Səbirli və təmkinli olmaq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 26-06-2015, 19:02 | Şərh sayı: (0) | Baxılıb: 2283
Səbirli və təmkinli olmaq
Hər bir insan gündəlik həyatında özü kimi bir çox cəmiyyət üzvləri ilə qarşı-qarşıya gəlir və onlarla daimi ünsiyyətdə olur. Cəmiyyət üzvlərinin hər birinin özlərinə xas rəftar, davranış və təfəkkür tərzi vardır. Bəzən elə şəxslərlə rastlaşırıq ki, onlar bir sıra əxlaqi xüsusiyyətlərə malik olmadıqları üçün adi davranış qaydalarında və başqaları ilə ünsiyyətdə kobudluğa yol verirlər. Bu da tərəf-müqabilin inciməsinə və narahatçılığına səbəb olur. Bəs bu kimi xoşa gəlməz rəftar və davranışların müqabilində nə kimi əks əməl göstərmək lazımdır?
Təbiidir ki, bu vəziyyətdə hər şeydən əvvəl insanın zehninə belə bir çıxış yolu gəlir. Ya onlarla tamamilə əlaqəni kəsməli, ya da yalnız gözəl əxlaqa malik olan şəxslərlə ünsiyyətdə olmalı. Belə təsəvvür olunur ki, insan yalnız bu yolla öz asayiş və rifahını təmin edə bilər. Qeyd etmək lazımdır ki, bu işi həyata keçirmək qeyri-mümkündür. Çünki, hər bir cəhətdən gözəl xüsusiyyətlərə malik olan və bütün gözəl əxlaqi səciyyələrə yiyələnən belə bir ideal şəxsi tapmaq demək olar ki, qeyri-mümkündür. İnsanlar mövcud olan varlıq aləmində bir-birlərindən fərqli ruhiyyə, zövq, istedad və s. keyfiyyətlərə malik olurlar. Belə bir fərqlilik daim hər yerdə mövcud olmuş və olmaqdadır. Bu səbəbdən də bütün xüsusiyyətlərlə bir-birinə oxşar iki
nəfər şəxsi tapmaq adətən çox çətin olur. Bütün bunlarla yanaşı, ictimai ehtiyac və təlabatlar dediklərimizə bir başqa cür təsir göstərir. Bundan da əlavə, heç də bizə məlum deyil ki, əgər biz yaşadığımız ictimai mühitdə bütün cəmiyyət üzvləri ilə hər tərəfli əlaqələri kəsəriksə, onlar da bütün sahələrdə bizimlə öz əlaqələrini kəsəcəklərmi? Bütün bunları nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, belə bir çıxış yolu qeyri-mümkündür.
Başqa bir çıxış yolunu bütün xoşagəlməz rəftar və davranışların müqabilində müxtəlif tədbirlərə əl atmaqda, hətta lazım gələrsə həmən şəxsləri görəcəkləri işlərdən peşiman olana qədər cəzalandırmaqda görmək olar. Belə təsəvvür olunur ki, onlar cəzalandırıldıqları təqdirdə bir daha kobud rəftara yol verməyəcəklər.
Belə bir çıxış yolu yalnız o zaman müsbət nəticə verə bilər ki, insan cəza tədbirinə yalnız bir dəfə əl atmış olsun və həmən şəxs (cəzalandırılan) intiqam almağa və əvəzini çıxmaq fikrinə düşməsin. Lakin bu işin qeyri-mümkünlüyü də göz qabağındadır. Tarixə nəzər saldıqda dəfələrlə bu həqiqətin şahidi oluruq ki, cəmiyyətdə narazılıq və qarşıdurmalar yaranarkən müxtəlif cəza tədbirlərinə əl atılmış, bir çox hallarda isə yüzlərlə günahsız insanların qanları tökülmüş və bu iş hətta amansız müharibələrlə nəticələnmişdir. Yaranmış kin-küdurət müvəqqəti olaraq yatırılmış, lakin ilk fürsətdə yenidən şölələnərək daha da böyümüşdür.
Bütün bu qarşıdurmaların köklərini və yaranma səbəblərini araşdırdıqda görürük ki, onların bir çoxu olduqca əhəmiyyətsiz səbəblər üzündən meydana gəlmiş, insanların inadkarlıqları üzündən get-gedə böyümüş və bir çox hallarda qarşıdurma hətta müharibələrlə belə nəticələnmişdir.
Nəzərdən qaçırmamalıyıq ki, başqalarına qarşı belə bir tədbirlərə əl atdıqda onlar da bizdən hər hansı bir xoşagəlməz rəftar gördükdə ciddi tədbirlər görmək haqda fikirləşəcəklər. Yəni, biz başqaları ilə necə davranarıqsa, onlar da bizimlə həmən tərzdə davranmalı olacaqlar. Təbii ki, yaranmış belə bir şəraitdə sülh, əmin-amanlıq əldə etmək mümkün olmayacaqdır və belə bir cəmiyyətdə yaşamaq hamı üçün olduqca ağır və təhlükəli olacaqdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər