"Kişilərə məxsus” cəmiyyətdə cahiliyyə qadını |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 6-01-2016, 07:26 | Şərh sayı: (0) | Baxılıb: 341
"Kişilərə məxsus” cəmiyyətdə cahiliyyə qadını
Peyğəmbərliyin başlanması ərəfəsində - İslamın inqilab və yenilik ayininin yaranmasının başlanğıcında Ərəbistan yarımadasının bomboş və yandırıcı səhralarında yaşayan və qaba, "kişilərə məxsus” həyat tərzinə adət etmiş cahiliyyə ərəblərinin cəmiyyəti "kişilərin” cəmiyyətini (patriarxal ailə münasibətlərinin hökm sürdüyü cəmiyyəti) təşkil edirdi.
"Matriarxat” (ananın hökmranlığına əsaslanan ailə münasibətləri) hakimiyyətinin ardınca gələn və "patriarxat” (atanın hökmranlığına əsaslanan ailə münasibətləri) hakimiyyətinin qaba və quru həyat tərziilə səciyyələnən başlanğıc dövrünə təsadüf edən belə bir cəmiyyətdə fərdin həyati dəyərləri yalnız iqtisadi, hərbi və maddi meyarlarla ölçülür və qiymətləndirilirdi. Başqa sözlə desək, belə bir cəmiyyətdə hər hansı bir fərd yalnız bir şərtlə şəxsiyyət sayılır və hörmət qazanırdı ki, hər hansı bir iş görməyə, çalışmağa, dolanacaq əldə etməyə qadir olsun. Yəni bir şəxs əgər at çapmağı, meydanda vuruşmağı, çapıb-talamağı bacarırdısa, o, başqa qəbilələrlə birgə keçirilən döyüş, vuruş, güləşmə yarışlarında iştirak edə bilər və məntəqədə nüfuz qazanmaqda, maddi gəlir əldə etməkdə, döyüş qənimətləri ələ keçirməkdə, düşmənləri, qulları və kənizləri əsir almaqda mühüm rol oynaya bilərdi.
Beləliklə, qadınların cəmiyyəti bütün bu imtiyazlardan bəhrələnmədiyi üçün, eləcə də təbii keyfiyyətlərinə, cismani xüsusiyyətlərinə görə bu işlərdə iştirak edə bilməzdi, deməli, "oyundan kənarda” – pərdə arxasında qalırdı. Bütün bu xüsusi meyarlara əsasən "qadın” heç bir ictimai dəyəri və insani şəxsiyyəti olmayan fərd sayılırdı. Ona görə də, qadınların cəmiyyəti düşkünlük və puçluğa, bir sözlə, bir təbəqə kimi edama məhkum idi. Quranın təbirincə desək, "mövudə” idi, yəni diri ikən qəbirə qoyulmağa "layiq görülən” idi. Cahiliyyə cəmiyyətinin kişiləri qız uşağı doğulmasını özləri üçün elə böyük bir ar sayırdılar ki, bu ar ləkəsini yumaq üçün yeni doğulmuş qızı dərhal öz əlləri ilə bir çalada dəfn edir və "qız doğmuş” arvada çox həqarətlə baxır, bəzən onu evdən qovurdular.
Bir ərəb şairi bu barədə belə yazır:
"Qızı olan hər ata onu diri saxlamaq istəsə və əgər (gələcək) kürəkən xəyalına düşsə, onda onun üç kürəkəni olacaq: biri – qızı gizlədən ev, biri – onu saxlayacaq ər və üçüncüsü – onu örtəcək qəbir. Bu kürəkənlərdən ən yaxşısı həmin o qəbirdir.”
İslamdan qabaqkı dövrdə qadın və qızın acınacaqlı və dərdli taleyini, onun cəmiyyətdəki mövqeyini və dəyərini təsvir edən bu kimi şerlər ərəblərin cahiliyyə dövrünün ədəbiyyatında çoxdur. Bütün bunlar göstərir ki, İslam inqilabı və inqilabi İslam qadına necə münasibət bəsləmiş və insan tərbiyələndirən hərəkəti və bərəkətli məktəbi ilə qadın varlığını necə öz həqiqi mahiyyət və vəzifəsinə qaytarmış, onu əsl bəşəri gövhəri ilə zəngin etmişdir.
Nəzərə almaq lazımdır ki, bu cür çirkin və qeyri-bəşəri adətlərlə yaşayan, qızlarını diri-diri torpağa basdıran, belə bir adətdən əsla əl çəkmək istəməyən ərəblərin arasında İslam Peyğəmbəri (s) də yaşayırdı. Və o Həzrət qız sahibi oldu. O qız Fatimeyi-Zəhra (ə) idi. Allahın kəramətli elçisi (s) onu özünün mehriban ətəyində oturtdu, lütf və mərhəmətli əli ilə başını sığalladı, mehribanlıq və məhəbbətlə yanağından öpdü və əziz canı kimi istəklə saxladı. Bununla da o zamankı ərəblərə (eləcə də bütün zamanların və məkanların insanlarına) öyrətdi ki, qızı necə saxlamaq lazımdır. Allahın belə bir ailə ocağında varlıq çırağını yandırdığı belə bir qız üçün belə bir Ata gərək idi...
Peyğəmbər (s) qızının əziz varlığı ilə bəzənən, işıq saçan qadınlar cəmiyyətindəki inqilabi dəyişikliklərin başlanğıcı da elə budur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər