Dua etməkdən yorulmayaq. Ən kiçik hacətlərimizi də belə, Allaha bildirək |
Müəllif: Admin | Bölmə: Dualar | Vaxt: 16-05-2016, 01:43 | Şərh sayı: (0) | Baxılıb: 503
Dua etməkdən yorulmayaq. Ən kiçik hacətlərimizi də belə, Allaha bildirək
Allah Təala rəhim və rəhmandır. Rəhməti həm müsəlmanlara və həm də kafirlərə şamildir. Rəhim sifəti isə ancaq möminlərə aiddir.
Allah Təala bu dünyada möminlərdən çox kafirlərə dünya ləzzətlərindən bəhrələnmək üçün fürsət vermişdir. Bu yolla küfrünü artırıb, cəhənnəmə layiq olurlar. Eyni zamanda möminlərə çətinlik göndərərərk imtahana çəkər ki, onların behiştdəki məqamını yüksəltsin.
İmam Əli (ə) həmişə dünyanı çəyirtkənin ağzında çeynədiyi şeydən də dəyərsiz hesab etmişdir. O, buyurur: “Ey möminlər! Bilin və yəqin edin ki, dünya fani və keçicidir. Məbada onun tez keçən ləzzətlərindən istifadə etmək üçün özünüzü günaha salasınız”.
Allah Təala “Həmd” surəsində buyurur: “Cəza gününün sahib və hökmdarına”. (“Fatihə” 4). Allah Təala bu ayədə bildirir ki, məbada Məndən qafil olasan, çünki səfərinin sonu Mənə qayıtmaqdır. Bununla yanaşı, Allah bu surədə bizə öyrədir ki, Ona necə dua edək. Yəni deyək ki: “(Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik”. (“Fatihə” 5). Bu ayə insan taleyini həll edən məsələyə toxunur. Belə ki, Allah bu ayəni nazil edərək bizlərə bildirmək istəyir ki, ey insan! Əgər həyatının sakit və gözəl olmasını istəyirsənsə, ancaq Mənə etimad et və ancaq Mənə təvəkkül et. Bunun üçün də əlini dua üçün qaldır.
Ona görə də hər kim həyatının yaxşı və gözəl olmasını istəyirsə, dua etməlidir. Bəs Allahdan nə istəməliyik? “Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et! (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin - (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!” (“Fatihə” 6-7). Heç bir şey dua qədər insanı Allaha yaxınlaşdırmaz.
Dua etmək bu deyildir ki, kitabı götürüb “Kumeyl”, “Təvəssül”, “Aşura”, “Nüdbə” dualarını oxuyaq. Xeyr, insan fəqət desə ki, “Allahım, məni unutma!” - dua etmək üçün kifayətdir.
Ey mömin! Demə ki, filan cümlə dua etmək üçün kiçikdir. Bəlkə hacətinizi dilinizə gətirsəniz, kiçik və ya böyük olsa da, Allah onu qəbul edər. Həzrət Peyğəmbər (s) buyurur: “Məgər istəmirsənmi ki, Allah çətinliklərində duanı qəbul etsin? O zaman ki, çətinliyin yoxdur, əlini dua üçün aç və Allahdan hacətlərini istə, hətta kiçik olsa belə”.
Həzrət (s) başqa yerdə buyurur: “Bilirsinizmi ki, hansı dualarınız yerinə yetər? Həmin o dualar ki, bir-birinizin arxasından (bir-biriniz üçün) edirsiniz. Bəs bilirsinizmi ki, nə zaman dualarınız təsir qoyar? O zaman ki, qəlbiniz sınmışdır”.
İmam Sadiq (ə) buyurur: “Bilirsinizmi ki, niyə bəzi dualarınız qəbul olmur? Çünki boynunuzda haqqun-nas vardır”. Həzrət (ə) başqa yerdə buyurur: “Allah Təala mələklərinə buyurur: “Ey mələklər! Bu bəndənin duasını hələ yerinə yetirməyin. Çünki istəyirəm ki, bu bəndə Mənim dərgahımda ah və nalə etsin. Çünki Mən bu bəndəmin səsini sevirəm”.
Belə isə, dua etməkdən yorulmayaq və ən kiçik hacətlərimizi belə Uca Allaha bildirək.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər