Siğə mafiyası və ya dindara qazılan quyu |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 7-01-2016, 00:16 | Şərh sayı: (0) | Baxılıb: 1017
Siğə mafiyası və ya dindara qazılan quyu
Axı sən kimsən ki, belə ciddi fiqhi məsələlərə münasibət bildirirsən? Haqlı iraddır. Qəbul edirəm ki, mənim kimiləri ciddi fiqhi mövzularda müzakirə açmamalıdır. Amma mən müsəlman toplumu hədələyən təhlükədən danışıram, düşmənin stolunun üstündə olan, kütləvi qırğın silahından öldürücü bir təhlükədən!
***
Dünyanın yarıdan çoxu...
Dünyanın yarıdan çoxu ya nəzəri, ya əməli olaraq əxlaqı qəbul etmir. Bəli, dünyada ümimiyyətlə əxlaqı qəbul etməyənlər, onu nisbi sayanlar var. Əgər biri deyirsə ki, əxlaqi dəyərlər dəyişir, demək, əxlaqı qəbul etmir. İslam yaxşı və pis olmaqla əxlaqi dəyərlər qoyur ortaya. Bu dəyərlər dəyişkən deyil. Doğru həmişə yaxşıdır, yalan həmişə pis. Bəli, elə istisna hal yarana bilər ki, doğru danışmaq zərər, yalan danışmaq faydalı sayılsın. Məsələn, zalımdan qaçan məzlumun gizləndiyi yer soruşulanda doğru danışmaq, yəni məzlumun yerini zalıma göstərmək pisdir. Çünki bu doğru söz zalıma yardım sayılır və insan zülmə şərik olur. Bu doğru sözün arxasında dayanan kateqoriya doğruçuluqdan qabaq satqınlıqdır. Belə ümumiləşdirmək olar ki, haqqa və xeyirə xidmət edən əxlaqi dəyər müsbətdir. Xırdalığa varmayaq, demək istədiyimiz bu idi ki, bəziləri əxlaqı, əxlaqi dəyərləri kökündən qəbul etmir. İddia edirlər ki, insana ləzzət verən hər şey yaxşıdır. Hətta cinsi azadlıq, cinsi istismar, uşaqbazlıq (pedofil), homoseksualizm əxlaqızlıq deyil.
Dünyanın bir hissəsi isə məsələn cinsi münasibətlərdə qırmızı xətlər tanıyır. Bütün səmavi dinlər zinaya, qeyri-qanuni cinsi əlaqəyə qarşıdır. Şahid olduğumuz kimi ABŞ və Qərb, liberal demokratiya ardınca olanlar cinsi azadlığı insan azadlığının əsas sütunlarından sayırlar. Əgər iki kişi ya iki qadın bir-biri ilə evlənmək istəyirsə, bu işdə azaddırlar. Liberal demokratiyanın qarşıya qoyduğu məqsəd vətəndaş azadlıqlarının bütün müstəvilərdə qorunmasıdır. Liberal demokratiyanın xarakter elementi “açıq cəmiyyət”dir. Açıq cəmiyyət deyəndə tolerantlıq, plüralizm, rəqabətin hakim olduğu cəmiyyət başa düşülür. İnsan azaddır və o istədiyi kimi ola, istədiyini deyə bilər. Təcrübədə görünür ki, hakimiyətə gedən yolda ekstremist və ya marqinal (ənənəvi mədəniyəti qəbul etməyən azlıq) sayılan qruplar qarşısında sədd var. Bu da nisbidir. Bu gün liberal demokratiya bayrağı altında ABŞ işğalçı müharibələr aparır.
Əxlaqı qəbul edənlər
Keçək əxlaqı qəbul edənlərə. Əxlaqı qəbul edənlər vahid bir dəyər sisteminə əsaslanmır. Hər cəmiyyətin, xalqın, məzhəbin, konfessiyanın öz əxlaq sistemi var. Əxlaqı sabit sayan İslamda ayrı-ayrı məzhəblərin əxlaqa baxışı eyni deyil. Fərqli baxış doğuran mövzular kifayət qədərdir. Konkret olaraq İslamda sünnə əhli ilə şiələr arasında ən problemli mövzulardan biri siğə (mütə), yəni müvəqqəti nikahdır. Quranda siğəni tanıyan ayə var:
فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً
İstifadə (mütə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! (Nisa, 24)
Sünnə əhli bu ayənin nəsx olduğunu, sonradan qüvvədən düşdüyünü bildirir. Bir ayənin nəsx sayılması üçün başqa ayə nazil olmalıdır. Sünni alimləri siğə ayəsini nəsx etmiş ayənin təyinində tərəddüddədirlər. Alimlər fərqli ayələr göstərir və göstərdikləri ayənin nəsx edən olmasını sübuta yetirə bilmirlər. Bəs necə olub ki, sünnə əhli belə qərar çıxarıb? Siğəyə qadağa tarixə qayıdır. İkinci xəlifə siğə ayəsinin yoxsulluq zamanı, insanların daimi evlənmək imkanına malik olmadığı dövrdə nazil olduğunu əsas götürərək siğəyə qadağa qoydu. Amma sual yaranır: İslam ikinci xəlifənin yaşadığı cəmiyyətəmi gəlmişdi? Əgər ərəb cəmiyyəti varlanmışdısa bunun keçmişdə və hazırda yoxsulluq içində yaşayan, daimi evlənə bilməyənlərə nə dəxli?
Hamı bu işi görür, amma fərqli
Bu gün siğədən dolayı şiə məktəbinə aramsız hücumlar var. Qərb göz qabağındadır: ərlə arvad restopranda görüş təyin edirlər ki, bir-birlərinin aşnaları (sevgililəri) ilə tanış olsunlar. Yəni dünyada cinsi ehtiyacın qanuni yolla ödənməsində problemlər var və həmin problemdən yararlanan mafiozlar fahişəxanalar yaradıb böyük pul götürürlər.
İkinci xəlifə siğəni yasaqlayanda bunu da əlavə etdi ki, daimi nikaha girin, istəməsəniz uç gün sonra boşayın!!
Deyirlər bir gün padşah başının dəstəsi ilə ova çıxır. İş elə gətirir ki, gecəni çöldə, biyabanda qalmalı olurlar. Gecə çox soyuq olur. Padşahı üşütmə tutur. Nə edirlərsə onu isidə bilmirlər. Padşah əmr edir ki, nə varsa onun üstünə döşəsinlər. Çox axtarışdan sonra vəzir padşaha yaxınlaşıb onun qulağına deyir:
-Padşah sağ olsun, ədəbsizlik olmasın, eşşək palanından başqa bir şey yoxdur.
Padşah dişi-dişinə dəyə-dəyə deyir:
-Gətir at üstümə, amma adını çəkmə!
Bəli, insanın cinsi istəklərini qazanc mənbəyinə çevirənlər siğəyə yox deyir. Bizsə EHTİYATLI OLUN deyəcəyik.
Müvəqqəti nikah əyyaşlıq deyil
Bəziləri, hətta özümüzdən olanlar siğəni ciddi nikah kimi dəyərləndirmir. Əslində isə müvəqqəti izdivac, siğənin də daimi izdivac kimi şərtləri var:
-Müvəqqəti nikahda da daimi nikahdakı kimi əqd oxunur (kəbin kəsilir)
-Müvəqqəti nikahda da daimi nikahdakı kimi mehriyyə (kəbin haqqı) var
-Bakirə qız ata ya babasından icazəsiz müvəqqəti nikah bağlaya bilməz
-Müvəqqəti nikahdan sonra qadın iddə müddəti başa çatmadan ikinci şəxslə nikaha girə bilməz
-Müvəqqəti nikahdan doğulan uşaq da daimi nikahdan doğulan uşaq kimi atasının övladıdır
-Müvəqqəti nikahda hamilə olan qadın doğana qədər ikinci şəxslə nikaha girə bilməz
-Kişiyə müvəqqəti nikahda olduğu qadının anası, qızı haramdır
-Daimi nikahda olduğu kimi müvəqqəti nikahda da iki bacı ilə nikaha girmək olmaz
Mərhum Kuleyni və bir sıra dünya şöhrətli fəqihlər daimi nikah imkanı olan adamın müvəqqəti nikahına rəsmən icazə vermir. Bu mövzuda mötəbər rəvayətlər də var. Amma bizim “əmma”mız fiqhlə bağlı deyil.
Düşmənin siğə quyusu
İslam, haqq-ədalət düşmənləri daim plan cızır ki, ilahi toplumu daxildən məhv etsin. Lap qədim zamanlardan müharibələrdə düşmənə qarşı əsas metodlardan biri də xəstəlik yaymaq olub. Bioloji, bakterialoji müharibə adlandırılan bu qeyri-insani aksiya müxtəlif formalarda həyata keçirilir.
Patogen mikroorqanizmlər, viruslar, yoluxmuş insan və heyvanlar, toksik maddələr bioloji silah sırasındadır. Bu silahlar 1925-ci ildə Cenevrə protokolu əsasında kütləvi qırğın silahı kimi tanınaraq qadağan edilib. Konkret tarixi fakt kimi 1763-cü ildə Amerikanı işğal edən avropalıların yerli hindu düşərgələrində çiçək xəstəliyi yaymasını yada sala bilərik. Bu cinayəti çiçik virusları oturmuş odeyallarla həyata keçiriblər.
Başqa bir fakt: 1942-ci ildə Operation Vegetarian adlanan plan reallaşdırıldı. Almanlara qarşı Gruinard adasında Sibir xorası epidemiyası yayıldı. Ada yalnız 1990-cı ildə epidemiyadan təmizlənib.
Tarixi mənbələrdə göstərilir ki, Makedoniyalı İsgəndər də düşmənin yaydığı malyaryiyadan ölüb.
Müsəlman dünyasında İslam Oyanışı yaşandığı bir dövrdə bu ümməti məhv etmək üçün bioloji-bakteriologi silahdan yaxşısı nə ola bilər?! Nə etsinlər, odeyal göndərsinlər? Yox, daha münasib üsullar var. İmperializm tarixində böyük hərbi-kəşifiyyat əməliyyatlarında qadınlardan istifadə əhəmiyyətli yer tutur. Eyni taktika bu gün də davam edir. Qadına münasibətdə zəifliyi qeydə alınmış bütün müxaliflərə qarşı bu metod tətbiq edilir. Amma keçmişlə bu gün arasında bir mühüm fərq var. Keçmişdə qadın daha çox düşməni ələ almaq, ondan söz çəkmək üçün istifadə edilirdi. Hazırda isə qadın əsas biologi silah növlərindəndir. Cəmiyyətə QİÇS və cinsi yolla yayılan min bir yolxucu xəstəlik ötürürlər. Bir zaman dini cameə qürurla deyərdi ki, biz cinsi xəstəliklərdən sığortalanmışıq. İndi necə?
Keçək siğə mafiyasına
Hər bir gözəllik və şirinliyə qucaq açmış Bakımızda cəmiyyəti məhv etmək su içmək qədər asandır. Əminəm ki, Allah-Taala dünya həyatında ondan üz çevirmiş bəndələrini də ağıla gəlməyən bəlalardan qoruyur. Biz qorunmuruq, bizi qoruyan var!
Sovet dövründə ikiarvadlılıq cinayət sayılırdı. Axı iki arvadı necə sevmək olar?! Məcnin qəlbində həm Leyli, həm də Tüfeyliyə necə yer ayıra bilər?! Biz bunu qəbul etmişdik və oğurluq ikinci arvad alanlara pis baxırdıq. Sovetlər dağıldı, dedilər İslam azad oldu. Yeni laik, sekulyar, polbolşevik hökumət İslamın iki hökmünü təbəssümlə qarşıladısa biri siğə oldu. Hicaba müharibə elan olunduğu bir zamanda MTN-ə hicablı məxluqlar get-gəldədir. Mən nağıl danışmıram, gözümlə gördüyümü deyirəm. Kimdir dini müqavimət cəbhəsi ilə kəllə-kəlləyə dayanmış idarənin qapısından yel kimi uçanlar? Bilmirəm, etiraf edirəm ki, bilmirəm. Amma Bakıda siğəyə gedən xanımların artması, qruplaşması, təşkilatlanması və xaricə ayaq açması ciddi təhlükələrdən danışır. Dindara xəbərdarlıq edəndə ki, siğə dediyin şey sənin üçün quyu ola bilər, ölüm hökmü ola bilər, cavab verir ki, halaldır və siğə etdiyim qadını tanıyıram. Kim dedi ki, haramdır?! Bir etirafımız var: Biz Allahı lazımı kimi tanımırıq... Allahı tanımırıqsa bu özümüzü tanımamaqdan irəli gəlir. Özünü tanımayan Allahını tanımadı! Sən ki özünü tanımırsan həyat yoluna paraşütlə düşmüş qadını necə tanıyacaqsan?! Bu qadın səndən qabaq kiminlə görüşüb? Bu qadın sağlamdırmı? Əgər o xəstəlik daşıyıcısıdırsa, bu xəstəlik sənin pak, məsum, bütün maddi problemlərə qatlaşan, həyatını sənə qurban verməyə hazır olan həyat yoldaşını hədələyir.
Bir-iki xəbər faydasız olmaz:
AzVision.az sondakika.com-a istinadən xəbər verir ki, Kastamonu polisinin keçirdiyi əməliyyat nəticəsində əxlaqsızlıq və qadın alveri ilə məşğul olan bir qrup qadın saxlanılıb. Saxlanılan qadınların bir neçəsindən müayinə məqsədilə qan analizi götürülüb.
Kastamonu polisinin açıqlamasına görə, onlardan 36 yaşlı Azərbaycan vətəndaşı M.H-nın qanında sonda QİÇS xəstəliyinə yol açan İİV (İnsanın İmmunçatışmazlığı Virusu) aşkarlanıb.
Polis bu qadınla cinsi əlaqədə olan şəhər sakinlərinə müraciət edib : “Ailənizin, övladlarınızın və ən əsası öz sağlamlığınız naminə xəstəxanaya müraciət edin, lazımi yoxlamalardan keçin. Xəstə haqqında məlumatların gizli saxlanılacağına söz verir və bütün tibbi personalın bunun üçün əlindən gələni əsirgəməyəcəyini bir daha vurğulayırıq”.
Başqa biri: QİÇS-lə Mübarizə Mərkəzində 22 yaşlı xəstə Elnurə Əhmədova vəfat edib. Bu qadın 200 kişini QİÇS-ə yoluxdurub.
Nə üçün hicabla müharibə aparanlar fahişələrə qarşı tədbir görmür? Yox, öz mənfur müharibələrində fahişələrdən də yararlanırlar. Cənub bölgəsinin ən məşhur kəpənəkləri başına örpək atıb İran otellərini otaq-otaq gəzir. Bu özfəaliyyət deyil, planlı şəkildə həyata keçirilən təxribatdır. İslam Respubılikasına maşın-maşın spirtli içkilər ötürmək arxa istəyir, dayı istəyir. Olsun ki bu gün qadın alveri narkotika ya spirtli içkilər qaçaqmalçılığı səviyyədə təşkilatlanmayıb. Amma şübhə etmirəm ki, Azərbaycanda siğə mafiyası formalaşmaqdadır. Düşmən zülmlə savaşda həyatını qurban verməyə hazır dini cameəni məhv etmək üçün yollar axtarışındadır. Deyirlər sən azadsan: namaz qıl, oruc tut, hətta siğə et! O işlərdə azadsan ki, Şeytana qarşı deyil, mübarizədən yayındırmaqda hətta ona işləyir!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər