəf bilirsən. Hər dəfə bu mövzuda danışarkən Süleyman Çələbinin Rəsulullah haqqında dediyi o məşhur sözlər yada düşür:
Bir əcəb nur kim, günəş pərvanəsi.
Şairin bir neçə kəlmə ilə çəkdiyi tablonu göz önünə gətirirsinizmi? - Bütün kainat Günəşin başına dolanır, Günəş də başına dolanan kainatla birlikdə o Nurun başına dolanır.
***
Onu görənlər bir daha elə bir gözəlliyə şahid olmadıqlarını ifadə ediblər. Onu Allah mədh edib, onu Allah sevib. Onu sevənlər Ondan heç nə əsirgəməyiblər, Onu sevməyin özü ən böyük nemətdir bizim üçün. Onu sevmək Allahın sevdiyini sevməkdir, Allahı sevməkdir, Allahın yaratdıqlarını Allah üçün sevməkdir. Heç özün də bilmədən Yunus dədənin sözləri axır dilindən:
Canım qurban olsun sənin yoluna,
Adı gözəl, özü gözəl Muhamməd!
Bu günlər dünyamızın Onun gəlişi ilə şərəfləndiyi günlərdir. Bu günlər Mübarək Doğum Günləri, dünyanın Onun gəlişi ilə yenidən doğulduğu, zülmətdən nura yönəldiyi günlərdir. Onun gəlişi bu dünyanın yenidən doğuşudur, Onun gəlişi hər birimizin həyatına bir günəş kimi doğması hər birimizin ad günüdür. Könül insanı Mehmet Akif Ərsoy Onun dünyaya gəlişini, dünyanın bu gəlişlə yeni anlam kəsb etdiyini və bizim o Mübarək Zat qarşısında olan tükənməz borcumuzu belə ifadə edir:
Dünya nəyə sahibsə, onun vergisidir həp.
Mədyun Ona cəmiyyəti, mədyun Ona fərdi.
Mədyundur o Məsuma bütün bir bəşəriyyət,
Ya Rəbb, bizi Məhşərdə bu iqrar ilə həşr et.
O, sonsuz Nurdur, O, dünyaları da, könülləri də, işıqlandıran, nicat yolunu, qurtuluş yolunu göstərən bir Mürşiddir. O elə möhtəşəm bir nurdur ki, Günəş də, Ay da işığını Ondan alır; ancaq hərəkət halı ilə varlığını davam etdirən bu kainat Onun başına fırlanır, Onun pərvanəsi olaraq dəyər qazanır.
Hər gözəlliyin zirvəsi Onda görünüb. Adəm oğlu bu dünyada ondan gözəlini görməyib, görməyəcək də. Məhəmməd Füzuli Onun çöhrəsinin gözəlliyini misli görünməmiş və görünməyəcək bir gül hesab edir:
Suya versin bağban, bihudə zəhmət çəkməsin,
Bir gül açılmaz üzün tək, versə min gülzarə su.
Könlündə duyğusu olan, həqiqi sevginin nə olduğunu bilənlər Onu vəsf ediblər. Onu vəsf edənlər Ona bir şey qazandırmayıblar, sadəcə, onun adını öz şeirlərinə qatıb, yazdıqlarına da, duyğularına da bərəkət tapıblar. Onun sevgisi hansı qəlbə düşsə, o qəlbin bərəkəti sahibinə yetər.
Mədinədə Onun mübarək məqamını ziyarət edən bir könül sultanı görün öz duyğularını necə sözə çevirir:
Sakın tərki-ədəbdən, kuyi-Məhbubi-Xudadır bu,
Nəzərgahi-İlahidir, Məqami-Mustafadır bu.
Şair deyir ki, burada ədəbli davran, unutma ki, bura Allahın Məhbubunun, yəni Sevimlisinin hüzurudur; İlahinin nəzərgahıdır bura, yəni Allah-Taalanın nəzəri bu yerin üzərindədir; Bu yer Məqami-Mustafadır, sevimli Peyğəmbərimizin məqamıdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər