Həsənat səhifəsi boşdur |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 29-09-2015, 22:39 | Şərh sayı: (0) | Baxılıb: 481
Həsənat səhifəsi boşdur
Bir nəfər elm əhli dedi: Bir gecə öz haqqımda fikirləşirdim ki, əgər ölümüm çatsa necə olacağam, nicat və Cənnət əhli olacağam, yoxsa Cəhənnəm əhli? öz-özümə deyirdim: Məni Cənnətlik edəcək xatircəm olduğum bir əməlim yoxdur. Yalnız imanım və Əhli-beytin məhəbbəti qəlbimdə vardır. İman və Əhli-beytin məhəbbəti nicat tapmağıma, Cənnətə daxil olmağıma səbəb olsa da, bəs hədsiz günahlarımla nə edəcəyəm? Allah-Taala bağışlamasa, Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm və onun Əhli-beyti şəfaət etməsə, günahlarımın əzabı çox çətin olacaq.
Bu qəm-qüssədə idim. Məni yuxu apardı. özümü vəhşətli bir səhrada yalqız gördüm. Üryan idim. Yalnız göbəyimdən ayaqlarımın üstünə qədər özümü bükmüşdüm. Bədənim çibana oxşar qara dənələrlə və yanıqla dolu idi. Məkanın vəhşəti və eybəcərliyi məni olduqca biçarə etmişdi. Birdən bir nəfər aşkar oldu. O dedi: Qiyamət bərpa oldu. Səni hesaba çəkmək üçün çağırırlar. Sonra məni apardı. Başqa bir nəfər gəlib dedi: "Səni oda atmağa məmur olmuşam.” O iki məmurun şiddətli həmkarlığı ilə sol tərəfə gedirdim. Onlara dedim: "Məni Allahın Rəsulunun və İmamların yanına aparın.” Dedilər: "Bizim icazəmiz yoxdur.”
Sonra birdən gördüm ki, sağ tərəfdən Rəsuli Əkrəm və Əmirəl-Möminin Əli əleyhis-salam oturublar. Onların yanında üç nəfər də vardır. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm işarə edərək məni tələb etdi. Elə ki, o Həzrətə yetişdim, xəcalətin şiddətindən, çılpaqlığımdan, bədənimin rüsvayçılığından və oda Cəhənnəmə məhkum olmağımdan başımı aşağı salıb, salam verdim. Allahın Rəsulu mənim nameyi-əməlimi istədi. Yaxşılıqlarım olan səhifədə bir sətir yazılmışdı:
"İman və Əhli-beytin məhəbbəti”.
Daha orada başqa yaxşılıqlar yox idi. Lakin pisliklərim olan səhifə pozuldu və yaxşılıqarım olan səhifə yazı ilə doldu. Xülasə, Rəsuli Əkrəm əmr etdi ki, məni Cənnətə aparsınlar. Cənnətdə olan bir çayda qüsl etdim, bədənimin bütün çirkinlikləri pak oldu. Cənnət paltarlarından geydim və Cənnət meyvələrindən yedim.
Bu dastanı nəql etməkdən məqsədim ilahi lütfün bir nümunəsini bəyan etmək idi. Allah-Taala öz bəndələrinə ölməmişdən əvvəl batini və bərzəxi sifətlərini göstərir, təki özlərini islah edib hazırlasınlar. Tövbə suyu ilə öz çirkinliklərin yusunlar. Yalnız şəfaətə arxalanmasınlar. Şəfaətə çatana qədər dəfələrlə çətinliyə və təzyiqə düşməklərini bilsinlər.
Allah-Taalanın əzəməti, böyüklüyü, intiqam alması, şiddətli əzabı, əzab edənlərin ən əzab edəni, Qurani-Məcidin bəyan etdiyinə əsasən qahiriyyəti və əzabının möhkəm olması haqqında fikirləşmək qorxunu yaradan səbəblərdən biridir.
Doğrudan da insan nə qədər Allahı yaxşı və çox tanısa, bir o qədər xəşyəti və qorxusu çoxalar.
Hətta bu cür Allah tanımaq bir həddə çatır ki, insanın həlak olmasına səbəb olur. Sübhanəllah! Kitablarda qorxulu ayələrin vasitəsilə tamamilə dəyişənlər haqqında yazıblar. Mənsur Əmmar deyir: Bir məsciddə idim. Gördüm bir cavan namaz qılır. Başa düşdüm ki, hal əhlidir. Onun yanına gedib dedim: Ey cavan, Cəhənnəmdə "Ləzy” adında bir səhranın olmasını bilirsənmi?
Cavan bir nərə çəkdi və huşu başından getdi. Elə ki, huşa gəldi mənə dedi: Yenə də de! Dedim:
"Ey iman gətirənlər, özünüzü və əhlinizi elə bir oddan qoruyun ki, onun odunları insanlar və daşlardır, onun üzərində qəliz və şiddətli mələklər vardır.” Cavan bunu eşidərək elə bir nərə çəkdi ki, canını Haqqa tapşırdı Sonra onu aparmağa gəldilər. Ona qüsl verəndə gördüm ki, qüdrət qələmi ilə onun sinəsində yazılıbdır: həyatdadır, ali cənnətdə.”
Sonra isə onu yuxuda gördüm. Ona dedim: Allah-Taala sənə hansı dərəcəni verdi?
O, dedi: Allah-Taala məni şəhidlərdən də yuxarı apardı.
Dedim: Necə?
Şəhidlər kafirlərin qılıncları ilə dünyadan köçürlər, mən isə Cəbbar Allahın qılıncı ilə.Əgər Quranın ayələri bizə azacıq təsir etsə çox yaxşı olar. Allah eləsin ki, qorxu atəşi qəlblərdə yaransın, təki şəhvətlər və dünya məhəbbəti qəlblərdən çıxsın. Peyğəmbərlər və İmamlar qorxu ölçüsüdür. Hər kəs müraciət etsə başa düşər ki, Əhli-beytdə olan qorxunu başqalarının qorxusu ilə müqayisə etmək mümkün deyil. Bilmirəm, niyə biz bu qədər qəflətdəyik?
Şeyx Şüştəri demişkən, şeytan bizim qulağımıza nə oxuyubdur ki, bu qədər qəflətdəyik? Qorxu saleh, pak adamların xasiyyətidir. Qorxu və ümid olsa, iman da olar. Hər kəsi ki, görsəniz günahdan qaçır, bilin ki, qorxu və xovf əhlidir. Hər kəs şövqlə yaxşı əməllərə doğru gedirsə-ümid əhlidir.
Bizim kimilərin qorxu mənbəsi, əimmə əleyhimussalam qorxu mənbəyi ilə fərqlidir. İmamların qorxu mənbəyi, günahsız olmaqları ilə yanaşı, məhcuriyyət qorxusudur. Onlar qorxurlar ki, öz məqamlarına çata bilməsinlər, öz məqamlarından aşağı ensinlər. Onlar Allahın ədalətindən qorxurlar. Onlar qorxurlar ki, layiqincə bəndəçilik və Allaha şükr etməyin öhdəsindən gələ bilməyələr.
Ənəs deyir: Mədinənin küçələrində Rəsuli Əkrəm ilə gedirdim. Birdən gözlənilmədən o Həzrətin halı dəyişdi, az qaldı yerə yıxılsın. Başını yuxarı qaldıraraq dedi: "Pərvərdigara! Məni bir qırpım göz qədər də öz nəfsimin ümidinə qoyma!”
Sonra Həzrət mənə buyurdu: "Allah-Taala Yunis əleyhis-salamı bir an öz başına buraxdı və o da giriftarçılığa düçar oldu.”
Onların münacat və dualardakı nalələri, fəryadları elə buna görədir.
Bizim qorxumuzun mənbəsi kiçik və böyük günahlardır. Bizim eşitdiklərimizi imamlar görürlər, Cəhənnəmin nə”rəsini eşidirlər. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm buyurdu: "Cəhənnəm nə”rə çəkən vaxt, əgər Allahın əmri olsa, məhşər əhlinin hamısını udar.”
Bu barədə hədis çoxdur. Burada da yalnız bir hədisi qeyd edirəm. Hədisin məzmununun xülasəsini deyirəm. Aşağıdakı ayə
"Cəhənnəm kafirlər və müşriklər üçün və”də verilən yerdir. Onun yeddi qapısı vardır. Hər qapı bir dəstəyə məxsusdur.”
nazil olandan sonra Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-in halı dəyişdi və şiddətlə ağladı. Peyğəmbərin dostları da ağladı. Amma bilmirdilər hansı ayə nazil olubdur. Onların heç biri o Həzrətin ağlamağının səbəbini soruşa bilmirdilər. Həzrəti Salman dedi: Həzrəti Zəhranın gəlib soruşmağından başqa heç bir çarə yoxdur. Həzrəti Zəhra əleyha salam-ın yanına gəlib ərz etdi: Ey Peyğəmbərin qızı! Atanın halı dəyişib, gəl soruş, gör nə olubdur?
Zəhra çadrasını başına atdı. Salman deyir ki, gördüm ki, Zəhranın çadrasında on iki yamaq vardır. Salman ağlayaraq dedi: Kəsra və Qeysərin qızlarının paltarları hərir, ipək və sündüsdür. Amma Peyğəmbərlərin ağasının qızının paltarı bu cürdür. Bu məsələni Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-ə ərz edəndən sonra Fatimə əleyha salam buyurdu: Beş ildir ki, mənim və Əli əleyhis-salamın yalnız bir qoyun dərisi varımızdır. Gündüzlər onun üstündə dəvəyə ot verir, gecələr isə onun üstündə yatırıq. Balışımız da xurma lifindəndir. Sonra Fatimə əleyha salam Cəbrəilin hansı ayəni gətirdiyini əziz atasından soruşdu. Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm yuxarıdakı ayəni axıra qədər qiraət etdi. Fatimə Zəhra əleyha salam ayəni eşidəndən sonra üzü üstə yerə yıxıldı və buyurdu:
"Vay olsun, bir daha vay olsun o kəsə ki, cəhənnəmə daxil olar!”
Əshabın hamısı nalə çəkirdi. Əmirəl-Möminin Əli əleyhis-salam əlini başına qoyaraq qiyamət səfərinin uzun müddətindən, səfər azuqəsinin azlığından nalə edərək deyir:
O Həzrətin söhbətinin davamını "Biharül-ənvar”ın 10-cu cildində oxumaq olar.
"Kifayətül-müvəhhidin” kitabında rəvayətlərlə nəql olunur ki, Cəhənnəmin 1-ci təbəqəsinin əzabı qalan altı təbəqəsinin əzabından azdır. Onun birinci təbəqəsi axırıncı peyğəmbərin ümmətindən olan günahkarların yeridir. Həmin günahkarlar orada bir müddət qalandan sonra, Allah-Taala məsləhət bilsə, öz rəsulunun şəfaəti ilə oradan çıxıb Cənnətə gedəcəklər. Bu haqda həmin kitaba müraciət edə bilərsiz.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər