Göy üzünün ulduzları: Həzrəti-Saləbə |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-04-2016, 00:03 | Şərh sayı: (0) | Baxılıb: 374
Göy üzünün ulduzları: Həzrəti-Saləbə
Rəsulullah (s.ə.s.) müsəlman ordusu ilə Xeybər savaşına gedərkən əmin-amanlığa nəzarət etsinlər deyə Mədinəyə xüsusi növbətçilər təyin etmişdi. Saləbə də o növbətçilərdən biri idi. İyirmi yaşını yenicə tamamlamışdı, ya iyirmi bir olardı, ya iyirmi iki, uzaqbaşı, iyirmi üç. Digər həmkarları kimi, o da gecələri Mədinənin küçələrində dolaşır, şəhərin əmniyyətini qoruyurdu.
Bir gecə ehtiyac ucbatından çölə çıxan bir qadın gördü. Gənclik çılğınlığının hərarəti ilə başı gicəllənən Saləbə ona yaxınlaşdı və dedi:
- Ey qadın, gözlərin məni yandırır.
Qadın belə dedi:
- Ey Saləbə, cəhənnəmin atəşi daha betərdir.
Saləbə davam etdi:
- Ey qadın, sənin üzün necə də gözəldir.
Qadın cavab verdi:
- O da çürüyüb torpaq olacaq.
Saləbə bir az da irəli getdi:
- Ey qadın, səni sevirəm.
Qadın sərt bir şəkildə Saləbəyə tərəf dönüb belə dedi:
- Ey Saləbə, Allah Rəsulu Mədinəyə dönəndə sən nə üzlə başını qaldırıb onun üzünə baxacaqsan?
Allah Rəsulu adını eşidən Saləbə elə bil ki, yuxudan ayıldı. Qələtini anladı, ona əmanət olaraq tapşırılan bir dəyərə xəyanət niyyətinə düşdüyündən xəcalət çəkdi. Az qaldı ki, elə oradaca üzüüstə düşüb hönkürsün. Həqiqətən də, canından çox sevdiyi Peyğəmbərə nə cavab verəcəkdi, başını qaldırıb onun üzünə baxa biləcəkdimi?
Saləbə qaçaraq oradan uzaqlaşdı. Qaçdı, qaçdı... o gecə, demək olar ki, Mədinənin bütün küçələrini qaçaraq dolaşdı, bir yerdə dura bilmirdi, vicdanı onu boğub öldürürdü. Min dəfə peşman olmuşdu. Göz yaşları içində əllərini qaldırıb: "Ey mərhəmətlilərin mərhəmətlisi Allahım! Sən bəndələrinin günahlarını əfv edənsən, Sən böyüksən. Mənim tövbəmi qəbul et, məni bağışla, Allahım", - deyə dua edirdi.
Günlər keçdi, Allah Rəsulu və səhabələr Mədinəyə döndülər. Saləbə onların şəhərə yetişməsini gözləyə bilmədi, yolda Rəsulullahın (s.ə.s.) dəvəsinin qarşısına yeridi, qollarını geniş açıb:
- Ya Rəsulullah, mən həlak oldum, mən məhv oldum, - deyə ağlamağa, fəryad etməyə başladı.
Rəsulullah (s.ə.s.):
- Ey Saləbə, axı bir söylə görüm, sənə nə olub, niyə belə danışırsan? - deyə soruşdu.
Saləbə o gecə baş verənləri olduğu kimi Rəsulullaha söylədi.
Rəsulullahın halı dəyişdi:
- Çəkil burdan, gözlərim səni görməsin, - dedi.
Saləbə qovulmuşdu. Artıq bundan sonra onu heç nə təskin edə bilməzdi. Onun yanan könlünü dəryaların suyu söndürməzdi. Başını götürüb qaçdı və bir də gördü ki, Mədinədən bir xeyli aralıdakı qayalıqların arasındadır. Dünyası başına yıxılmış, bütün varidatı əlindən getmiş Saləbə dayanmadan ağlayır, "ey mərhəmətlilərin mərhəmətlisi, mən xəta etdim, tövbə edirəm, günahımı bağışla. Sən günahları bağışlayansan, mərhəmətlisən", - deyib Allaha yalvarırdı. Elə fəryad edirdi, elə ağlayırdı ki, deyilənə görə, səsi Mədinədə eşidilirdi.
Günlər keçdikcə Saləbənin fəryadı daha da yüksəlib göz yaşları durmadan axırdı.
Bir həftə keçdi. Həzrəti-Cəbrayıl Rəsulullahın yanına gəlir və belə deyir:
- Allah səndən soruşur: qulları yaradan sənsən, yoxsa Allahdır?
Rəsulullah (s.ə.s.) cavab verir:
- Əlbəttə, qulları yaradan Allahdır.
Həzrəti-Cəbrayıl davam edir:
- Allah səndən soruşur: qullara ruzi verən sənsən, yoxsa Allahdır?
Rəsulullah (s.ə.s.) cavab verir:
- Əlbəttə, bütün yaratdıqlarının ruzisini verən Allahdır.
Bundan sonra Həzrəti-Cəbrayıl Allahın göndərdiyi ayələri sevimli Peyğəmbərimizə çatdırır: "Kim nə qədər günah işləmiş olursa olsun, layiq olduğu kimi Allahdan əfv dilərsə və tövbə edərsə, Allah-Taala, əlbəttə, tövbələri qəbul edəndir. Kimsə Allahdan ümidini kəsməsin".
Sevimli Peyğəmbərimiz (s.ə.s.) ayəni eşidən kimi səhabələri çağırıb:
- Gedin Saləbəni çağırın, - buyurur.
Səhabələr bir an belə itirmədən Saləbənin səsinin gəldiyi qayalıqlara, təpələrə doğru qaçırlar. Onlar bu ötən günlər ərzində fəryadını eşitdikləri Saləbəni nə qədər axtarsalar da, tapa bilmirdilər. Nəhayət, tapdılar. Bir kənarda üzüüstə, başını quma soxmuş halda düşüb qalmışdı. Səhabələr öncə elə bildilər ki, Saləbə ölüb. Ancaq yaxınlaşıb nəfəs aldığını gördülər. Başının üstündə durub çağırdılar. Nəhayət, Saləbə çətinliklə də olsa, başını qaldırdı və soruşduğu ilk söz də bu oldu:
- Allah-Taala (c.c.) nə buyurdu? Rəsulullah nə buyurdu?
Səhabələr bir müjdə ovqatı ilə:
- Qalx, ey Saləbə, Allah Rəsulu səni çağırır, - dedilər.
Ancaq Saləbənin qalxmağa taqəti qalmamışdı, əl-ayağı tutmurdu.
Səhabələr onu çiyinlərinə götürüb Mədinəyə - sevimli Peyğəmbərinin hüzuruna gətirdilər. Həm taqətsizlikdən, həm də utandığından Saləbə başını qaldırıb Rəsulullahın mübarək camalına baxa bilmirdi.
Allah Rəsulu Haqq-Taalanın Həzrəti-Cəbrayılla göndərmiş olduğu son ayələri oxudu.
Rəsulullahın mübarək dodaqlarından süzülən bu sözləri eşidən Saləbə dizi üstə düşdü və Allaha səcdə etdi. Alnını yerə qoyar-qoymaz "Allah" deyib canını təslim elədi.
Səhabələrin gözü önündə möhtəşəm bir həyat səhnəsi yaşanırdı.
"Zaman Azərbaycan"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər